Naxçıvanda Birinci Beynəlxalq Tibb Forumu keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasında Birinci Beynəlxalq Tibb Forumu keçirilib.
Forumun açılış tədbirində əvvəlcə Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Gəray Gəraybəyli, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru Əziz Əliyev, Endoskopik Laparoskopik Cərrahiyyə Dərnəyinin fəxri sədri Cavid Avcı, Türkiyənin Yeditəpə Universitetinin rektoru Canan Aykut Bingöl, Qaradəniz Texniki Universitetinin rektoru Hamdullah Çuvalcı və forum iştirakçıları tibbi avadanlıqların və əczaçılıq məhsullarının sərgisinə baxıblar. Bildirilib ki, foruma 20-dən çox tədris və tibbi ləvazimat, dərman və qida məhsulları istehsalı və satışı həyata keçirən şirkət qatılıb.
Açılış tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Birinci Beynəlxalq Tibb Forumunun iştirakçılarını qədim Azərbaycan torpağı Naxçıvanda salamlayaraq deyib ki, sağlam cəmiyyətin formalaşmasında səhiyyənin mühüm rolu vardır, ona görə tarixən tibb elminə, həkimlik sənətinə qayğı insanlığa qayğı kimi dəyərləndirilib. Müasir dövrdə ölkələrin inkişafında əhalinin sağlamlıq səviyyəsi və tibbi xidmətlə təminat əsas göstərici hesab olunur. Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyi dövründə bu məsələni daim diqqətdə saxlayıb, Azərbaycanda səhiyyə quruculuğu geniş vüsət alıb. Ulu öndərin əsasını qoyduğu səhiyyə islahatları ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunmasını və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasını sosial-iqtisadi islahatların başlıca istiqaməti adlandıran Ali Məclisin Sədri deyib ki, müstəqillik illərində burada 200-dən artıq səhiyyə müəssisəsi tikilib, ən son tibbi avadanlıqlar quraşdırılıb. Müasir tələblər səviyyəsində qurulmuş xəstəxanalar muxtar respublika səhiyyəsini yeni inkişaf mərhələsinə çıxarıb. Görülən işlər nəticəsində bölgədə insan sağlamlığının başlıca şərti olan sanitar-epidemioloji vəziyyət sabitdir.
Ali Məclisin Sədri həmçinin muxtar respublikada səhiyyənin inkişafı üçün orta ixtisas və ali təhsilli kadr hazırlığından danışıb. Bildirib ki, 1999-cu ildə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin fəaliyyətə başlaması və ötən dövrdə keçdiyi böyük yol muxtar respublikada ixtisaslı həkim hazırlığı sahəsində mühüm mərhələdir. Naxçıvan Tibb Kollecində də müxtəlif ixtisaslar üzrə orta tibb işçiləri hazırlanır. Naxçıvanda icbari tibbi sığortaya keçid də əhalinin keyfiyyətli tibbi xidmətlərlə təminatına töhfə verir.
Vasif Talıbov Naxçıvanda keçirilən Birinci Beynəlxalq Tibb Forumunun faydalı olacağına inamını ifadə edib, forumun işinə uğurlar arzulayıb.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında deyib ki, tibbi forumun Naxçıvan Muxtar Respublikasında keçirilməsi uzun illər ərzində qurulan müasir səhiyyə infrastrukturu və tibb təhsilinin keçdiyi inkişaf yolunun uğurlu yekunu kimi yüksək əhəmiyyətə malikdir. Naxçıvan Dövlət Universitetində təhsil və elmi tədqiqat işlərinin səviyyəsinin daha da yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində çoxşaxəli tədbirlərdən danışan rektor bildirib ki, forum çərçivəsində ATU-nun və xaricdən gələn həkim-mütəxəssislərin iştirakı ilə xəstələrin konsultativ müayinə, əməliyyat və müalicələrinin keçirilməsi də planlaşdırılıb.
Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli qalib xalqın nümayəndələri kimi ulu öndər Heydər Əliyevin Vətəni Naxçıvanda belə bir forumda iştirakın qürurverici olduğunu deyib. O, ATU-nun inkişafından, onun maddi-texniki bazasının qurulmasında, yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasında ümummilli liderin rolundan, bu gün ulu öndərin siyasətinin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb. Bildirib ki, ATU-da kafedra və bölmələrin müasir avadanlıqlarla təchiz edilməsi ali tibb təhsilinə ölkə Prezidentinin qayğısının bariz nümunəsidir. Hazırda ATU bölgəmizin qabaqcıl tədris müəssisələrindən biridir. Dünyanın 20 ölkəsindən 80-ə yaxın elm və təhsil qurumları ilə hərtərəfli əməkdaşlıq edən universitet Naxçıvan Dövlət Universiteti ilə də anlaşma memorandumu imzalayıb. Rektor vurğulayıb ki, forumun iştirakçıları və mövzuların müxtəlifliyi təbabətin aktual problemlərinin həlli yolunda yüksək səviyyədə müzakirələrin aparılmasına imkan yaradacaq.
Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru Əziz Əliyev bildirib ki, Azərbaycanda tibb təhsilinin təkmilləşdirilməsi üçün dünyanın nüfuzlu təhsil mərkəzləri ilə əlaqələrin genişləndirilməsi məqsədilə 2015-ci ildə Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı yaradılıb. Universitetdə professor və müəllimlər tərəfindən tədris iki istiqamətdə - Müalicə işi ixtisası və Əczaçılıq sənayesi üzrə aparılır. Rektor deyib ki, bu forum həkimlərimiz üçün mühüm rol oynayacaq, onlara müasir müalicə protokolları ilə tanış olmağa və həmkarları ilə təcrübə mübadiləsi aparmağa imkan verəcək.
Endoskopik Laparoskopik Cərrahiyyə Dərnəyinin fəxri sədri Cavid Avcı təmsil etdiyi dərnəyin fəaliyyəti barədə danışıb, beynəlxalq səviyyədə həyata keçirdikləri layihələrdən bəhs edib. Qeyd olunub ki, Dərnək 20 ildən artıqdır, Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlıq edir. Forumdan sonra yeni əməkdaşlıq istiqamətlərinin açılacağını bildirən Cavid Avcı Naxçıvan Dövlət Universiteti ilə də əlaqələr qurulacağını diqqətə çatdırıb.
Yeditəpə Universitetinin rektoru Canan Aykut Bingöl deyib ki, Naxçıvanda olmaq və tibbi forumda iştirak etmək bizim üçün çox əhəmiyyətlidir. Tibb ictimaiyyəti pandemiya dövründə elmi araşdırmaların, məlumat mübadiləsinin, təhsilin və texniki inkişafın vacibliyinin şahidi oldu. Forum da beynəlxalq səviyyədə çox faydalı müzakirələrin və elm mübadiləsinin aparılmasına vəsilə olacaq. Bu baxımdan, Yeditəpə Universiteti bütün istiqamətlərdə əməkdaşlığa hazırdır.
Qaradəniz Texniki Universitetinin rektoru Hamdullah Çuvalcı bildirib ki, bu Universitetlə Naxçıvan Dövlət Universiteti arasındakı əməkdaşlıq, bugünkü forumda iştirak gələcəkdə birgə layihələrin icrası üçün geniş imkanlar açır. Tibbin inkişafında əsas məsələlərdən biri də avadanlıq təminatıdır. Tibbi avadanlıqların istehsalı, bu sahədə yerli mütəxəssis hazırlığı qarşıda duran əsas vəzifələrdəndir. Rektor təmsil etdiyi universitetin tibbi avadanlıqların istehsalı ilə bağlı həyata keçirdiyi layihələrdən danışıb, forumun bu baxımdan əhəmiyyətini vurğulayıb.
Sonda Naxçıvanın tanıtım videoçarxı nümayiş olunub.