Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin II Beynəlxalq Elmi-Praktik Konqresi keçirilib
Heydər Əliyev Mərkəzində Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin II Beynəlxalq Elmi-Praktik Konqresinin açılış mərasimi keçirilib. Konqres Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin sədri professor Çingiz Rəhimov bildirib ki, Ulu Öndərin 100 illik yubileyinə həsr olunan konqres səhiyyə sahəsində keçirilən tədbirlər arasında ən irimiqyaslılardandır. Qeyd olunub ki, 30-dan çox ölkədən tanınmış məruzəçilərin qatıldığı tədbirin elmi proqramı ağız və üz-çənə cərrahiyyəsi ixtisası ilə yanaşı, qonşu peşə sahələrini də (stomatologiya, üzün plastik və rekonstruktiv cərrahiyyəsi, baş-boyun onkologiyası, otorinolarinqologiya və kosmetologiya) əhatə edir. Tədbirin məqsədinin bu sahədə tibbi xidmətin daha yüksək səviyyələrə qaldırılması üçün ən yeni texnologiyaların tətbiqinin müzakirəsi və təcrübə mübadiləsinin aparılması olduğunu vurğulayan Ç.Rəhimov qeyd edib ki, konqres “Əməkdaşlıq sərhədlərimizi genişləndirək” şüarı altında keçirilir.
Konqresdə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib ki, Azərbaycanda təbabətin aktual problemlərinə həsr olunan konqreslərin, konfransların, böyükmiqyaslı tədbirlərin keçirilməsi ənənəyə çevrilib. Həmin tədbirlərin təşkili dövlət səviyyəsində dəstəklənir.
Son iyirmi ildə ölkəmizdə 750-dən çox tibb müəssisəsinin inşa olunaraq, ən yüksək texnologiyalarla təchiz edilərək əhalinin istifadəsinə verildiyini diqqətə çatdıran komitə sədri əlavə edib: “Hazırda Azərbaycan səhiyyəsinin qarşısında duran ən mühüm məsələlərdən biri işğaldan azad olunmuş ərazilərdə viran edilmiş səhiyyə müəssisələrinin bərpasıdır. Bu istiqamətdə artıq uğurlu addımlar atılır. Qədim Şuşada çoxprofilli xəstəxana kompleksinin inşası bitmək üzrədir. Əminəm ki, xəstəxana yaxın vaxtlarda istifadəyə veriləcək”.
Səhiyyə nazirinin müavini Nadir Zeynalov Ulu Öndər Heydər Əliyevin səhiyyənin inkişafı üçün gördüyü işlərdən danışıb, onun əhalinin sağlamlığının mühafizəsinə, millətin genofondunun qorunmasına, gələcəyinin təmin edilməsinə diqqət və qayğısının sonsuz olduğunu qeyd edib.
Bildirilib ki, bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ulu Öndərin sosialyönümlü siyasət strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə səhiyyə sistemində aparılan əsaslı islahatlar, göstərilən diqqət və dəstək sayəsində bu sahədə bir çox irəliləyişlərə nail olunub.
Konqresdə çıxış edən digər qonaqlar tədbirin təcrübə və fikir mübadiləsi aparmaq üçün çox uğurlu platforma olduğunu qeyd edib, onun işinə uğurlar arzulayıblar.
Açılış mərasimi bədii hissə ilə yekunlaşıb. Sonra konqres öz işini elmi məruzələr və müzakirələrlə davam etdirib.