Azərbaycanın gənc oftalmoloqlarının konfransı və I Forumu keçirilib

Azərbaycanın gənc oftalmoloqlarının konfransı və I Forumu keçirilib

Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş XV Azərbaycan Gənc Oftalmoloqlar Konfransı (“GOK – 2023”) və Azərbaycan Gənc Oftalmoloqlarının I Forumu keçirilib.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən bildirildiyinə görə, iki gün davam edən və iki böyük tədbiri birləşdirən konfransın açılış mərasimində çıxış edən AOC Gənc Oftalmoloqlar Komitəsinin koordinatoru Emin Əlihüseynli komitənin təsis olunması, gənclərin komitənin işinə cəlb edilməsi, həmçinin gələcək planlar barədə iştirakçılara məlumat verib.
Sonra AOC Gənc Oftalmoloqlar Komitəsinin sədri, tibb üzrə fəlsəfə doktoru Mirana Mirişova çıxış edib.
Açılış mərasimində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri professor Elmar Qasımova “Gənc Oftalmoloqların Dostu” fəxri adının kuboku və diplomu təqdim edilib. Qeyd edək ki, bu fəxri ad ildə bir dəfə ölkəmizdə gənc oftalmoloqların inkişafına xüsusi diqqət və dəstək göstərmiş şəxslərə verilir.
XV Azərbaycan Gənc Oftalmoloqlar Konfransında müasir oftalmologiyanın müxtəlif subixtisaslarını əhatə edən məruzələr təqdim olunub. Belə ki, gənc mütəxəssislər buynuz qişa, katarakta və refraksion cərrahiyyə, okuloplastika, okulyar travmatologiya, okulyar onkologiya, neyrooftalmologiya, tibbi və cərrahi retina, pediatrik oftalmologiya və çəpgözlük, optika və refraksiya, okulyar infeksiyalar, həmçinin uveitlərə dair elmi yenilikləri ehtiva edən təqdimatlar ediblər. Konfransda gənc oftalmoloqlarla yanaşı, oftalmologiya üzrə rezidentlər də fəallıq nümayiş etdiriblər. Həmçinin konfransa “Zoom” vasitəsilə qoşulan Türkiyə, Rusiya, İtaliya, San-Marino, Hindistan və Honq-Konqdan olan mütəxəssislərin məruzələri dinlənilib.
Tədbirin ikinci günündə Azərbaycan Gənc Oftalmoloqlarının I Forumu keçirilib. İlk dəfə belə formatda təşkil edilən tədbirin əsas məqsədi gənc mütəxəssislərin qarşılaşdığı problemləri dinləmək, beynəlxalq oftalmoloji aləmdə gənclərin professional inkişafına yönəlmiş faydalı resursları onların diqqətinə çatdırmaq, praktik oftalmologiyada kövrək addımlarını atan gənc oftalmoloqlara bu sahədə artıq sözünü demiş, müəyyən bilik və təcrübəyə malik mütəxəssislərlə fikir mübadiləsi aparmaq üçün şəraitin yaradılmasından ibarət olub.
Forum Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, professor Elmar Qasımovun dəstəyi ilə təşkil edilib.
“Gənc oftalmoloqların professional inkişafında perspektivlər, beynəlxalq resurslar, problemlər və həll yollarının axtarışı” mövzusunda keçirilən tədbirdə gənc oftalmoloqların diqqətini cəlb edən müxtəlif mövzulara dair çıxışlar təqdim olunub.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova