Teymur Musayev: "Elektron reseptlərin tətbiqinə başlanılıb"
Səhiyyə naziri Teymur Musayev jurnalistlərin ünvanladığı bir sıra suallara açıqlama verib.
Teymur Musayev bildirib ki, “Dərman vasitələri haqqında” Qanunun tətbiqi ilə bağlı dərman vasitələrinə dair xüsusi qaydalar hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub. Yeni qaydaların müasir tələblərə cavab verdiyini söyləyən nazir onu da vurğulayıb ki, bu qaydaların tətbiqi nəticəsində ölkəyə yüksəkkeyfiyyətli dərmanların gətirilməsi asanlaşacaq.
Səhiyyə naziri həmçinin məlumat verib ki, artıq elektron resept sistemi hazırdır: “İndi bir neçə xəstəxanada və ambulator tipli məntəqələrdə pilot layihə şəklində elektron reseptlərin tətbiqinə başlanılıb. Gələn il yanvarın 1-dən elektron reseptlər bütün ölkə ərazisində tətbiq olunacaq. Bununla bağlı bu ilin dekabr ayında geniş tədbir keçiriləcək. Orada istər tibb işçiləri, istər vətəndaşlar, istərsə də əczaçılar üçün elektron reseptlərin faydası izah olunacaq".
Ölkədə epidemioloji vəziyyətlə bağlı açıqlama verən Teymur Musayev deyib ki, hazırda Azərbaycanda yoluxucu xəstəliklərlə bağlı vəziyyət nəzarət altındadır. Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkədə uşaqlar arasında 11 yoluxucu xəstəlik üzrə peyvəndləmə aparıldığını söyləyən nazir bu işin ildən-ilə təkmilləşdirildiyini, ölkəyə müasir vaksinlər gətirildiyini bildirib: “O cümlədən mövsümi qriplər əleyhinə vaksinləri gələn həftədən etibarən ambulator tipli ilkin səhiyyə xidmətləri göstərən bütün müəssisələrdə əldə etmək mümkün olacaq. Vaksinlər böyüklər və 2 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub".