Akademik Mustafa Topçubaşovun 130 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Akademik Mustafa Topçubaşovun 130 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Səhiyyə Nazirliyi və nazirliyin Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli cərrah-alim, ictimai və dövlət xadimi Mustafa bəy Ağabəy oğlu Topçubaşovun 130 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib.
Nazirliyin mətbuat xidməti xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Aparatının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Səhiyyə Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbər şəxsləri, həmçinin Azərbaycan, Türkiyə və Gürcüstanın tanınmış alimləri iştirak ediblər.
Konfransın əvvəlində Dövlət Himni səsləndirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən səhiyyə naziri Teymur Musayev elmi-praktik konfransın Prezident İlham Əliyevin “Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələr çərçivəsində təşkil olunduğunu vurğulayıb, Azərbaycan Prezidentinin bu Sərəncamının Topçubaşovun Azərbaycan tarixindəki müstəsna yerini təsdiq etdiyini deyib. Nazirin sözlərinə görə, görkəmli alimin elmi dühası geniş spektrli, çoxsahəlidir: “Akademik Mustafa Topçubaşov adı təkcə öz dövrünün deyil, bütünlükdə Azərbaycan səhiyyə və tibb elminin tarixində əbədi həkk olunmuş alimdir”.
Görkəmli alimin beynəlxalq miqyasda qazandığı nailiyyətləri xüsusilə vurğulayan nazir bildirib ki, o, cərrahların Lissabonda keçirilən XI Beynəlxalq Konqresində Beynəlxalq Cərrahlar Assosiasiyasının üzvü seçilib: “Bu da görkəmli alimin simasında dünya miqyasında Azərbaycan cərrahlıq elminə verilən yüksək dəyərdir".

Diqqətə çatdırılıb ki, akademik Mustafa Topçubaşovun "Analgezin" adlı ağrıkəsicini kəşf etməsi İkinci Dünya müharibəsi illərində əvəzsiz xidmət olub. Hətta tanınmış sovet akademiki Pyotr Kupriyanov bu kəşfi "Bakı neftinin müharibədə tanklara verdiyi töhfəyə" bənzədib.
Teymur Musayev böyük alimin irsinin bu gün də öz aktuallığını qoruduğunu deyib: "Akademik Mustafa Topçubaşovun ömür yolu bu gün cərrahiyyə elmini özünə həyat yolu seçən gənc nəsil üçün böyük alimlik və insanlıq məktəbidir".
Xalqımızın görkəmli akademikin xatirəsini daim yaşatdığını, onun dövlətimiz tərəfindən əbədiləşdirildiyini xatırladan səhiyyə naziri onun adını daşıyan Elmi Cərrahiyyə Mərkəzinin açılışının Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə baş tutduğunu qeyd edib, mərkəzin hazırda bu yüksək etimada layiq səviyyədə fəaliyyətini davam etdirdiyini vurğulayıb.
AMEA-nın prezidenti İsa Həbibbəyli çıxışında deyib ki, Mustafa Topçubaşovun yaratdığı elmi məktəb onun yetirmələrinin cərrahiyyənin təməl biliklərinə mükəmməl bələd olmaları, təbabətdə mühüm yeniliklərə imza atmaları ilə əlamətdardır. Mustafa Topçubaşovun Azərbaycan Milli Elmlər Akademiyasının 15 təsisçisindən biri olduğunu xatırladan İsa Həbibbəyli görkəmli alimlə bağlı xatirələrini bölüşüb, onun hər zaman gənclərə istiqamət verərək onların elmə yönəlməsində xüsusi səy göstərdiyini deyib.
Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf Ağayev görkəmli alimin elmi-pedaqoji və kadr hazırlığında, həmçinin ictimai-siyasi fəaliyyətində tarixi xidmətləri barədə məlumat verib: “Həm həkim, həm də alim kimi Mustafa Topçubaşovun irsi Azərbaycan səhiyyəsinin, xüsusən də cərrahiyyəsinin formalaşmasında əvəzsiz rol oynayıb”.

Avrasiya Cərrah və Qastroenteroloqlar Assosiasiyasının sədri Yasemin Balaban çıxış edərək, akademik Mustafa Topçubaşovun cərrahiyyədə, ümumiyyətlə, təbabətdə, elmdə və kadr hazırlığındakı tarixi xidmətlərindən danışıb.
Mərkəzi Klinikanın baş direktorunun müavini Ceyhun Topçubaşov alimin ailəsi adından çıxış edərək, onun xatirəsinə göstərilən ehtirama görə dövlət başçısına, həmçinin tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Sonra akademik Mustafa Topçubaşova həsr edilmiş sənədli film nümayiş olunub.
Beynəlxalq elmi-praktik konfrans öz işini panel sessiyalarla davam etdirib. Sessiyalarda Azərbaycan, Türkiyə və Gürcüstanın tanınmış alimləri “Birincili sklerozan xolangit və birincili biliar xolangit”, “Laparoskopik cərrahiyyə və stepler texnologiyasının fəsadları”, “Kəskin nəfəs yolları pozulması sindromunun diaqnostikası, profilaktika və müalicə prinsipləri”, “Kolorektal anastomozlarda tutmazlığın profilaktikası” və digər məruzələrlə çıxış ediblər.


Xəbəri paylaş




Sentyabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova