Səhiyyə naziri Teymur Musayev: Azərbaycanda səhiyyə islahatları milli standartlardan beynəlxalq standartlara keçidə yönəlib

Səhiyyə naziri Teymur Musayev: Azərbaycanda səhiyyə islahatları milli standartlardan beynəlxalq standartlara keçidə yönəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilib. İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı, Avropa Evi – “Ambrosetti”nin (TEHA) strateji tərəfdaşlığı, həmçinin “Euronews” və “Sea Breeze”in media və təşkilati dəstəyi ilə keçirilən forumda dövlət rəsmiləri, biznes liderləri və beynəlxalq investorlar iştirak ediblər.
Tədbir çərçivəsində plenar iclaslar, institusional və panel sessiyalar, tematik müzakirələr, ölkəmizin investisiya imkanları və potensialına dair sərgi keçirilib.
İki gün davam edən forumda enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, rəqəmsal inkişaf, səhiyyə və daşınmaz əmlak sahələrində regional əməkdaşlıq və investisiya perspektivləri müzakirə olunub.
azpromo.az saytının verdiyi məlumata görə, I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “"Sea Breeze Health Valley": Azərbaycanın tibbi mükəmməlliyə qlobal qapısı” mövzusunda panel sessiya keçirilib.
Sessiyada Azərbaycanın regional tibbi xidmətlər, əczaçılıq və biotexnologiya istehsalı, rəqəmsal səhiyyə həlləri üzrə mərkəzə çevrilməsi imkanları müzakirə olunub.
McK Partners şirkətinin tərəfdaşı Moniş Aroranın moderatorluğu ilə keçirilən panel sessiyasında Azərbaycan səhiyyə naziri Teymur Musayev çıxış edib.
Ölkəmizdə səhiyyənin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edən nazir bildirib ki, son illərdə icbari tibbi sığortanın tətbiqi, tibb müəssisələrinin modernləşdirilməsi, rəqəmsal texnologiyaların səhiyyə sisteminə inteqrasiyası və insan kapitalına yönəlik islahatlar əhalinin sağlamlıq xidmətlərinə əlçatanlığını və keyfiyyətini əhəmiyyətli dərəcədə artırıb.
AZƏRTAC xəbər verir ki, səhiyyə naziri çıxışında Azərbaycanın təbabətin müxtəlif sahələrində xəstələr üçün bütün mümkün imkanların yaradılması istiqamətində addımlar atdığını deyib. Ölkəmizdə səhiyyə sahəsində islahatlar aparıldığını xatırladan Teymur Musayev onların məqsədinin milli standartlardan beynəlxalq standartlara keçmək olduğunu söyləyib: “Səhiyyənin inkişafı üçün ilk növbədə infrastruktur lazımdır. Bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük irəliləyişə nail olunub”.

Nazir bildirib ki, burada dayanıqlılıq üçün infrastruktur və qlobal inteqrasiya önəmlidir: “Beynəlxalq standartların qorunmasına gəlincə, burada qaydalara riayət etməliyik. Tibb müəssisələri beynəlxalq akkreditasiya almalıdır. Bütün tibb müəssisələrinin JCI, ISQUA kimi beynəlxalq tanınmış təşkilatlar tərəfindən akkreditasiyaya alınması məqəsədəuyğun hesab edilir. Bu, göstərilən tibbi xidmətlərin ən yüksək standartlarının sübutu, həm də layihənin davamlılığının və rəqabət qabiliyyətinin zəmanətidir”, - deyə nazir vurğulayıb.
Teymur Musayev qeyd edib ki, bu tədbirin beynəlxalq səviyyədə, yerli və xarici pasiyentlər üçün etibarlı məkan kimi tanıtdırdığı “Sea Breeze Health Valley” Azərbaycanın səhiyyəsinə yeni nəfəs verəcək: “Bu yalnız səhiyyə layihəsi deyil. Eyni zamanda, layihə bu sahənin inkişafının əsas sütununa çevriləcək və milli iqtisadiyyatın diversifikasiyasına töhfə verəcək. Bu layihə yeni səhiyyə iqtisadiyyatı və maliyyələşdirmə modelləri üçün əsas istiqamətlərdən biridir. Layihə tibbi turizm və elmi tədqiqatlar üzrə beynəlxalq mərkəz olmaqla yanaşı, regional tibb operatorlarını birləşdirəcək, yeni əməkdaşlıq imkanları yaradacaq”.
Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat verir ki, nazir çıxışında “Sea Breeze Health Valley” layihəsini tam dəstəkləyərək, onu “unikal bir təşəbbüs” adlandırıb, buna görə də qanunvericilikdə xüsusi yanaşma və normativ bazanın tətbiq edilə biləcəyini deyib: “Əks halda, onun həyata keçirilməsi gecikmələr riski daşıyır. Nazirlik olaraq, layihəni dəstəkləmək üçün xüsusi uyğunlaşdırılmış normativ yanaşma qəbul etməyə tam hazırıq”, - deyə Teymur Musayev əlavə edib. Nazir vurğulayıb ki, bu yanaşma layihənin sürətli və uğurlu həyata keçirilməsini təmin edəcək: “Nazirlik maraqlı tərəflərdən ibarət təşəbbüs qrupuna rəhbərlik edərək layihəyə tam dəstəyini bir daha təsdiqləyir”.
Müzakirələrdə "Sea Breeze Health Valley" layihəsinin Azərbaycanın səhiyyə sisteminin gücləndirilməsi, sosial xidmətlərin və infrastrukturun inkişafı istiqamətində rolu diqqət mərkəzində olub. Çıxışlarda Azərbaycanın regional tibbi xidmətlər, əczaçılıq və biotexnologiya istehsalı, rəqəmsal səhiyyə həlləri üzrə mərkəzə çevrilməsi imkanları vurğulanıb.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Dövlət Turizm Agentliyinin baş icraçı direktoru Florian Zenqstşmit, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin baş direktoru Zaur Əliyev, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin direktoru Vüqar Qurbanov, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun baş direktoru Yasin Cəlilov, "Sea Breeze Health Valley" layihəsinin rəhbəri Konstantin Qrinfeld, Sinqapurun "Don Agro International" şirkətinin baş icraçı direktoru Marat Devlet-Kildeyev, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Almaniyanın "Sana Hospital Group" şirkətinin direktoru Sven Heininger, "CaspiMayr" şirkətinin təsisçisi Həcər Cəfərova çıxışlarında dövlət strukturlarının, investorların və layihə rəhbərliyinin birgə əməkdaşlığı sayəsində beynəlxalq standartlara cavab verən tibbi klasterin yaradılması imkanlarına dair fikirlərini səsləndiriblər. Bildirilib ki, "Sea Breeze Health Valley" layihəsi ölkəmizin səhiyyə sisteminin modernləşdirilməsi, rəqəmsal tibbi xidmətlərin tətbiqi, əczaçılıq və biotexnologiya sahələrinin inkişafı baxımından mühüm addımdır.
I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel sessiyalarda bir sıra sənədlər imzalanıb. Bunların arasında təbabət sahəsinə aid olan sənədlər də var.
Tibbi turizm infrastrukturunun inkişafını nəzərdə tutan sənəd – “Tibbi turizmin inkişafı” və “Sea Breeze Health Valley” layihələri üzrə Əməkdaşlığa dair Anlaşma Memorandumu “Sea Breeze Resort”un təsisçisi və “Agalarov Development”in prezidenti Emin Ağalarov və “Sea Breeze Health Valley” şirkətinin rəhbəri Konstantin Qrinfeld tərəfindən imzalanıb.
Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) ilə “Sea Breeze Health Valley” (“Sea Breeze Resort”) arasında Potensial tibbi klaster layihələrinin birgə qiymətləndirilməsi üzrə Anlaşma Memorandumu tibbi klasterdə potensial layihələrin texniki-iqtisadi əsaslandırmasını nəzərdə tutur. Sənədi ABİF-in icraçı direktoru Yasin Cəlilov və “Sea Breeze Health Valley” şirkətinin rəhbəri Konstantin Qrinfeld imzalayıblar.
“Sea Breeze Resort”, “Sana Hospital Group” və “Don Agro International” arasında Əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Beynəlxalq çoxprofilli tibbi mərkəzin yaradılmasını nəzərdə tutan sənədi “Sea Breeze Health Valley”in rəhbəri Konstantin Qrinfeld, “Sana Hospital Group”un Beynəlxalq əlaqələr direktoru Sven Heininger və “Don Agro International”ın baş icraçı direktoru Marat Devlet-Kildeyev imzalayıblar.


Xəbəri paylaş




Sentyabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova