Xocalının qəhrəman həkimləri
Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.
Heydər Əliyev
Fransız jurnalisti Jan-İv Yunet Xocalı hadisələri haqqında belə yazıb: “Biz Xocalı faciəsinin şahidi olduq. Öldürülmüş yüzlərlə adamın – qadınların, uşaqların, qocaların və Xocalı müdafiəçilərinin meyitlərini gördük. Bu, çox dəhşətli vəziyyət idi. Mən müharibələr haqqında çox eşitmişəm, o cümlədən, alman faşistlərinin zülmkarlığı haqqında. Amma Xocalıdakı qəddarlıq bütün müharibələrdə olan faciələrin hamısını ötmüşdü. Onlar 5-6 yaşlı uşaqları, qocaları, qadınları vəhşicəsinə öldürmüş, yandırmış, gözlərini çıxartmış, başlarını kəsmişdilər. Biz öz gözümüzlə Xocalı faciəsində çoxlu yaralılar gördük. Həmin yaralılar xəstəxanalarda, uşaq bağçalarında, məktəblərdə yerləşdirilmişdi”.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində dislokasiya olunmuş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum ediblər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunub, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılıb. Az bir vaxt ərzində şəhərdə yanğın baş verib, o tamamilə alova bürünüb. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olublar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilib. Bir gecənin içərisində qədim Xocalı yerlə-yeksan olub.
Şəhəri tərk etməyə məcbur qalan əhali dağlara, meşələrə qaçıb. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələyib, onlara amansız divan tutub. Beləliklə, soyuq, qarlı fevral gecəsində bir çoxları erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da, onların çoxu soyuqdan, şaxtadan məhv olub…
Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalıb. 150 nəfərin taleyi hələ də məlum deyil.
Bu, əsl soyqırım idi. Xocalı faciəsində öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca olub. Səkkiz ailə bütövlükdə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilib – diri-diri yandırılıb, başları kəsilib, üzlərinin dərisi soyulub, körpə uşaqların gözləri çıxarılıb, hamilə qadınların qarınları süngü ilə yarılıb. Ermənilər hətta meyitləri də təhqir etmişdilər. Ermənilərin belə vəhşiliyindən xəbərdar olan beş yaşlı uşaq – Xocalının yerli həkimi Malik İsmayılovun qızı atasına belə demişdi: “Ata, əgər başlasa, əvvəlcə sən anamla məni öldür, sonra isə özün...”.
Bu yazıda biz faciənin ilk günlərindən mart ayına qədər yaralanmış əhaliyə təcili tibbi yardım göstərənlərdən Xocalı Şəhər Xəstəxanasının baş həkimi Eldəniz Allahverdiyev və Xocalı milli özünümüdafiə batalyonunun həkimi Məhəmməd Nağıyev haqqında söz açmaq istərdik.
E.Allahverdiyev tikilməkdə olan Xocalı Şəhər Xəstəxanasına 1990-cı ildən öz xahişi ilə baş həkim təyin olunub. Fevral hadisələri zamanı ağır cəbhə şəraitində həkimlik borcunu yerinə yetirərək, yaralılara tibbi yardım göstərib.
Azərbaycanla Ermənistan arasında gedən müharibədə qəhrəmanlığına, əhaliyə vaxtında tibbi yardım göstərilməsində fərqləndiyinə görə Eldəniz Allahverdiyevə “Azərbaycanın Əməkdar həkimi” fəxri adı verilib.
1992-ci ilin may ayında Eldəniz Allahverdiyev Azərbaycan Təbabəti Muzeyinə gələrək, Xocalı faciəsinin təfərrüatlarını danışıb və şahidi olduğu hadisələri qələmə alıb. Həmin yazılar hazırda Azərbaycan Təbabəti Muzeyinin fondunda qorunub saxlanılır.
Eldəniz Allahverdiyevin dediklərindən: “1991-ci ilin noyabr-dekabr ayları idi. Xocalıda, demək olar ki, ən böyük və uğurlu əməliyyat - “Bozdağ” əməliyyatı hazırlanırdı. Bu işdə E.Məmmədov, Y.Əzimov, M.Şükürov, Ə.Novruzov, T.Hüseynov və mən həkim kimi iştirak edirdik. Əməliyyata 20 nəfər igid döyüşçümüz getdi. Mən əməliyyat başlamamışdan əvvəl təcili yardım maşını ilə yaxınlıqda mövqe tutmuşdum. Döyüş çox ağır keçdi. Biz ehtiyat qrup kimi köməyə getməyə məcbur olduq. Xoşbəxtlikdən, hər şey yaxşı qurtardı, itkimiz olmadı. İki nəfər – Firudin Əliyev və Məmmədtusi Şükürov ağır yaralandılar. Təcili yardım üçün hey şey götürmüşdük. Tezliklə qanaxmanı dayandırıb, yaralıları döyüş meydanından uzaqlaşdırdıq. Xəstəxana daim güllə yağışı altında olduğundan, müalicəni ev şəraitində, nisbətən təhlükəsiz yerdə aparmalı olduq. Bir gün sonra daha ağır yara almış M.Şükürov Bakiya hospitala göndərildi. Deyilənə görə, həmin gün 17 erməni “saqqallısı” öldürülmüşdü. O döyüşdə ilk yaralanan Y.Həsənov olmuşdu. Onu Xocalıda çətin şəraitdə müalicə etdik. Səhiyyə Nazirliyindən oraya göndərilmiş cərrahlar köməyimizə çatırdı. Son günlər mən ağır yaralıları Bakıya gətirib, cərrah briqadası ilə geri qayıtmaq istəyirdim. İşi Xocalı milli özünümüdafiə batalyonunun həkimi M.Nağıyevə tapşırdım. Təcrübəli həkim həmin müddətdə çətin şəraitdə yaralılara hər cür yardım göstərmişdi”.
Qeyd edək ki, Məhəmməd Nağıyev 1989-cu ilin yanvarından 1992-ci ilə qədər könüllü olaraq Xocalı milli özünümüdafiə batalyonunun həkimi işləyib. Xocalı əhalisinin çətin vəziyyətində o da həkimlik borcunu şərəflə yerinə yetirib.
Müharibədə qəhrəmanlığına, əhaliyə vaxtında tibbi yardım göstərilməsində fərqləndiyinə görə ona da “Azərbaycanın Əməkdar həkimi” fəxri adı verilib.
Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.
Sadatxan Əliyev,
Azərbaycan Təbabəti Muzeyinin direktoru,
Sevinc Maniyeva,
muzeyin baş mühafizi