Stresi düzgün idarəetmə və sağlam həyat tərzi təşviş pozuntusunun qarşısını almağa kömək edir

Stresi düzgün idarəetmə və sağlam həyat tərzi təşviş pozuntusunun qarşısını almağa kömək edir

Müasir həyat stres içində keçir. Məlumdur ki, bir çox ciddi xəstəliklərin, o cümlədən təşviş pozuntusunun da kökündə məhz streslər dayanır. Bəs onlardan qorunmağın yolu varmı? Təşviş pozuntusunun qarşısını almaq olarmı?
Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin psixoloqu Lalə Nəzərova nazirliyin mətbuat xidmətinə bu barədə müsahibə verib.


- Lalə xanım, ilk növbədə bilmək istərdik ki, təşviş pozuntusu nədir və əlamətləri hansılardır?
- Təşviş insanların qavradıqları və ya gözlənilən stresə, təhlükəyə cavab olaraq hiss etdikləri bir duyğudur. Bu vəziyyət hər bir insanın gündəlik həyatına ciddi şəkildə təsir edir və həyat keyfiyyətini aşağı salır.
Təşviş pozuntusunun əsas əlamətləri davamlı narahatlıq, gərginlik hissləridir. Ürək döyüntülərinin sürətlənməsi, nəfəs alıb-vermənin daralması, güclü soyuq tərləmələr, yuxusuzluq və ya yuxu ritminin pozulması, ümidsizlik, bədbinlik hissləri, həzm sistemi problemləri və mədə-bağırsaq narahatlıqları, diqqət konsentrasiyasında çətinlik, eyni fikirləri təkrar-təkrar düşünmək meyli (ruminasiya) təşviş zamanı müşahidə edilən hallardır.

- Təşviş pozuntusunun səbəbləri nələrdir?
- Bu səbəblərin həm bioloji, həm də psixoloji amillərdən qaynaqlanması ehtimalı var. Təşviş pozuntusu beyindəki bəzi kimyəvi maddələrin balanssızlığından yarana bilər. Bu kimyəvi maddələrə neyrotransmitterlər kimi tanınan serotonin və norepinefrin daxildir. Bundan başqa, genetik faktorlar, stres, xroniki xəstəliklər, zərərli və ya narkotik maddə istifadəsi təşvişin yaranmasına gətirib çıxara bilər. Genetik amillər dedikdə, əgər valideynlər arasında təşvişli, həyəcanlı olan varsa, təşviş halı uşağa da ötürülə bilər. Uşaqlıq dövründə yaşanmış stres və travma halları təşvişin yaranmasına səbəb olur. Xüsusən uşaqlıqda yaşanmış travmatik hadisələr stres faktorlarına qarşı yüksək həssaslığa səbəb ola bilər.

- Təşviş pozuntusu olanlarda bu vəziyyət hamıda eyni cürmü təzahür edir?
- Bu pozuntunun müxtəlif növləri var. Generalizə olunmuş təşviş pozuntusu (Generalized Anxiety Disorder - GAD) olan şəxslərdə davamlı və həddindən artıq narahatlıq müşahidə olunur. İdarə oluna bilməyən vəziyyətlər insanı daim narahat edir və yuxusuz qalmasına səbəb olur. Bu xəstəlikdən əziyyət çəkən insanlar hər bir vəziyyətdə ən pis şeyləri düşünüb, nəzarəti itirməkdən qorxurlar və müsbət nəticənin və ya geri dönüşün olmadığını düşünürlər.
Təşviş pozuntusunun digər təzahür forması olan panik hücum çox vaxt xəbərdarlıq etmədən və heç bir səbəb olmadan, narahatlıq və qorxu ilə qəflətən başlayan ağır təşviş və həyəcan halıdır. Panika pozuntusunda panik hücumlar qısa müddətli, lakin çox intensiv qorxu və narahatlıq hissinin yaranmasıdır. Bu hücumlar fiziki simptomlar da yarada bilir. Məsələn, ürək döyüntüsü, nəfəs darlığı, başgicəllənmə, ağız quruluğu, boğulma hissi, uyuşma, tərləmə və titrəmə halı kimi simptomlar müşahidə oluna bilər.
Fobiyalar zamanı xüsusi obyekt və ya vəziyyətlərə qarşı qorxu hissi özünü büruzə verir. Bizim fobiyalarımız da hiss etdiyimiz qorxuların bir versiyasıdır. Fobiyalar cəmiyyətdə xəstəlik kimi deyil, şəxsiyyət xüsusiyyəti və ya vərdiş kimi qəbul edilir.
Post-travmatik stres pozuntusu (PTSP) ciddi bir travmatik hadisə (məsələn, avtomobil qəzası, təbii fəlakət, zorakılıq, müharibə və s.) yaşadıqdan sonra yaranan bir psixoloji vəziyyətdir. PTSP-nin təsirləri fərqli ola bilər, amma, ümumiyyətlə, insanın gündəlik həyatına, psixoloji vəziyyətinə və emosional sağlamlığına əhəmiyyətli dərəcədə mənfi şəkildə təsir edir.
Obsessiv kompulsiv pozuntu (OKP) insanların təkrarlanan, məcburi düşüncələr (obsessiyalar) və ya davranışlara (kompulsiyalar) qarşı təbii olmayan bir ehtiyac hiss etməsi ilə özünü göstərir. Bu pozuntu insanın gündəlik həyatına ciddi şəkildə təsir edə bilər.
Obsessiyalar şəxs tərəfindən nəzarət edilə bilməyən və çox narahatedici olan təkrarlanan düşüncələr, şəkillər və ya impulslar ola bilər. Bu düşüncələr insanda narahatlıq və gərginlik yaradır. Məsələn, bədənə zərər verə biləcək mikroblar və ya çirklənmələr haqqında narahatlıq şəxsdə təmizliklə bağlı qorxu hissi yaradır. Düzgünlük və nizam, hər şeyin müəyyən bir qaydada olması və düzgün yerində olması barədə obsessiv düşüncələr də ola bilər.
Kompulsiyalar şəxs tərəfindən narahatlıq və qorxuları azaltmaq üçün təkrarlanan hərəkətlərdir. Kompulsiyalar müxtəlif formalarda ola bilir. Bu vəziyyət təmizlik və dezinfeksiya, təkrarlanan şəkildə əlləri yumaq, əşyaları təmizləmək, yerə toxunmamaq kimi davranışlarla təzahür edir. Cavab verməklə təkrarlanan şəkildə müəyyən bir söz və ya cümləni deyərək, narahatlıq hissini azaltmağa çalışmaq və bununla da özündə rahatlıq hissi tapmaq da rast gəlinən haldır.
Bəzən şəxsdə əşyaların sıralanması və nizamlanması ilə bağlı hərəkətlər, əşyaların dəqiq bir şəkildə yerinə qoyulması, məsələn, kitabların və ya paltarların müəyyən bir şəkildə sıralanması müşahidə olunur. Bir şeyin düzgünlüyünü yoxlamaq üçün təkrarlanan davranışlar, məsələn, qapıların bağlandığını və ya elektrik cihazların söndüyünü yoxlamaq kimi hərəkətlər meydana çıxır.

- Necə fərqləndirmək olar ki, bir hal təşviş pozuntusudur, yaxud insanın fərdi xüsusiyyətlərindən irəli gələn vəziyyətdir? Bu pozuntunun müalicəsi varmı?
- Təşviş pozuntusu diaqnozu psixoloq və ya psixiatr tərəfindən aparılan klinik müayinələr nəticəsində qoyulur. Bunun üçün müxtəlif suallardan və testlərdən istifadə olunur. Buna görə də peşəkar bir mütəxəssisə müraciət etmək vacibdir.
Təşviş pozuntusu müalicə oluna bilən bir xəstəlikdir. Psixoterapiya, xüsusilə koqnitiv davranış terapiyası (Cognitive Behavioral Therapy, CBT) və dərman müalicəsi bu vəziyyəti yaxşılaşdırmağa kömək edir.
CBT şəxsin düşüncə və davranışlarını dəyişdirərək təşviş pozuntusunu azaldır. Bu terapiya insanın özünün narahatlıq yaradan düşüncələrini tanımasına və onlara fərqli yanaşma yolları tapmasına kömək edir.
Dialektik davranış terapiyası da koqnitiv davranış terapiyasına bənzərdir, onun diqqət mərkəzində insanın davranışını dəyişdirmək durur. Bu terapiya emosional vəziyyətləri, münasibətləri tənzimləməyi və bunlarla əlaqəli yaranan problemlərin öhdəsindən gəlmək bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır.
Təşviş pozuntusu ilə mübarizə aparmaq üçün müxtəlif strategiyalar tətbiq edilə bilər. Bunlar arasında nəfəs məşqləri, meditasiya, yoqa, fiziki fəaliyyətlər və terapiya müalicələri var. Fiziki məşqlər endorfinlərin ifrazını təşviq edərək narahatlıq hissini azalda bilər. Müntəzəm idman fəaliyyəti təşviş pozuntusunun simptomlarını yüngülləşdirə bilər. Eyni zamanda, yaxınlarının göstərdiyi səylə təşviş pozuntusu olan insana kömək göstərmək olar. Anlayışlı, səbirli olmaqla, insana göstərilən emosional dəstək onun təşvişini azaltmağa kömək edə bilər. Ailə üzvləri yaxınlarına psixoterapiya və müalicə axtarışında da dəstək göstərə bilərlər.
Təşviş pozuntusunun təkrarlanma ehtimalı var. Lakin düzgün müalicə və stresin idarəetmə üsulları ilə təkrarlanma ehtimalı azaldıla bilər.

- Hansı risk amilləri təşviş pozuntusunun yaranma və təkrarlanma ehtimalını artırır?
- Ayrılıq və tərk edilmə vəziyyətlərinə qarşı yüksək həssaslıq göstərən insanlarda təşviş problemlərinə daha tez-tez rast gəlinir. Qəzəbi idarəermə problemləri və asılılıq meyilləri olan fərdlər təşviş pozuntularına daha çox məruz qalırlar. Bundan əlavə, davamlı stresli və təzyiqli bir mühitdə yaşayan insanlar təşviş inkişaf etdirmə ehtimalı daha yüksək olan fərdlərdir.
Özünə inamsızlıq və ya problemli bağlanma üslubları təşviş problemlərinə yol açır. Şəxsin ətrafdakı dünyadan qopması kimi davamlı bir hiss yaşaması təşviş pozuntularının inkişafına kömək edir.

- Təşviş hücumlarını necə aradan qaldırmaq olar?
- Təşviş hücumları zamanı sakitləşmək və simptomları yüngülləşdirmək üçün bəzi strategiyalar tətbiq oluna bilər. Bu üsullar təhlükə və ya stres azaldıldıqda və ya insan sakitləşdikdə təşviş vəziyyətinin də yüngülləşməsinə kömək edir.
Sakitləşmə prosesində düzgün nəfəs alma olduqca effektivdir. Nəfəs alma məşqləri etməklə sakitləşmək və diqqəti yenidən bərpa etmək mümkündür. Məsələn, 4 saniyə ərzində burunla nəfəsi almaq, 4 saniyə ərzində nəfəsi saxlamaq və ağızdan nəfəsi buraxmaq səmərəli üsuldur.
Narahat edən düşüncələri yazmaq və onlar haqqında düşünmək üçün günün müəyyən bir vaxtını ayırmaq da faydalıdır. Bu, narahat edən davamlı düşüncələrin qarşısını almağa kömək edə bilər. Gələcək üçün narahat olmaq əvəzinə, indiki məqama diqqət yetirmək, indiki anda narahat olmağa səbəb olacaq bir vəziyyətin olmadığını özünə xatırlatmaq, təşviş hücumlarının başladığını hiss etdikdə özünü məşğul edəcək fəaliyyətlər tapmaq fayda verir. Gəzinti, kitab oxumaq və ya film izləmək kimi fəaliyyətlər narahatedici düşüncələrdən uzaqlaşmağa kömək edə bilər.
Həddindən artıq şəkər istehlakı təşvişi artıra bilər. Bu səbəbdən, təşviş hücumu zamanı şəkərli qidalardan uzaq durmaq, zülalla zəngin qidalar seçmək və bol su içmək lazımdır.

- Təşviş pozuntusunun uzunmüddətli təsirləri varmı? Onun qarşısını almaq mümkündürmü?
- Uzunmüddətli təşviş pozuntusu insanın iş və sosial həyatına mənfi təsir edir. O həmçinin yuxu pozuntuları, depressiya və fiziki sağlamlıq problemləri yaradır. Təşviş pozuntusu olan şəxs iş yerində qərar verməkdə çətinlik çəkir, eyni zamanda, yüksək narahatlıq hissi məhsuldarlığı azalda bilər. Əgər təşviş pozuntusu uzunmüddətli müalicə olunmazsa, o zaman digər psixoloji pozuntular, məsələn, depressiya və digər psixiatrik vəziyyətlər inkişaf edə bilər.
Təşviş pozuntusunun müalicəsi fərdi olaraq dəyişir. Bəzi insanlar qısa müddət ərzində yaxşılaşarkən, digərləri üçün daha uzun müalicə dövrü tələb olunur. Bundan başqa, təşviş pozuntusu hər yaşda ortaya çıxa bilər. Yetişkinlərdə və həyatın çətin dövrlərində təşviş pozuntusu inkişaf edə bilər.
Müalicə müddəti hər bir şəxs üçün fərqlidir. Ümumiyyətlə, müalicə prosesinin başlanğıc mərhələsi bir neçə ay ərzində görülür, davamlı müalicə isə uzunmüddətli ola bilər.
Təşviş pozuntusunun yalnız “zəif” insanlarda olduğunu düşünmək yanlışdır. Hər kəsdə təşviş pozuntusu inkişaf edə bilər və bu, ciddi bir sağlamlıq problemidir. Güclü xarakterə malik insanlarda da yaşadığı hadisələr nəticəsində təşviş yarana bilər.
Tam olaraq qarşısını almaq çətin olsa da, stresi idarəetmə metodları, sağlam həyat tərzi və dəstəkləyici mühit təşviş pozuntusunun qarşısını almağa kömək edə bilər. Sağlam qidalanma beyin funksiyalarını yaxşılaşdırmağa və narahatlıq səviyyələrini azaltmağa kömək edir. Omeqa-3 yağ turşuları və kompleks karbohidratlar təşvişin yüngülləşdirməsində faydalı ola bilər.


Xəbəri paylaş




Avqust 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova