“Milli Məclis” jurnalında səhiyyə naziri Teymur Musayevlə müsahibə

Azərbaycanda dövlətin ən vacib məqsədlərindən biri insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrların hazırlanmasıdır. Bu sahədə problemlərin həlli yolu səhiyyənin qanunvericilik bazasının möhkəmləndirilməsindən keçir. Azərbaycan parlamentinin “Milli Məclis” analitik informasiya jurnalının son nömrəsində səhiyyə naziri Teymur Musayevlə bu barədə söhbət dərc olunub. Müsahibəni oxucularımıza təqdim edirik.
- Bu gün Azərbaycan beynəlxalq aləmdə bir çox təşəbbüslərlə çıxış edən dövlətlərdəndir. COVID-19 pandemiyası dövründə ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə sıx əməkdaşlıq etdi. Ölkənin səhiyyə sahəsində siyasətini həyata keçirən qurum kimi, beynəlxalq əməkdaşlıqda prioritet olaraq nələri qeyd edərdiniz?
- Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə həyata keçirilən islahatlar, dövlət proqramları Ümumdünya Səhiyyə Təşkilatının prioritet istiqamətləri və Birləşmiş Millətlər Təşkilatının (BMT) Dayanıqlı İnkişaf Məqsədləri ilə üst-üstə düşür. COVID-19 pandemiyası dövründə ölkə vətəndaşlarının sağlamlığının qorunmasını hökumətin bir nömrəli vəzifəsi elan etmiş möhtərəm cənab Prezident İlham Əliyevin beynəlxalq aləmdəki şəxsi nüfuzu və geniş əlaqələri sayəsində əhalinin mövcud vaksinlərə əlçatanlığı təmin edildi, bu sahədə beynəlxalq əməkdaşlıq gücləndirildi. Belə ki, Azərbaycan pandemiya ilə mübarizədə qlobal həmrəyliyin tərəfdarı olan, COVAX beynəlxalq təşəbbüsünə qoşulan ilk ölkələrdən biri oldu, infeksiyanın qarşısının alınması üçün onlarla dövlətə humanitar yardım göstərdi, ÜST-yə 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı etdi.
Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə 2020-ci il dekabrın 3-4-də BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində, koronavirusla mübarizəyə həsr edilmiş xüsusi sessiyası keçirildi. Bunun nəticəsi olaraq, Azərbaycan Prezidentinin təklifi ilə Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüldü və 2021-ci ilin mart ayında yekdilliklə qəbul edildi.
Azərbaycan Şərq Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində ÜST-nin “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” və “Vaksinasiyaya dəstək” layihələrinə tərəfdaşlıq edir.
2022-ci ilin iyun ayında ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesus Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş Qlobal Bakı Forumunda iştirak üçün Azərbaycana səfər etdi və ölkə Prezidenti İlham Əliyevlə görüşdü. Görüş zamanı cənab Prezident COVID-19-a qarşı mübarizədə təşkilatın Azərbaycana verdiyi tövsiyələri və ölkəmizlə əməkdaşlığını yüksək qiymətləndirdiyini vurğuladı. T.Gebreyesus pandemiya dövründə Azərbaycanın təşkilata verdiyi dəstəyə, virusla mübarizədə ölkəmizin milli, regional və beynəlxalq səviyyədə fəaliyyətinə görə təşəkkürünü bildirdi.
Pandemiya zamanı ÜST tərəfindən ölkəmizə fövqəladə səhiyyə vəziyyətləri, infeksiyalara nəzarət və laboratoriya sistemləri, reabilitasiya proqramları üzrə bir neçə missiya göndərildi. Ekspertlər aparılan tədbirləri qənaətbəxş hesab etdilər və müvafiq tövsiyələr verdilər. Qurum infeksiya ilə mübarizə tədbirlərində Azərbaycanın səylərini yüksək qiymətləndirərək onu bu sahədə “nümunəvi ölkə” adlandırdı.
Ölkəmizin səhiyyə siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olaraq Səhiyyə Nazirliyi beynəlxalq əməkdaşlıq sahəsində prioritet istiqamətləri müəyyənləşdirir. Səhiyyədə innovasiyaların və rəqəmsal həllərin stimullaşdırılması, tibb işçilərinin davamlı təhsilinin təmin edilməsi, beynəlxalq elm və araşdırma mərkəzləri ilə birgə kliniki tədqiqatların keçirilməsi, ölkənin tibbi turizm potensialının inkişaf etdirilməsi kimi prioritet əməkdaşlıq istiqamətlərində beynəlxalq və regional təşkilatlar, dünyanın aparıcı tibb müəssisələri, səhiyyə qurumları, xaricdə yaşayan Azərbaycan əsilli tibb işçiləri ilə intensiv işlər aparılır.
Ölkəmiz beynəlxalq layihələrdə yaxından iştirak edir. BMT, ÜST və Uşaq Fondu, Türk Dövlətləri Təşkilatı, Dünya Bankı, Asiya İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Əczaçılıq Təftişi Konvensiyası və Əczaçılıq Təftişi üzrə Əməkdaşlıq Sistemi, Qlobal Fond, eləcə də digər beynəlxalq və regional təsisatlarla yüksək səviyyəli əməkdaşlıq edilir. Türk Dövlətləri Təşkilatı ilə olan əməkdaşlığı xüsusilə vurğulamaq istərdim. Təşkilat çərçivəsində üzv və müşahidəçi ölkələrin vahid tibb elmi məkanının yaradılması, birgə elmi tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi, davamlı tibbi təhsilin təminatı, orqan donorluğu və transplantasiyası fəaliyyətlərinin koordinasiya edilən vahid məkanının yaradılması və bu məqsədlə “Türk Transplant” qurumunun təsis edilməsinin mümkünlüyü aktiv formada müzakirə olunur.
Həmçinin ikitərəfli formatda xarici ölkələrin səhiyyə qurumları ilə imzalanmış memorandumlar çərçivəsində əməkdaşlıq davam etdirilir.
- Peşəkar kadr potensialının gücləndirilməsi səhiyyədə və əhalinin sağlamlığının qorunmasında əsas şərtlərdən biridir. Bu gün müasir standartlara cavab verən bacarıqlı tibbi kadrların yetişdirilməsi üçün hansı işlər görülür?
- Ölkəmizdə ali və orta ixtisas tibb təhsilinin dövrün tələblərinə uyğunlaşdırılması və peşəkar kadr hazırlığının keyfiyyətcə yeni müstəviyə qaldırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Məlum olduğu kimi, 2011-ci ildən ölkədə rezidentura təhsili tətbiq olunur. İlk vaxtlarda 40 ixtisas üzrə həkim-mütəxəssis hazırlığı aparılırdısa, artıq bu, 56 ixtisas üzrə həyata keçirilir. Rezidentlərin hazırlığı ali tibb təhsili müəssisələrində, xəstəxanalarda və elmi mərkəzlərdə aparılır.
Azərbaycan Tibb Universitetində (ATU) “İmtahan modulu” tətbiqi ilə başlanmış “Elektron universitet” sistemi təkmilləşdirilir, təhsil rəqəmsallaşdırılır. Bu layihə çərçivəsində yaradılmış “Elektron tədris sistemi” tələbələrə şəxsi kabinetləri vasitəsilə öz nəticələrini görmək, universitet həyatı ilə bağlı gündəlik qeydlərini daxil etmək imkanı verir.
Dünya Tibb Təhsili Federasiyası (WFME) və 2017-ci ildən etibarən rəsmi şəkildə tanınan Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentlik (IAAR) tərəfindən 2022-ci il yanvarın 28-də ATU-nun təqdim etdiyi üç tədris proqramı (müalicə işi, əczaçılıq və stomatologiya) 5 il müddətinə akkreditasiyadan keçirilib. Bu, Azərbaycan Tibb Universitetinin beynəlxalq nüfuzunun artmasına, reytinq siyahılarında irəliləməsinə, daha çox xarici tələbənin universitetə cəlb olunmasına və onların coğrafiyasının genişlənməsinə imkan verəcəkdir.
İlk dəfə olaraq ATU-nun nəzdində Tibb və Əczaçılıq üzrə İnnovasiya Mərkəzi yaradılıb və Əczaçılıq fakültəsinin tələbələri üçün tədris-təcrübi baza kimi fəaliyyət göstərir. Bununla yanaşı, universitetdə Təcili tibb və Tibb və sağlamlıq elmləri təhsili adlı iki yeni kafedra işə başlayıb. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) isə bu il Ortodontiya adlı yeni kafedra yaradılıb.
ATU-nun, ADHTİ-nin beynəlxalq əməkdaşlıq əlaqələri genişlənir, o cümlədən həm tələbələr, həm də akademik heyət üzvləri arasında mübadilə aparılır.
Hazırda həkimlərlə bərabər, orta tibb işçilərinin də hazırlığına xüsusi önəm verilir. Onların hazırlığı 9 ixtisas üzrə 11 tibb kollecində aparılır. Altı kollecdə orta ixtisas tibb təhsili ilə yanaşı, ixtisasartırma təhsili də həyata keçirilir. Regionlarda fəaliyyət göstərən kolleclərdən üçündə yeni şöbələrin açılması ilə onlarda tədris olunan ixtisasların sayının artmasına nail olunub.
Tibb kolleclərinin pedaqoji heyəti və tələbələri müxtəlif beynəlxalq layihələrdə və təlimlərdə iştirak edirlər. Bunlara misal olaraq UNICEF-in “Hamilə qadınlara və erkən yaşlı uşaqlara universal mütərəqqi patronaj modeli”, “Bəsləyici qayğı ilə bağlı ailələrə dəstək üzrə ev ziyarətçilərinin hazırlanması” təlimlərini, ÜST-nin “Dərman tətbiq etmə və təməl yaşam dəstəyi” təlimini, Avropa İttifaqı ilə birgə həyata keçirdiyi “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” çərçivəsində “COVID-19 əleyhinə vaksinasiyaya dəstək”, “PROACT – Training” və “PROACT – Care” layihələrini qeyd etmək olar.
- Ölkədə tibbi personalın sertifikasiyası aktiv şəkildə həyata keçirilir. Bununla bərabər, prosesin təkmilləşdirilməsinə dair fikirlər səslənməkdədir. Bu sahədə yeniliklər gözlənilirmi?
- Tibb işçilərinin fəaliyyətlərinin nəticələri birbaşa insan sağlamlığına təsir etdiyindən onlardan peşəkar bilik və bacarıqlarının daim yüksəldilməsi tələb olunur. Qabaqcıl səhiyyə sistemləri olan bir çox ölkələrdə davamlı tibbi təhsil üsulu həyata keçirilir. Ölkəmizdə davamlı tibbi təhsilin normativ bazasının formalaşdırılmasına və tətbiqinə ehtiyac vardır.
Hazırda davamlı tibbi təhsilin hüquqi bazasının yaradılması, habelə tibb və əczaçılıq işçilərinin sertifikasiyası ilə əlaqələndirilməsi üzrə layihələr hazırlanır. Bu təkliflər Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərinin beş ildə bir dəfə sertifikasiya şəhadətnaməsi əldə etməsi üçün sertifikasiya imtahanından keçməsini və ya davamlı tibbi təhsil kreditlərini toplamasını özündə ehtiva edir.
Tibb mütəxəssislərinin peşəkar bilik və bacarıqlarının fasiləsiz inkişaf etdirilməsinə münasibətdə daha çevik və səmərəli yanaşma ortaya qoyan davamlı tibbi təhsilin ölkədə geniş tətbiqi əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətində öz müsbət rolunu oynayacaqdır.
- Əvvəlki illərlə müqayisədə dövlət tibb müəssisələri ilə yanaşı, özəl müəssisələrin də sayı çoxalmaqdadır. Nəzərə alsaq ki, insanların həyatı bu yeni qurulan klinikaların hazırlıq səviyyəsindən birbaşa asılıdır, bilmək istərdik ki, onların akkreditasiyasında hansı meyarlar əsas götürülür?
- Son illər ölkə iqtisadiyyatında özəl sektorun payının davamlı artması möhtərəm cənab Prezident İlham Əliyevin iqtisadiyyatın diversifikasiyası və sahibkarlıq mühitinin dəstəklənməsi məqsədilə apardığı islahatlar proqramı ilə birbaşa bağlıdır. Təbii ki, müsbət inkişaf dinamikası özəl tibb fəaliyyəti ilə məşğul olan şəxslərin sayının da ilbəil artmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”na əsasən, özəl tibb fəaliyyəti həyata keçirmək istəyən şəxs ilk növbədə lisenziya almalıdır.
Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Fərmanı ilə özəl tibb fəaliyyətinə lisenziya vermək səlahiyyətinə malik dövlət orqanı kimi müəyyən olunmuş İqtisadiyyat Nazirliyi aidiyyəti sahibkarlıq subyektlərinin ərizələrinə baxarkən qanunvericiliyin tələblərinə uyğun olaraq rəy alınması üçün Səhiyyə Nazirliyinə müraciət edir. Həmin müəssisələrin qiymətləndirilməsi “Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydalar”a əsasən həyata keçirilir. Səhiyyə Nazirliyi tərəfindən yekun rəy İqtisadiyyat Nazirliyinin nümayəndələrinin iştirakı ilə verilir.
Qeyd etdiyiniz kimi, tibb müəssisələrində göstərilən xidmətlərin nəticələri birbaşa insan sağlamlığına təsir etdiyindən bu sahədə nəzarət ən vacib məsələlərdəndir. Lisenziya almış özəl tibb fəaliyyəti subyektlərinin göstərdikləri tibbi xidmətlərə nəzarət Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Bu məqsədlə müvafiq normativ sənədlərin tələblərinə uyğun olaraq planlı və plandankənar yoxlamalar təşkil edilir.
Tibb müəssisələrində akkreditasiyanın aparılması məsələsinə gəldikdə isə bu, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun tələbidir. Akkreditasiyanın məqsədi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin, tibb müəssisələrinin fəaliyyətinin normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsidir. Bu, əhalinin yüksək keyfiyyətli tibbi xidmət göstərən tibb müəssisəsində müayinə və müalicə olunması üçün seçim hüququnu təmin edir.
Tibb müəssisələrinin və tibbi xidmətlərin akkreditasiyası hazırda Səhiyyə Nazirliyinin gündəliyində duran ən əsas məsələlərdən biridir. Belə ki, tibb xidmətlərinin keyfiyyətinin artırılması və pasiyent təhlükəsizliyinin təmin olunması bizim üçün prioritet məsələdir.
Məlumat üçün bildirim ki, 2020-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 447 saylı Qərarı ilə “Tibb müəssisələrinin akkreditasiyası Qaydası” təsdiq edilib. Bununla yanaşı, tibb davamlı və sürətli inkişaf edən sektor olduğundan sözügedən Qaydanın müasir dövrün tələblərinə uyğunlaşdırılmasına zərurət vardır. Bu məqsədlə Səhiyyə Nazirliyinin tabeliyində Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması nəzərdə tutulur. Bununla bağlı hazırlanmış sənəd layihəsi aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir.
Səhiyyə Nazirliyində tibb müəssisələrinin akkreditasiya qaydasının təkmilləşdirilməsi, keyfiyyət meyarlarının hazırlanması ilə bağlı İşçi qrup fəaliyyət göstərir. İşçi qrup öz işində dünya ölkələrinin təcrübəsinə, həmçinin Səhiyyədə Keyfiyyət Beynəlxalq Cəmiyyətinin təlimatlarına əsaslanır. Ümumiyyətlə, 2023-cü ildə ölkə ərazisində göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması və bu sahədə nəzarətin gücləndirilməsi məqsədilə bir sıra tədbirlər planlaşdırılır. Bu tədbirlər normativ hüquqi bazanın təkmilləşdirilməsi və beynəlxalq praktikaya uyğun tənzimləmə mexanizmlərinin tətbiqi ilə bağlı olacaqdır.
- Sirr deyil ki, son zamanlar əczaçılıqda da problemlər yaşanır. Dərman preparatlarının durmadan bahalaşması və keyfiyyətsizliyi narahatlıq doğurur. Nazirlik bu problemin həlli yönündə hansı işlər aparır?
- Ölkə əhalisinin sağlamlığı, o cümlədən vətəndaşların keyfiyyətli, təhlükəsiz, innovativ dərman vasitələrinə əlçatanlığının təmin edilməsi hər zaman dövlət başçımızın diqqət və nəzarətində olan məsələdir. Son on ildə ölkəmizdə 10830 adda dərman vasitəsi dövlət qeydiyyatına alınıb. 2017-2022-ci illərdə dünyanın 100 ən yaxşı dərman istehsalçısından 60 şirkətin məhsulları ölkəmizə idxal olunub. Hər bir dərman vasitəsinin həyat tsikli xammal istehsalından pasiyent istehlakınadək bir neçə mərhələni əhatə edir. Bu mərhələlərə tədqiqat, sınaq, istehsal, keyfiyyətə nəzarət, qeydiyyat, idxal, daşınma, saxlanma, satış və farmakonəzarət aiddir.
Azərbaycan Respublikasında dövriyyədə olan dərman vasitələri də bu mərhələləri keçərək pasiyentlərə çatır. Səhiyyə Nazirliyi bütün prosesə dövlət nəzarətini müvafiq qanunvericiliyə əsasən həyata keçirir. Proses özündə dərman vasitələrinin keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətini, həmçinin əczaçılıq bazarı iştirakçılarının fəaliyyətləri zamanı ortaya çıxan problemlərin tənzimlənməsini ehtiva edir. Yekun hədəf əhalinin keyfiyyətli, effektiv və təhlükəsiz dərman və tibb vasitələri ilə təminatıdır. Nazirliyin bu sahədə icraçı və tənzimləyici funksiyası daşıyan Analitik Ekspertiza Mərkəzi (AEM) Avropa, ABŞ Farmakopeyalarının müşahidəçi üzvüdür, ÜST, Qlobal Fond, Uppsala Monitorinq Mərkəzi və digər bu kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, öz fəaliyyətini milli və beynəlxalq normativ hüquqi aktların tələblərinə uyğun həyata keçirir.
Sualınızda qeyd olunan “keyfiyyətsizlik” məsələsi bu proseslərin hamısının üzərində dayanan təhlükəsizlik, effektivlik və keyfiyyətə nəzarət tədbirləri çərçivəsində öz həllini tapır və təchizat zəncirinin hər bir mərhələsində bu risk ən minimal səviyyəyə endirilir. Belə ki, hər bir dərman vasitəsi qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alındıqdan sonra idxalı rəsmiləşdirilir. İdxal olunarkən dərman vasitələrinin hər bir idxal partiyası müvafiq laborator və sənəd ekspertizasından keçirilərək idxalına razılıq verilir. Bundan əlavə, AEM-in mütəxəssisləri tərəfindən istehsalçıların istehsal sahələri mütəmadi olaraq təftiş olunur ki, bu da nəzarət tədbirlərinin tərkib hissəsidir.
AEM-in Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyası dərman vasitələrinin keyfiyyətinin yoxlanılmasını həyata keçirir. İdxal və qeydiyyat proseduru zamanı dərman vasitələrinin keyfiyyəti laboratoriya tərəfindən istehsalçının normativ sənədləri əsasında yoxlanılır. Laboratoriya müasir tələblərə cavab verən, tədqiqatların tam dəqiqliklə yerinə yetirilməsi üçün yüksək kimyəvi saflığa malik reagentlərlə, həssas və dəqiq avadanlıqlarla təchiz edilib, 2022-ci ildə növbəti dəfə beynəlxalq standart – İSO 17025 standartının yeni versiyasına uyğun akkreditasiya olunub. 2021-ci ildən Mərkəzin laboratoriyası ÜST-nin Bioloji Dərman Vasitələrinin Yoxlanılması Milli Laboratoriyalar Şəbəkəsinə assosiativ üzv qəbul edilib.
Qiymətlərə dair sualınıza gəldikdə, bilirsiniz ki, qanunvericiliyə əsasən dərman vasitələri 2015-ci ildən qiymətləri tənzimlənən məhsullara aid edilir. Tənzimlənən qiymətlərdən fərqli qiymətə satış qanunvericiliklə müəyyən olunmuş məsuliyyətə səbəb olur. Qiymətləri tənzimlənən dərman vasitələrinin qiymətindəki artım pandemiya dövrü ilə bağlı, son vaxtlar isə məlum geosiyasi səbəblərdən qlobal və regional səviyyədə xammal, qablaşdırma və logistika xərclərinin artması ilə izah edilir.
Əczaçılıq sektorunun inkişafı strateji məsələ olduğundan bu sahədə mümkün riskləri minimallaşdırmaq üçün son illərdə yerli sənayenin inkişafına xüsusi diqqət yetirilir. Ölkəmizdə yaradılan sənaye parklarında rezident kimi qeydiyyatdan keçən əczaçılıq biznesi subyektləri yaxın dövrlərdə bazarın müəyyən hissəsini yerli məhsullarla təmin edəcəkdir.