Müntəzəm qan verən şəxslərdə infarkt və insult riski 30-40% aşağı olur

Səhiyyə Nazirliyi Respublika Qan Bankının icraçı direktorunun müavini Afət Zeynalova nazirliyin mətbuat xidmətinə müsahibə verib.
- Afət xanım, hansı hallarda insan qan donoru ola bilməz?
- Qan donorluğu həm tibbi, həm də sosial baxımdan son dərəcə önəmli prosesdir. Donor olmaq insan sağlamlığını dəstəkləməklə yanaşı, cəmiyyətin rifahına xidmət edir. Bu prosesin təhlükəsizliyi müəyyən tibbi meyarlar çərçivəsində tənzimlənir. Elə bu baxımdan, donorların daimi və ya müvəqqəti şəkildə qanvermədən kənarlaşdırılması beynəlxalq standartlara əsasən həyata keçirilir.
Daimi kənarlaşdırma halları arasında İİV/QİÇS, sifilis, hepatit B və C kimi yoluxucu xəstəliklər, bəzi onkoloji və irsi qan xəstəlikləri, şəkərli diabetin insulinə bağlı forması, ağır ürək-damar, qaraciyər, böyrək və sinir sistemi xəstəlikləri yer alır. Bu kimi göstərişlər olduqda, donorluğa icazə verilmir.
Bəzi hallarda isə donorlar sağlamlıq göstəricilərinə görə müvəqqəti olaraq qanvermədən uzaqlaşdırılırlar. Kəskin respirator xəstəliklərdə bu müddət adətən 2–4 həftə olur. Canlı vaksinlərdən sonra insan donor olmaq üçün 48 saatdan 4 həftəyədək gözləməlidir. Cərrahi əməliyyatlardan sonra bu müddət 1 ilə qədər davam edir. Doğuşdan sonra qadınlar üçün təqribən 12 aylıq fasilə tövsiyə olunur.
Malyariya riski olan ölkəyə səfər etmiş şəxslər üçün kənarlaşdırma 1–3 il, əvvəlki il ərzində qan və ya qan komponenti qəbul etmiş donorlar üçün isə ən az 12 ay davam edir. Məqsəd donorun tam sağlam vəziyyətdə yenidən qanverməyə qayıtmasını təmin etməkdir.
- Qanvermə orqanizmdə hansı fizioloji dəyişikliklərə səbəb olur?
- Donor bir qanvermə zamanı orqanizmdəki ümumi qan həcminin təqribən 8–10 faizini verir. Bu, təhlükəsiz olmaqla yanaşı, bədəndə regenerasiya proseslərini sürətləndirir.
Qan hüceyrələrinin yenilənməsi sümük iliyinin aktivləşməsi ilə nəticələnir, immun sistem güclənir, plazma tərkibi təzələnir, toksinlərin xaric olunması sürətlənir. Bundan başqa, dəmir mübadiləsinin normallaşması sayəsində ürək-damar sisteminin yüklənməsi azalır.
- Qanvermə zamanı və sonra donorun vəziyyəti ilə bağlı hansı xoşagəlməz hallar müşahidə edilə bilər?
- Qanvermə prosesi, ümumiyyətlə, təhlükəsizdir. Bəzən donorlar əməliyyatdan sonra yüngül başgicəllənmə, zəiflik, ürəkbulanma hiss edə bilərlər, lakin bu hallar qısa müddət ərzində keçib gedir. Bunun qarşısını almaq üçün donor qanvermədən əvvəl düzgün qidalanmalı və kifayət qədər maye qəbul etməlidir, qan verdikdən sonra isə 10–15 dəqiqə istirahət etməlidir.
Səhiyyə Nazirliyinin Respublika Qan Bankında bu proses peşəkar heyətin nəzarəti ilə həyata keçirilir və qaydalara lazımınca əməl edilir.
- Qanvermənin ürək-damar sisteminə və maddələr mübadiləsinə təsiri nədən ibarətdir?
- Qanvermə qan viskozluğunu, qatılaşmasını azaldaraq qanın damarlarda dövranını yaxşılaşdırır, asanlaşdırır. Qanın həcminin azalması ilə onun damar divarlarına göstərdiyi təzyiq zəifləyir. Bu isə, öz növbəsində, hipertoniya və damar tıxanıqlığı riskini azaldır.
Bundan əlavə, orqanizmdə artıq dəmir yığıldıqda, oksidativ stress yaranır, bu da ürək-damar sisteminə zərər verir. Qanvermə bu artıqlığın qarşısını alaraq damar sağlamlığını qoruyur, oksidativ stress yaranmasına mane olur, beləliklə, infarkt və insult riskini əhəmiyyətli dərəcədə azaldır. Elmi tədqiqatlar göstərir ki, müntəzəm qan verən şəxslərdə infarkt və insult riski 30-40% aşağı olur.
Metabolik proseslərin normallaşması nəticəsində piylənmə və tip 2 diabetin yaranma riski də azalır.
- Qan verən şəxslər üçün prosesin psixoloji üstünlükləri varmı?
- Donorun həyat xilas etdiyini bilməsi ona mənəvi rahatlıq, özünəinam və sosial faydalılıq hissi verir. Bu isə stresin azalmasına, psixoloji rifahın yüksəlməsinə səbəb olur. Ümumilikdə, qan donorluğu cəmiyyətin sağlamlıq sabitliyinin qorunmasında mühüm rol oynayır. Təcili əməliyyatlar, doğuşlar, yol qəzası qurbanları, onkoloji və irsi qan xəstəlikləri olan şəxslər üçün qan həyati əhəmiyyət daşıyır.
Qan ehtiyatının sabit olması Səhiyyə Nazirliyinə fövqəladə hallarda operativ qərar qəbul etmək üçün daha geniş imkanlar açır.
Xəbəri paylaş