Antimikrob preparatlardan düzgün istifadəyə dair maarifləndirmə işi aparılır

Antimikrob preparatlardan düzgün istifadəyə dair maarifləndirmə işi aparılır
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi 18-24 noyabr – Ümumdünya antimikrob preparatlardan düzgün istifadəyə dair maarifləndirmə həftəsinə həsr olunmuş dəyirmi masa təşkil edib.
Tədbir maraqlı tərəfləri bir araya toplayaraq sözügedən mövzu ətrafında müzakirələr aparmaq və əhalinin maarifləndirilməsinin səviyyəsinin yüksəldilməsi üçün səmərəli həll yolları müəyyənləşdirmək məqsədi daşıyıb.
Dəyirmi masada ÜST, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Ədliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məsul əməkdaşları iştirak ediblər və antimikrob preparatlara qarşı davamlılıqla mübarizədə insan, heyvan və ətraf mühiti ehtiva edən vahid sağlamlıq yanaşması haqqında çıxışlar edib, müzakirələr aparıblar.
ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı maarifləndirmə həftəsinin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, ötən il Ümumdünya Səhiyyə Təşkilatına laboratoriya şəraitində təsdiqlənmiş 3 milyondan çox yoluxma halı və həmin xəstəliklərin antimikrob preparatlara qarşı davamlılığı barədə məlumatlar daxil olub: “Bu, rekord göstəricidir. ÜST qlobal antimikrob preparatlara davamlılıq üzrə nəzarət sistemi yaradılmasını təmin edib və bu istiqamətdə işləri davam etdirir. Həmin nəzarət sistemi hazırda antimikrob preparatlara qarşı daha geniş nəzarət mexanizmini həyata keçirməyə imkan verir. Sistem nəticəsində antimikrob preparatların istehlakını qlobal səviyyədə ölçmək mümkündür”.
H.Harmancı həmçinin qeyd edib ki, antibiotiklərin fərdi şəkildə və səhiyyə müəssisələrində istifadəsi problemi COVID-19 pandemiyası nəticəsində daha da pisləşib: "Antibiotiklərin COVID-19 infeksiyasını müalicə etməməsinə və qarşısını almamasına baxmayaraq, pandemiya dövründə antibiotiklərdən istifadə daha da artıb. Araşdırmalara əsasən, koronavirus xəstələrinin 75 faizi müalicədə antibiotiklərdən istifadə edir".
Dəyirmi masada Səhiyyə Nazirliyinin mütəxəssisi Nəzifə Mürsəlova deyib ki, dünyada hər il 700 mindən çox insan antibiotik preparatlarına qarşı dayanıqlılığı səbəbindən həyatını itirir. Nəticədə, milyonlarla vəsait məhz antibiotik preparatlara dayanıqlılığa görə iqtisadi itkiyə yol açır. N.Mürsəlova bildirib ki, yeni növ koronavirus pandemiyası antibiotik preparatlarından istifadənin azaldılmasının vacibliyini bir daha gündəmə gətirib: "Antibiotiklərdən pərakəndə istifadə acı fəsadlara səbəb olur. Aidiyyətli qurumlar arasında təşkil edilən bu cür görüşlər antibiotiklərin pərakəndə istifadəsi probleminin həlli üçün vacibdir".
Tədbirdə çıxış edən TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva da antibiotiklərin ziyanlarından bəhs edib: “Bakteriyalar yeni yaradılmış antibiotiklərə qarşı 3-4 il ərzində davamlılıq qazanırlar. Ona görə də bir neçə il əvvəl istifadə edilən çox güclü antibiotiklər bu gün xəstəxanaların reanimasiya şöbələrində istifadə edilmir. Yəni başa düşmək lazımdır ki, hər dəfə daha güclü antibiotiklər istehsal və istifadə etmək belə preparatlara qarşı dayanıqlılığın yaranması problemini həll etmir. Belə dəyirmi masaların təşkili, müzakirələrin aparılması problemin həlli istiqamətində vacibdir”.
ÜST-nin Avropa üzrə Regional Ofisinin antimikrob preparatlara qarşı davamlılığa nəzarət üzrə proqram rəhbəri Danilo Lo Fo Vonq və FAO-nun Avropa və Mərkəzi Asiya regionu üzrə ofisinin heyvan sağlamlığı üzrə aparıcı mütəxəssisi Eran Raizman mövzu ilə bağlı təqdimatlar ediblər.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova