Baş pediatr: Yay mövsümünün uşaq sağlamlığı üçün üstün cəhətlərindən yararlanmaq lazımdır

Baş pediatr: Yay mövsümünün uşaq sağlamlığı üçün üstün cəhətlərindən yararlanmaq lazımdır

Ötən illər uşaqlar arasında tez-tez rastlaşdığımız çoxsaylı virus infeksiyalarının - adenoviruslar, qrip və paraqrip viruslarının törətdiyi xəstəliklər bu il minimuma enib. Bunu Səhiyyə Nazirliyinin pediatriya üzrə baş mütəxəssisi, professor Nəsib Quliyev söyləyib. Bu azalmanın səbəbini koronavirusla əlaqədar, dünyada, o cümlədən ölkəmizdə sanitariya-gigiyena normalarına daha ciddi əməl edilməsində görən baş pediatr hesab edir ki, tibbi maskalardan və dezinfeksiya məhlullarından istifadə, sosial məsafəni qorumaq, kütləvi tədbirlərdən, xüsusilə də uşaqların belə yerlərdə olmasından çəkinmək təkcə koronavirusa deyil, digər virus infeksiyalarına yoluxma sayının da kəskin azalmasına səbəb olub.
Professor N.Quliyevin sözlərinə görə, bu ilin yaz və yay aylarında uşaqlar arasında vitamin çatışmazlığı, qidalanma problemləri və allergik xəstəliklərə daha çox rast gəlinir.
Baş pediatr bildirib ki, valideynlər övladlarını mövsümi xəstəliklərdən qorumaq üçün onların qidalanmasına ciddi diqqət göstərməlidirlər: "Təəssüf ki, müəyyən səbəblərdən dolayı uşaqların qidalanmasına laqeyd yanaşanlar çoxdur. Valideynlər, daha sonra müəllimlər və səhiyyə işçiləri uşaqların sağlamlıqlarının qayğısına qalmalıdırlar. Məsələn, allergiyaya meyilli uşaqlarda allergiya əmələ gəlməmiş profilaktik tədbirlərin aparılması çox vacibdir. Sahə pediatrları belə xəstələrə müvafiq dərman preparatları verərək xəstəliyin baş qaldırmaması üçün əvvəlcədən fon yaradılmasına çalışmalıdırlar".
Ümumiyyətlə, uşaqlarda allergik xəstəliklərin əsas əlamətləri burun tutulması, nəfəsalmanın çətinləşməsi, selikli qişanın ödəmləşməsi, burun və gözdə qaşınmadır. Pollinozlu xəstələr bəzən ard-arda 30-40 dəfə asqırırlar. Kəskin allergiyalar yaradan səbəblərdən biri də ətrafda olan ağac, bitki və gül kollarıdır. Baş pediatr məsləhət görür ki, ağacların tozlarına allergiyası olan uşaqlarda xəstəliyin profilaktikası yazın əvvəllərində başlamalıdır ki, mayda ağacların çiçəkləndiyi vaxtda allergik vəziyyət yaranmasın.
Nəsib Quliyevin sözlərinə görə, yay fəslində uşaqların qida rasionunda meyvə, giləmeyvə və tərəvəzlərə üstünlük verilməlidir: "Çalışmaq lazımdır ki, uşaqların qidalarında köhnəlmiş yeməklərdən istifadə olunmasın, bütün qidalar təzə olsun. Yay mövsümü uşaqların sağlamlığı üçün mühüm əhəmiyyət kəsb edir. Bu mövsümün üstün cəhətlərindən yararlanıb uşaqların qışa fiziki hazırlıqlarını təmin etmək lazımdır. Bunun üçün uşaqlara, mütəmadi olaraq, günəş və su vannası qəbul etdirmək faydalıdır. Lakin valideynlər nəzərə almalıdırlar ki, bu zaman müəyyən qaydalara riayət etmək lazımdır".
Baş mütəxəssis xatırladıb ki, uşaqların dərisi daha zərif olduğundan, günəş şüasının təsirinə tez məruz qalır: “Günəşdən qoruyucu kremlər uşaqlar üçün də istifadə edilir, lakin həmin kremlər uşaqlarda allergiyaya səbəb ola bilər. Ona görə də, günəş kremlərindən istifadəyə arxayın olub, uşağı uyğun olmayan saatlarda günəşə çıxarmaq olmaz. Uşaqlar yalnız səhər saat 6-dan 11-ə qədər günəş vannası qəbul edə bilərlər. 11:00-16:00 aralığında isə onları günəş altında saxlamaq ziyandır. Valideynlər uşaqları dənizə apararkən tədrici rejimə riayət etməlidirlər. Mövsümdə ilk dəfə dənizə gedən uşaq ardıcıl olaraq 5-6 saat dənizdə qala bilməz. Misal üçün, birinci dəfə yarım saat, ikinci dəfə 1 saat olmaqla uşaqların dəniz istirahətini mərhələli şəkildə təmin etmək lazımdır. Ümumiyyətlə, yay aylarında günəş, dəniz və qum vannası uşaqların qışda xəstələnməsinin qarşısını almaq üçün ən təsirli vasitədir. Yayda təbiətin verdiyi sərvətlərdən yararlanaraq uşaqları qışa hazırlamaq onların orqanizmi üçün çox faydalıdır”.
Həkim deyib ki, isti havalarda uşaqların geyiminə də diqqət yetirilməlidir: “Məsləhətdir ki, günəş şüasını udan tünd rəngli paltarlardan imtina edib, əsasən açıq rəngli geyimlərə üstünlük verilsin”.
Baş pediatr həmçinin qeyd edib ki, yeni növ koronavirusun kökünü kəsmək, yəni infeksiyaya yeni yoluxma sayını sıfıra endirmək mümkün olmazsa, çox güman ki, növbəti illərdən uşaqlara da COVID-19 əleyhinə peyvəndləmə prosesinə başlanılacaq.
Nəsib Quliyevin verdiyi məlumata görə, hazırda Azərbaycanda təsdiq olunmuş peyvənd təqviminə əsasən, uşaqlarda planlı olaraq 11 infeksiyaya qarşı vaksinasiya aparılır: “Gələcəkdə koronavirus infeksiyasının da həmin siyahıya daxil ediləcəyi istisna olunmur”.
Səhiyyə Nazirliyinin baş mütəxəssisi bildirib ki, indiki qaydalara əsasən, ölkəmizdə yalnız 18 yaşdan yuxarı şəxslər koronavirus əleyhinə vaksinasiyadan keçə bilərlər: “Lakin xarici ölkələrdə - Avropada və ABŞ-da vaksin istehsal edən bir neçə şirkət COVID-19 əleyhinə vaksinləri uşaqlar üzərində sınaqdan keçirməyə başlayıblar. Bu isə o deməkdir ki, sınaqların nəticəsi müsbət olsa, vaksinasiyanın yaş həddi aşağı salına bilər”.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova