Narkoloji Mərkəzdə xəstələrə dərman müalicəsi ilə yanaşı, psixoloji yardım da göstərilir
Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin (RNM) şöbə müdiri Pərvin Məmmədov mərkəzin fəaliyyəti barədə onlayn müsahibə verib.
- Narkoloji Mərkəzdə müalicə olunan vətəndaşlara necə yardım göstərilir?
- “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxs ixtisaslaşdırılmış ambulator və stasionar narkoloji xidmət göstərən müalicə-profilaktika müəssisəsidir, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa və digər müvafiq normativ-hüquqi aktlara uyğun fəaliyyət göstərir.
Mərkəzdə narkomaniyanın, alkoqolizmin, toksikomaniyanın və digər asılılıq hallarının qarşısını almaq məqsədilə müalicə və profilaktika işi aparılır. RNM əmək qabiliyyətinin müvəqqəti itirilməsinin, həmçinin alkoqol sərxoşluğunun ekspertizasını həyata keçirir. Azadlıqdan məhrumetmə yerlərindən alkoqolizm, narkomaniya və toksikomaniya ilə əlaqədar məcburi müalicəyə göndərilmiş şəxslərin müayinə və müalicəsi aparılır, narkotik vasitələrdən və digər psixotrop maddələrdən sui-istifadə edən şəxslərə psixoterapevtik yardım göstərilir.
- Narkoloji müalicədə normal psixoloji vəziyyəti necə bərpa edirsiniz?
- Narkoloji Mərkəzdə müalicə alan xəstələrə dərman müalicəsi ilə yanaşı, psixoloqlar tərəfindən fərdi və qrup terapiyaları şəklində psixoloji yardım göstərilir. Mövcud durumu nəzərə alaraq, xəstələrə psixoloji yardımın intensivliyi artırılıb.
- RNM-də COVID-19-la necə mübarizə aparılır?
- Koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə mərkəzdə maska taxılması, sosial məsafənin qorunması, əl gigiyenasına əməl edilməsi tövsiyələrini əks etdirən məlumatlandırıcı lövhələr vurulub. Giriş qapısında mərkəzə müraciət edən şəxslərin hərarəti yoxlanılaraq, dezinfeksiyaedici vasitələrdən istifadə edilir. İlkin olaraq Qəbul şöbəsində xəstələrin hərarəti yoxlanılır. Əgər xəstənin hərarəti normadan yüksək olarsa, COVID-19 test müayinəsi məsləhət görülür. Pandemiya ilə əlaqədar stasionar şəraitdə müalicə alan xəstələrin təhlükəsizliyi məqsədilə xüsusi karantin rejimi qaydalarına əsasən xəstə yaxınları ilə görüş qadağan edilib. Bütün otaqlar və dəhlizlər dezinfeksiyaedici məhlulla müntəzəm olaraq təmizlənir.
- Sizin mərkəz hər zaman təhsil ocaqlarında görüşlər, maarifləndirmə seminarları keçirir. Pandemiya dövründə bu fəaliyyətinizi hansı şəkildə davam etdirirsiniz?
- Pandemiya ilə əlaqədar olaraq, tədris müəssisələrində maarifləndirici tədbirlər müvəqqəti təxirə salınıb. Yalnız cəzaçəkmə müəssisələrində, hərbi məktəbin məzunları, gənc zabit və əsgərlər qarşısında, KİV-də, həmçinin onlayn şəkildə “Narkotiklərə “YOX” deyək!” şüarı altında narkomaniyaya qarşı maarifləndirici-təbliğat xarakterli sual-cavab, müzakirə və diskussiyalar mütəmadi olaraq həyata keçirilir.
- Mərkəzə edilən müraciətlərdə hansı hallar daha çox müşahidə olunur?
- Son dövrlər edilən müraciətlərə əsasən deyə bilərik ki, polinarkomaniya, yəni iki və daha artıq sintetik, yarımsintetik və təbii narkotik vasitələrin birlikdə qəbulu halları çoxalıb. Psixostimulyatorlar qrupundan sintetik psixoaktiv maddə olan metamfetaminin və opiatların birlikdə qəbulu istifadəçilərin sinir sistemində kəskin pozuntular yaradır. Belə hallarda həkim-narkoloqlarla yanaşı, müalicədə həkim-psixoterapevt və həkim-nevropatoloqlara ciddi ehtiyac duyulur.
- RNM-də neçə şəxs qeydiyyatdadır və ötən illə müqayisədə statistika necə dəyişib?
- Hazırda mərkəzdə qeydiyyatda olan narkotik maddə istifadəçilərinin sayı 33 788-dir. Onlardan 618-i qadın, doqquzu 15-17 yaşlarda, 12 969-i isə 18-34 yaşlar arası pasiyentlərdir. Qeyd edim ki, ötən il qeydiyyatda 32 921 nəfər olub. Amma bu artımı ölkədə narkotik maddə istifadəçilərin sayının artması kimi qəbul etmək də düzgün olmaz. Düşünürəm ki, bu, Narkoloji Mərkəzə müraciətlərin sayında olan dəyişiklikdir. Yəni biz bunu mərkəzdə aparılan müalicəyə olan inamın artması kimi dəyərləndiririk.