Ötən il ölkədə intihar hallarının sayı azalıb

Ötən il ölkədə intihar hallarının sayı azalıb

Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində əhalinin psixi sağlamlığı, intihar və böhranlı vəziyyətlərin aradan qaldırılması mövzusunda mətbuat konfransı keçirilib. Tədbirdə Psixi Sağlamlıq Mərkəzinin Təcili psixoloji yardım şöbəsinin əməkdaşları mətbuat nümayəndələrinə intihar və onun səbəbləri haqqında ətraflı məlumat verib, böhran vəziyyətləri mövzusunda təqdimat keçirib, bu hallarda aparılan müdaxilə üsullarını geniş şərh ediblər.
Mərkəzin Psixoloji yardım şöbəsinin müdiri, psixiatr Kəmalə Talıbovanın sözlərinə görə, ölkəmizdə 2015-ci ildə 515 tamamlanmış intihar faktı qeydə alınmışdısa, ötən il bu rəqəm 327 olub, bu da müqayisədə 2016-cı ildə intihar hallarının sayında azalma olduğunu göstərir. Bundan əlavə, keçən il 470 tamamlanmamış suisid (intihara cəhd) olub.
İntihar və intihara cəhd hallarının bütün dünyada qlobal problemlərdən biri olduğunu deyən psixiatr Azərbaycanda da belə hallara rast gəlindiyini, bununla belə, ölkəmizdə intiharların sayının kritik vəziyyətdən aşağı olduğunu qeyd edib. Bildirib ki, hazırda dünyada intihar faktları orta hesabla hər 100 min nəfərdən yeddisində rast gəlinirsə, Azərbaycanda bu göstəricisi təxminən hər 100 min nəfərə beş hadisədir. O, Səhiyyə Nazirliyinin suisid hallarının profilaktikası istiqamətində zəruri maarifləndirmə işlərinin həyata keçirdiyini söyləyib, geniş ictimaiyyətin bu mövzuda maarifləndirilməsinin mühüm əhəmiyyətini vurğulayıb.
İntiharların səbəbləri barədə danışan K.Talıbova burada fizioloji, psixoloji, sosial və genetik faktorların böyük rol oynadığını qeyd edib. Bildirib ki, intihara cəhd halları 25-50 yaş arası insanlarda daha çox müşahidə olunur, kişilərdə buna qadınlara nisbətən daha çox rast gəlinir.
Sonra mərkəzin psixoloqu Günel Quliyeva qeydə alınmış intihara cəhd hallarında adətən anonimliyin qorunduğunu deyib, lakin bildirib ki, bu, bütün hallarda mümkün olmur və düzgün deyil: “Suisidə cəhd edən şəxsin psixoloji vəziyyəti yoxlanılır. Əgər intihara meyilliliyin yüksək həddə olduğu müəyyən edilərsə, bu barədə şəxsin yaxınlarına məlumat verilir”. Psixoloq qeyd edib ki, krizis halı hər bir insanda ola bilər, bu zaman intihara cəhd edilib-edilməməsində isə psixi dayanıqlılıq əsas rol oynayır.
Tədbirdə intihar cəhdləri zamanı ilkin psixoloji yardım üsulları müzakirə edilib. Psixi Sağlamlıq Mərkəzinin əməkdaşları jurnalistlərin mövzu ilə bağlı suallarını cavablandırıblar.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova