Beynəlxalq Vaxtından Əvvəl Doğulan Uşaqlar Günü qeyd edilib

Beynəlxalq Vaxtından Əvvəl Doğulan Uşaqlar Günü qeyd edilib

Son illərdə vaxtından əvvəl doğuşlarda artım müşahidə edilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutu və Azərbaycan Pediatrlar Assosiasiyasının birgə keçirdiyi konfransda danışılıb. Beynəlxalq Vaxtından Əvvəl Doğulan Uşaqlar Gününə həsr olunan tədbirdə yenidoğulmuşların qısa zaman çərçivəsində sağlamlıq problemlərinin aradan qaldırılması və reanimasiyasında müasir tibbi avadanlıqların effektiv rolundan bəhs edilib.
Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə vaxtından əvvəl doğulmuş kritik az çəkili körpələrin reanimasiya və intensiv terapiyasının uğurla aparılmasının, standartlara uyğun yüksək tibbi xidmətin dövlətin demoqrafik göstəricilərinə də müsbət təsir göstərdiyini deyib. T.Tağı-zadə bir müddət öncə 600 qram bədən kütləsi ilə dünyaya gələn körpənin sağlam inkişafına nail olduqları üçün fədakar pediatr və neonatoloqlara dərin minnətdarlığını bildirib.
ÜST-nin tövsiyələrinə əsasən, diridoğulma hamiləliyin 22-ci həftəsindən hesablanır. Həmin vaxta qədər dölün məhv edilməsi abort kimi qəbul edilir. Əvvəllər isə bu göstərici 28-ci həftədən hesablanırdı, sonradan o daha 6 həftə irəli çəkilib. Bununla yanaşı, beynəlxalq qaydalara uyğun olaraq, yeni doğulan körpənin çəkisi 500 qram və ya artıq olmalı, ən azı 4 həyat əlamətindən - sərbəst nəfəs, ürək döyüntüsü, göbək bağının döyünməsi və əzələlərin sərbəst hərəkəti əlamətlərindən birinə malik olmalıdır. Həmin əlamətlər olmadıqda körpə ölü doğulmuş hesab edilir.
2014-cü il oktyabrın 26-da Azərbaycan Respublikası Nazirlər Kabineti ölkəmizdə “Diri doğulmanın beynəlxalq meyarları” haqqında Qərar qəbul edib və 2015-ci il yanvarın 1-dən etibarən bu meyarlar mülkiyyət formasından asılı olmayaraq ölkəmizin bütün tibb müəssisələrində tətbiq edilir.
Qeyd edək ki, Beynəlxalq Vaxtından Qabaq Doğulmuş Uşaqlar Günü 2009-cu ildə Yeni Doğulmuş Uşaqlara Nəzarət üzrə Avropa Fondunun təşəbbüsü ilə təsis edilib.
Fondun bildirdiyinə görə, hər il planetdə təxminən 15 milyon uşaq vaxtından əvvəl doğulur, başqa sözlə ifadə etsək, bu, orta hesabla hər 10 uşaqdan biri deməkdir. Həmin uşaqların bir milyondan çoxu doğulandan dərhal sonra ölür və bir çoxu müxtəlif növ fiziki və nevroloji qüsurlardan əziyyət çəkir, yaxud uyğunlaşma problemləri ilə üzləşir. Statistikaya görə, vaxtından əvvəl doğuş zamanı ölüm dünyadakı bütün yenidoğulmuşlar arasındakı ölüm hallarının, demək olar ki, yarısını təşkil edir.
Erkən uşaq doğulan ailələrdə körpələrin təkcə keyfiyyətli müalicəsinə və yalnız maddi deyil, həm də psixoloji dəstəyə ehtiyac duyulur. Vaxtından əvvəl doğuş problemi ilə ailə və cəmiyyətin rifah və inkişaf səviyyəsindən asılı olmayaraq üzləşmək mümkündür. Lakin təcrübə göstərir ki, vaxtından qabaq doğulanların xeyli hissəsi nəinki sağlam və gümrah, hətta görkəmli şəxsiyyətlərə çevrilirlər.
Bu təqvim gününün qeyd olunmasının məqsədi vaxtından əvvəl doğumun təhlükəsi və fəsadları, profilaktikası və hamiləliyin tam vaxtında başa çatdırılması haqqında ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova