Özbəkistan – Azərbaycan səhiyyə dekadasında iştirak edən həkimlərlə görüş keçirilib
Azərbaycan Səhiyyə Nazirliyində Özbəkistan – Azərbaycan səhiyyə dekadası çərçivəsində özbəkistanlı həmkarları ilə birlikdə tibbi müayinələr və cərrahi əməliyyatlar keçirmək üçün Özbəkistana ezam olunan həkim mütəxəssislərlə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, görüşdə ilk növbədə Azərbaycanın və Özbəkistanın səhiyyə sahəsinin inkişafına xidmət edəcək bu tədbirin keçirilməsində göstərilən yüksək dəstəyə görə Heydər Əliyev Fonduna və ölkənin birinci vitse-prezidentinə minnətdarlıq ifadə edilib.
Uğurlu cərrahiyyə əməliyyatları və tibbi müayinələr apardıqlarına görə həkimlərə təşəkkürünü bildirən nazir Teymur Musayev deyib: “Hər iki ölkənin prezidentlərinin rəhbərliyi altında Azərbaycanla Özbəkistan arasında uğurlu əməkdaşlıq üçün güclü fundamental əsaslar yaradılıb, bu əlaqələrin daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülüb”.
Tərəfdaşlıq əlaqələrinin digər sahələrlə yanaşı, səhiyyə sektorunda da getdikcə gücləndirilməsini qeyd edən nazir bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Özbəkistan – Azərbaycan səhiyyə dekadasının keçirilməsi bu əlaqələrin bariz nümunəsidir. Yüksək səviyyədə təşkil olunan dekada və forum ölkələr arasında səhiyyə sahəsində münasibətləri yeni müstəviyə keçirməklə, bu istiqamətdə uğurlu inkişaf perspektivlərini və gələcəkdə qarşılıqlı əməkdaşlıq imkanlarını müəyyənləşdirmək üçün möhkəm əsaslar yaradıb.
“Dekada çərçivəsində birgə aparılan uğurlu cərrahi əməliyyatlar, müalicə və müayinə tədbirləri hər iki ölkənin həkim mütəxəssislərinin praktiki tibbi təcrübə mübadiləsi, peşəkarlıq, bilik və bacarıqlarının artırılması üçün faydalıdır, bununla yanaşı, əhalinin yüksək səviyyədə sağlamlığının qorunmasında mühüm addımdır”, - deyə nazir vurğulayıb.
Həyata keçirilən tədbirlər barədə məlumat verən həkimlər bildiriblər ki, Özbəkistan – Azərbaycan səhiyyə dekadası çərçivəsində Azərbaycandan olan 14 həkim tərəfindən özbəkistanlı həmkarları ilə birgə yerli əhaliyə müasir tibbi avadanlıqlar vasitəsilə, yüksək peşəkarlıqla 100-dən artıq müxtəlif cərrahiyyə əməliyyatları icra edilib, müayinə və müalicələr həyata keçirilib.
Paytaxt Daşkəndlə yanaşı, Özbəkistanın Səmərqənd, Xarəzm, Buxara, Nəvai və digər bölgələrində neonatal minimal invaziv cərrahiyyə, uşaq cərrahiyyəsi, transplantologiya, minimal invaziv laparoskopik və histeroskopik cərrahiyyə, travmatologiya və ortopediya, onkologiya, oftalmologiya və ağır rekonstruktiv əməliyyatların icra edildiyi bildirilib.
Sonda səhiyyə dekadası çərçivəsində tibbi əməliyyatların keçirilməsi üçün Özbəkistana ezam olunan həkim mütəxəssislər Səhiyyə Nazirliyinin diplomları ilə təltif ediliblər.