Azərbaycanda uşaqlarda mənşəyi məlum olmayan hepatit virusuna yoluxma halı aşkarlanmayıb
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.
Səhiyyə qurumları bildirirlər ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata əsasən, Avropa və ABŞ-da uşaqlar arasında mənşəyi məlum olmayan hepatit virusu yayılır, indiyə qədər 11 ölkədə belə yoluxma halı aşkarlanıb: “Azərbaycan Respublikasının səhiyyə qurumları tərəfindən ölkə ərazisində epidemioloji vəziyyət dərhal araşdırılıb. Nəticələrə əsasən, indiyə qədər Azərbaycanda uşaqlarda mənşəyi məlum olmayan hepatit virusuna yoluxma halı aşkarlanmayıb. Vətəndaşların nəzərinə çatdırırıq ki, ölkə ərazisində vəziyyət diqqətlə izlənilir və nəzarət altındadır. Əhaliyə təşvişə düşməmək, lakin profilaktik tədbirlərə, xüsusən adi gigiyena qaydalarına riayət etmək, o cümlədən əlləri tez-tez yumaq, xəstə insanlarla (asqırma, öskürmə və s. əlamətləri olan) təmasdan çəkinmək, habelə, çirkli əllərlə gözlərə, buruna və ya ağıza toxunmamaq tövsiyə olunur.
Valideynləri və uşaqlara qayğı göstərən digər şəxsləri hepatitin simptomlarından xəbərdar olmağa və hər hansı narahatlıqla bağlı tibb işçiləri ilə əlaqə saxlamağa çağırırıq”.
Öz növbəsində, ÜST mənşəyi məlum olmayan kəskin hepatitə yoluxma hallarını fəal şəkildə tədqiq etdiyini açıqlayıb. Bu barədə ÜST-nin brifinqində qurumun elmi mütəxəssisi Filippa İsterbruk bildirib.
Onun sözlərinə görə, dünyada bu günə qədər mənşəyi məlum olmayan kəskin hepatitə təxminən 160 yoluxma halı təsdiq edilib, onlar mütəxəssislər tərəfindən fəal şəkildə tədqiq olunur. "Biz müxtəlif amillərin bütün spektrini, bu xəstəliyin mümkün yoluxucu və yoluxucu olmayan mənbələrini nəzərdən keçiririk”, - deyə İsterbruk qeyd edib. Bildirib ki, həm əvvəlki hallar, həm də ölkələrin məlumat verdikləri yeni yoluxmalar tədqiq olunur.
Mütəxəssis dəqiqləşdirib ki, bu günə qədər həmin xəstəlik hadisələrində kəskin hepatit virusuna (A, B, C, D və E) səbəb olan viruslar aşkar edilməyib. Mədə pozuntusu və ya qastroenteritə səbəb olan heç bir məlum bakteriya və virus da aşkarlanmayıb. "Dünya üzrə aparılan sorğunun nəticələrinə görə, hansısa qida, hansısa preparat, hansısa müəyyən regiona səfərlə bağlı heç bir dəqiq bağlılıq yoxdur, - deyə ÜST nümayəndəsi qeyd edib. – Koronavirusa qarşı vaksinlə əlaqələrin mövcud olmasına heç nəyin işarə etməməsi də vacibdir. Uşaqların əksəriyyəti koronavirusa qarşı peyvənd olunmayıb". "Ola bilsin ki, bu adenovirusla əlaqəlidir, bu, həmin xəstəliyin mənşəyinin mümkün ehtimalıdır", - deyə o bildirib.
Uşaqlarda mənşəyi məlum olmayan kəskin hepatit virusu Böyük Britaniya, İspaniya, İsrail və ABŞ da daxil olmaqla, 12 ölkədə qeydə alınıb. Xəstəlik zamanı qaraciyər fermentləri səviyyəsinin artması və bir çox hallarda qarın ağrısı, ishal və qusma da daxil olmaqla mədə-bağırsaq simptomları müşahidə olunur.
Qeyd edək ki, Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Təşkilatı (UKHSA) da ailələri uşaqlarda sarılıq əlamətlərinə diqqət yetirməyi tövsiyə edib. Səhiyyə rəsmiləri son günlər bir çox ölkədə bəzi azyaşlı uşaqlarda müşahidə edilən hepatit hadisələrinə cəmiyyətdə yayılmış virus növü olan adenovirusun səbəb ola biləcəyini açıqlayıb. Bildirilir ki, bu günə kimi 169 yoluxma faktı aşkarlanıb, bir uşaq həyatını itirib. İngiltərədə virusun aşkarlandığı 114 uşaqdan 10-nun qaraciyər transplantasiyasına ehtiyacı var. Britaniya Sağlamlıq Təhlükəsizliyi Təşkilatı əsasən adenovirusun F41 ştamından şübhələndiyini bildirib.
UKHSA-nın professoru Mira Çand virusun yayılmasının digər mümkün səbəblərini araşdırmağa davam etdiklərini söyləyib.
Liverpul Universitetinin yoluxucu xəstəliklər üzrə professoru Calum Semple isə bildirib ki, COVID-19 pandemiyası zamanı tətbiq edilən tədbirlər nəticəsində adenorivus, demək olar ki, tamamilə yox olmuşdu və indi onun yeni, fərqli bir dalğası başlayıb.