Günəş qədər parlaq Günəş övladları
Martın 21-i Ümumdünya Daun Sindromlu İnsanlar Günüdür. Gülərüzlü, yalnız müsbət xüsusiyyətləri özlərində cəmləşdirdiklərinə görə Daun sindromlu uşaqları Günəşin övladları adlandırırlar. Ümumdünya Daun Sindromlu İnsanlar Günü münasibətilə Səhiyyə Nazirliyinin Uşaq Psixonevroloji Mərkəzinin direktoru Kəmalə Talıbova müsahibə verib.
- Daun sindromlu uşaqlar Günəş qədər işıqlı və dünyamıza Günəş qədər gərəklidirlər. Onlar insan təbiətinə xas olan bütün mənfi keyfiyyətlərdən və çatışmazlıqlardan azad, yalnız müsbət xüsusiyyətləri özlərində birləşdirirlər.
Təəssüf ki, bəzi insanlar misilsiz dərəcədə dəyərli olan bu şəxsləri düzgün qiymətləndirə bilmirlər. Müəyyən səbəblərdən bəzi valideynlər Daun sindromlu uşaqlara yük kimi baxır, onların sosiallaşmasına lazımi diqqət ayırmırlar. Əksinə, düzgün istiqamətləndirilmiş Daun sindromlu şəxs bir çox sahələrdə daha da bacarıqlı ola bilər. Məsələn, həmin sindromla doğulan uşaqların əksəriyyəti incəsənətə meyilli olurlar, hətta bəziləri dahilik dərəcəsində istedadlıdırlar.
- Daun sindromlu uşaqların təhsil almaları üçün xüsusi məktəblərə ehtiyac varmı, yoxsa inklüziv təhsil kifayət edir?
- Fikrimcə, həmin uşaqlara ayrıca məktəb yox, xüsusi yanaşma olmalıdır və onlar təcrid olunmayaraq adi məktəblərdə inklüziv təhsil almalıdırlar. Həm valideynlər, həm də cəmiyyət bu işdə bizə dəstək olmalıdır.
Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün əsas vəzifə əmək prosesində uşaqların zehni funksiyalarının inkişafı və çatışmazlıqlarının mümkün qədər tez düzəldilməsinə çalışmaqdır. Daun sindromlu uşaqların tərbiyəsində, onların düzgün davranışının formalaşdırılmasında əsas diqqət vərdişlərinin qurulmasına yönəlməlidir. Bütün uşaqlar kimi onlar da oynamağı, rəqs etməyi, oxumağı, yeni nəsə öyrənməyi sevirlər. Onlar istək ifadə etməyi bacarmalı, özünü qoruya bilməli və ya təhlükədən qaçmagı bacarmalıdır. İlk növbədə, valideynlər bu uşaqları cəmiyyətdən ayırmamalı və onların cəmiyyət içərisində böyüməsinə, yaşamasına, inkişaf etməsinə kömək etməlidirlər.
Daun sindromlu insanların təhsil ala, işləyə və uğur qazana bilməyəcəyi haqqında fikirlər yanlışdır. Onlar arasında dünyaca məşhur insanlar var - aktyor Paskal Düken, rəssam Raymond Hu və s. kimi.
Bu sindromla doğulmuş bir insanın yaşam müddəti yaşayış keyfiyyətindən və şərtlərindən asılıdır, hətta 80 yaşadək yaşayanlar olub.
- Daun sindromlu uşaqların valideynlərinə nə tövsiyə edərdiniz?
- Çox vaxt valideynlər övladının Daun sindromlu olması ilə barışmaqda çətinlik çəkirlər. Bizim göstərdiyimiz diqqət və sevgi ilə bərabər, valideynlər də öz qayğılarını və sevgilərini həmin uşaqlardan əsirgəməməlidirlər. Daun sindromlu uşaqlara qulluq etmək böyük diqqət və dözüm tələb edir, onlarla səbirlə davranmalıdırlar. Təbii ki, ailə sevgisi bütün sevgilərdən üstündür. Xatırlayıram ki, hətta bizim uşaqlardan birinin ailəsi ondan imtina etmişdi və 5 ildən sonra ailə uşağı geri götürdü. Daun sindromlu uşaqlara xüsusi və düzgün yanaşma zamanı onlara gündəlik həyatda tələb olunan minimal məişət və kommunikasiya vərdişlərini öyrətmək mümkündür.