MRT və KT diaqnostik müayinələri üçün bir sıra əks-göstərişlər var

MRT və KT diaqnostik müayinələri üçün bir sıra əks-göstərişlər var

Radiologiya görüntü üsullarından istifadə edərək anatomiyanı araşdıran tibb sahəsidir. Anatomiya və patologiya üzrə yaxşı biliklərə əsaslanan radioloq görüntüləmə zamanı aşkar etdiyi anormal vəziyyəti müvafiq mütəxəssis həkimə çatdırır. Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssisi Xəyalə İsmayılzadə müsahibəsində danışıb.

- Hansı xəstəliklərdə radioloji diaqnostika üsullarına ehtiyac olur?
- Radiologiyanın əsas mövzusu anatomik morfoloji pozuntulara səbəb olan xəstəliklərdir. Nevroloq xəstədən maqnit rezonans tomoqrafiya (MRT) müayinəsi tələb edirsə, məqsəd başağrısını sübut etmək deyil, başağrısına səbəb ola bilən anatomik pozuntunun olub-olmadığını aşkarlamaqdır.

- Maqnit rezonans tomoqrafiya ilə kompüter tomoqrafiyası (KT) arasında fərq nədir?
- Bu gün həm maqnit rezonans, həm də kompüter tomoqrafiyası instrumental diaqnostikanın ən informativ və yüksək dəqiqlikli üsullarıdır. Onların köməyi ilə bir çox xəstəliklərin diaqnozunun qoyulması asanlaşıb və beləliklə, müalicə daha effektli olub. Hər iki üsul bədənin patologiyasını təsvir edir, ancaq MRT yumşaq toxumaların vəziyyəti haqqında məlumat verirsə, KT daha çox sümüklərin və digər sərt toxumaların sağlamlığını qiymətləndirmək üçün istifadə olunur.
MRT və KT arasındakı əsas fərqlər cihazların işləmə prinsipində, şüalanmanın təbiətində və istifadə üçün göstərişlərdədir. MRT zamanı rentgen şüalanma deyil, güclü maqnit sahəsi istifadə olunur. Cihaz impulsları göndərir, bədənin toxumaları müxtəlif gücü olan rezonansları qaytarır. MRT bu siqnalları toplayır və onlardan 3 ölçülü təsvirlər yaradır. KT isə rentgen şüalanması ilə müayinənin kompüter proqramları ilə təhlil olunaraq qat-qat görüntülərin yaradılmasına əsaslanır.

- MRT və KT diaqnostik müayinələri nə dərəcədə təhlükəsizdir?
- Bu müayinələr üçün bir sıra əks-göstərişlər mövcuddur. KT rentgen şüası əsasında işləyən cihaz olduğu üçün və şüalanmanın DNT-də yaratdığı mutasiyalar hesabına sonrakı mərhələdə kanserogen təsir ehtimalının olduğunu nəzərə alaraq, bu müayinə yalnız həkim göstərişi əsasında edilməlidir. Yalnız həyati zərurət olduğu təqdirdə, istisna hal kimi həkim qərarı ilə müayinələr arasındakı müddət qısaldıla bilər.
MRT müayinəsi isə güclü maqnit sahəsinə əsaslanan diaqnostik üsul olduğundan 3 aylığa qədər hamiləlik, həmçinin orqanizmdə metal çisimlərin və cihazların olması (metal qəlpələr, endoprotezlər, ürəyin süni ritm aparıcısı, orta qulağın elektron və ya ferromaqnit protezləri, beyin damarlarının qandayandıran sıxacları və s.) bu müayinə üçün əks-göstərişdir.

- COVID-19 xəstəliyindən şübhələnən hər kəs radioloji müayinədən keçməlidirmi?
- COVID-19 infeksiyasında radioloji müayinə zamanı əldə edilən görüntülər hesabına xəstəliyin müalicəsi daha erkən fazalarda başlanıla bilər və müalicə üsulu dəyişdirilərək daha uyğunu seçilə bilər. Klinik tapıntıları və laborator müayinələri COVID-19-a əsaslandığı halda, PZR yaxmanın nəticəsi mənfi olarsa, xəstəyə düzgün diaqnoz qoymaq üçün döş qəfəsi rentgenoqrafiyası tələb edilir. Lakin rentgen müayinəsinin KT-yə nisbətən həssaslıq və spesifikliyi aşağı olduğuna görə klinik tələblərə uyğun olaraq tomoqrafiyadan da istifadə oluna bilər.
Xəstəliyin ağciyərlərə çatdığı düşünülürsə və müayinə zamanı ağciyərdə hər hansı zədələnmə hiss edilirsə, üstəlik, xəstədə tənəffüs çətinliyi varsa, o zaman xəstəliyin nə qədər geniş yayıldığını müəyyən etmək üçün ağciyərlərin tomoqrafiyası lazım bilinir. Xəstəliyə uyğun orta və ya ağır klinik nəticələr olduqda, test nəticələrindən asılı olmayaraq görüntüləmə tövsiyə olunur.
Lakin COVID-19 infeksiyasının asimptomatik hallarını araşdırmaq üçün radioloji müayinə istifadə edilməməlidir.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova