Səhiyyə Nazirliyi əks-göstəriş sertifikatı ilə bağlı suallara aydınlıq gətirib

Səhiyyə Nazirliyi əks-göstəriş sertifikatı ilə bağlı suallara aydınlıq gətirib

Əhali arasında COVID-19 əleyhinə vaksinə qarşı əks-göstəriş sertifikatları ilə bağlı bir sıra suallar yarandığına görə, Səhiyyə Nazirliyinin saytında mütəxəssislərin bu barədə açıqlamaları verilib. “Tibb qəzeti” həmin müsahibələri təqdim edir.

Əks-göstəriş sertifikatı üçün müraciət qaydaları ilə bağlı suallara Bakı şəhəri 19 saylı Şəhər Poliklinikasının baş həkimi Aytən Qurbanova cavab verib.

- Əks-göstəriş sertifikatı almaq istəyənlər haraya və necə müraciət etməlidirlər?
- Vaksinasiyaya əks-göstərişi olan və buna görə sertifikat almaq istəyən vərəndaşlar xəstəlikləri barədə əsaslı sənədləri (həkim rəyi, aparılmış müayinələrin nəticələri) ərazi üzrə poliklinikaya təqdim edirlər. Mütəxəssislər həmin göstəricilərə baxırlar, sənədin əsaslılığı yoxlanılır və qərar verilir. Əgər həmin şəxs xəstəliyin kəskin dövrünü yaşayırsa, onda xəstəlik tez-tez residivləşirsə (təkrarlanırsa), həmin xəstələr üçün peyvənd əks-göstərişdir. Bu halda poliklinika daxili nəzarət komissiyasından həmin xəstələrin sənədləri Səhiyyə Nazirliyinin Xüsusi komissiyasına göndərilir.

- Allergiyalarla bağlı müraciət hansı halda olunmalıdır?
- Allergiyanın kəskin dövründə olan xəstələr 2-4 həftə arası müalicə qəbul etdikdən sonra peyvənd oluna bilərlər.
Vaksinin hər hansı komponentinə qarşı reaksiyası olan şəxslər isə təsdiqləyici sənəd təqdim etməlidirlər. Belə ki, vaksinin birinci dozasını qəbul etdikdən sonra pasiyentdə anafilaktik şok, kəskin allergik reaksiyalar əmələ gəldiyi halda bununla bağlı məlumatlar sənədləşdirilir və növbəti vaksinin vurulmaması üçün orada məlumat qeyd olunur. Həkim-nəzarət komissiyası həmin xəstələrin sənədlərini qəbul edir, əsaslı olduğu halda onları əks-göstərişlər üzrə yaradılmış xüsusi komissiyaya təqdim edir.

Həkim-nəzarət komissiyası tərəfindən təsdiqlənərək göndərilən sənədlərin Xüsusi komissiyada baxılması qaydaları haqqında sualları Xüsusi komissiyanın üzvü Sevinc Məmmədova cavablandırıb.

- Əks-göstərişlərlə bağlı ən çox hansı müraciətlər olur?
- COVID-19 əleyhinə peyvəndi vurdurmağa əks-göstərişlərə görə poliklinikalara ən çox müraciətlər immun xəstəliklər, allergik və onkoloji xəstəliklər, epilepsiya xəstəliyi, hamiləlik və südverməyə görədir.

- Müraciətlərə hansı hallarda mənfi cavab verilir?
- Neqativ cavablar 3 halda olur. Birincisi, komissiya təqdim olunan diaqnoza görə sənədləri yoxlayır. Əgər idarəolunmayan epilepsiyadırsa və xəstənin dərman içməsinə baxmayaraq qıcolma tutmaları olursa, bu halda diaqnozu elektroensefaloqramma əsasında yalnız nevropatoloq qoya bilər. Amma əgər epilepsiya diaqnozu qoyulmuş xəstə xəstəliyin remissiya dövründədirsə, hazırda qıcolma tutmaları olmursa, onda həmin insanlara, bütün dünyada olduğu kimi, bizdə də koronavirus əleyhinə vaksin vurmaq olar.
İkinci neqativ cavabımız mütəxəssis rəyi olmadığı zaman verilir. Məsələn, xəstələr müayinə və müalicə ilə bağlı terapevt tərəfindən yazılan arayış təqdim edirlər. Amma bizə onkoloji və allergik xəstəliklər zamanı onkoloqun, allerqoloqun və s. mütəxəssislərin rəyi lazımdır. Onkoloji xəstənin müraciət zamanı vəziyyəti stabildirsə, yəni onun heç bir limfa düyünlərinə və digər orqanlara metastazı yoxdursa, bu insan üçün o arayış əks-göstərişə əsas deyil. Amma elə xəstələr var ki, onlar kimyaterapiya alırlar. Peyvənd istehsalçısının təlimatında yazılıb ki, onkoloji xəstəliyə görə immunsupressiv kimyaterapiya alan insanlar zəiflədici kimyaterapiyanı 2-4 həftəlik müddətə saxlasınlar. Onlar bu müddət ərzində peyvəndlənməli və sonra immunsupressiv kimyaterapiyanı davam etməlidirlər. Bu zaman onlara müvəqqəti əks-göstəriş sertifikatı verilir, yəni sənəddə qeyd olunur ki, immunsupressiv kimyaterapiyası bitəndən sonra artıq o, peyvəndi vurdura bilər.
Üçüncü neqativ cavabımız o hallarda olur ki, qadın hamilədir, amma bunu təsdiq edən heç bir sənəd yoxdur. Yəni qadın sadəcə olaraq özəl klinikalarda ultrasəs müayinəsindən (USM) keçib. Hamiləliklə bağlı sənədlər tam olmadığından, bu halda da bizim cavabımız neqativ olur və xanımlardan təsdiqedici digər sənədlər tələb edirik.

- Bəzi vətəndaşlar cavabların gecikdiyini bildirirlər. Bunun səbəbi nədir?
- Əks-göstəriş sertifikatının verilməsi ilə bağlı tibb müəssisələrindən müraciətlərin say çoxluğu, əsassız müraciətlər və göndərilən sənədlərin bəzən düzgün doldurulmaması müəyyən gecikmələrə səbəb olur. Qeyd edim ki, Bakı şəhərində iki komissiya fəaliyyət göstərir və hər komissiya həftədə 3 gün sənədləri qəbul edir. Bu komissiyaların hərəsinə təxminən 20-30 müəssisə sənəd təqdim edir. Sənədlər hər dəfə təqdim olunanda protokolda 70-90 insanın müraciəti olur. Məsələn, dünən sənədlərin qəbul günü idi və saat 12:00-dan 15:00-dək biz 6 müəssisədən 18 protokol qəbul etdik. Bu protokollarda 473 insanın sənədi var idi. Bu gün 15:00-dan 19:00-dək komissiya bu 473 insanın sənədinə baxaraq araşdıracaq və uyğun olub-olmaması barədə qərar verəcək. Vətəndaşların narazılığını anlayırıq, lakin göndərilən müraciətlərin komissiya tərəfindən araşdırılması müəyyən qədər vaxt aparır.
Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Stasionar xidmətin təşkili sektorunun müdiri Aytən Sultanova isə bildirib ki, indiyədək COVID-19 əleyhinə peyvəndlərə qarşı əks-göstəriş sertifikatı daha çox allergik və onkoloji xəstəliklər, idarəolunmayan epilepsiya, kəskin koronar sindrom, qan-damar sisteminin ağır xəstəlikləri, xroniki qaraciyər və böyrək xəstəlikləri, eləcə də hamiləlik və südverməyə görə verilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən həmçinin bildirilib ki, COVID-19 infeksiyası əleyhinə peyvəndlərə qarşı əks-göstəriş sertifikatı ilə bağlı müraciətdən sonra müsbət cavab alan vətəndaşlar https://kabinet.its.gov.az/ saytında təklif olunan 4 üsuldan biri vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Belə ki, vətəndaş qeydiyyatdan keçdikdən sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pəncərəsini seçməlidir. Sonra sağ tərəfdə yerləşən “Digər xidmətlər” pəncərəsinə daxil olaraq, “Əks-göstəriş sertifikatı” bölməsindən sertifikatı telefona elektron formada yükləyə bilər. Həmçinin əks-göstəriş sertifikatının fotosunu “screenshot” edərək telefonun yaddaşında saxlamaq mümkündür.
Vətəndaşlar qeydiyyatdan keçmək üçün identifikasiya nömrəsi, Asan və ya elektron imza, həmçinin bank sertifikat xidmətləri mərkəzinin elektron imzası seçimlərinin istənilən birindən istifadə edə bilərlər.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova