Səhiyyə Nazirliyinin baş travmatoloqu: “İdman növünü seçərkən müayinədən keçmək vacibdir”

Səhiyyə Nazirliyinin travmatologiya üzrə baş mütəxəssisi İlqar Qasımov idmanla məşğul olmağın faydaları, idman növü seçilməsi, mümkün zədələr və onlardan qorunma yolları barədə müsahibə verib.
- Bildiyiniz kimi, qısa zaman öncə idman zalları yenidən fəaliyyətə başladı. Gənclər və idmansevərlər sağlamlıqlarını möhkəmləndirmək, daha yaraşıqlı görünmək istəyi ilə idman zallarına gedir, lakin bu zaman bəzən sağlamlıq problemləri ilə, xüsusən idman zədələri ilə qarşılaşırlar. İstərdik mövzu ilə bağlı sizdən məsləhətlər alaq. İdmanla məşğul olmaq üçün bioloji yaş önəmlidirmi?
- İnsanın idman edə bilməsi və idmandan faydalanması üçün onun yaşı çox vacibdir. Hər hansı şəxs öz yaşına uyğun idmanla məşğul olmadığı təqdirdə, idman zədələrinə məruz qalma və səhhətdə narahatlıqlar riski çox yüksəlir. Mühüm bir qayda var: əsas idmanla məşğul olmaq deyil, bunu düzgün etməkdir. İdman edərkən müəyyən amillərin nəzərə alınması onun faydasını fiziki və zehni olaraq daha çox hiss etdirir.
Gənclər idmana daha çox forma almaq üçün müraciət edirlər. Buna görə onlar əsasən fitnes zallarına, bodibildinq məşqlərinə gedirlər. Bəzən isə bodibildinqlə yetkinlik yaşına çatmayan uşaqlar məşğul olur. Bu, doğru deyil. Boyun artdığı, skeletin və qığırdaq zonalarının böyüyüb formalaşdığı bir dövrdə yeniyetmənin yüklənməsi problemlər yarada bilər. Məsləhətim əzələ və sümük inkişafının tamamlanmasına qədər ağırlıqsız, kardioməşqlərin seçilməsidir. 40 yaşdan sonra, ümumiyyətlə, sosial mühitlərdə ediləcək üzgüçülük, tennis, qolf, velosipedsürmə, qaçış, gəzinti kimi idman növləri seçilməlidir. İnsan orqanizmi yaşlandıqca maddələr mübadiləsi zəifləyir, yanaşı sağlamlıq problemləri artır və eyni zamanda, sümüklərdə elastiklik azalır. Bu da öz növbəsində, diqqət edilməzsə, ciddi zədələrə gətirib çıxara bilər. Məhz bunun nəticəsidir ki, professional idman sahələrində də idmançıların fəaliyyəti çox zaman 40 yaşına belə çatmır.
- Zədələrin səbəbləri nədir?
-İdman zədələnmələrinin səbəblərini endogen (fərdi) və ekzogen (ətraf mühitdən gələn) amillər kimi iki qrupa ayırmaq olar. Fərdi amillər fiziki çatışmazlıqlar (əzələ zəifliyi, oynaqların məhdudlaşması, qeyri-kafi elastiklik), yorğunluq və həddindən artıq yüklənmə, anatomik problemlər, psixoloji amillər (qeyri-adekvat riskə getmək, həddindən artıq istək), əvvəllər müalicə olunmamış zədələr, əzələ sərtliyi, yaş, cinsiyyət və sairdir. Ətraf mühit faktorları isə yanlış idman texnikası, qeyri-kafi məşq, pis materiallardan istifadə, ətraf mühit (hava şəraiti), torpaq, qaydalara tabe olmamaq kimi amillər ola bilər.
- İdman zədələrinin qarşısının alınması üçün ümumi qaydalar hansılardır?
- Hər şeydən əvvəl, ediləcək ilk şey idmançıların nizamlı, davamlı, mütəmadi sağlamlıq müayinələridir. Bu zaman əskikliklər müəyyən edilir və həkimin tövsiyəsi çərçivəsində həmin çatışmazlıqları aradan qaldırmaq üçün lazımi tədbirlər həyata keçirilir. Bu müayinələrdə həm fizioloji parametrlər, həm fiziki hazırlıq, həm də birbaşa sağlamlıqla əlaqəli çatışmazlıqlar təyin olunur.
Bu mövzu, doğrudan da, çox önəmlidir. Fikrini öyrəndiyimiz fitnes məşqçilərinin sözlərinə görə, ölkəmizdə fitneslə məşğul ilan 70-80 faiz kişilərdə, 40-50 faiz xanımlarda məşqlər zamanı ciddi zədələr yaranır. Bunun əsas səbəbi məşqdən öncə isinmə hərəkətlərinin edilməməsi və nəzarətçi məşqçilərin də, çox təəssüf ki, bunu tələb etməməsi ilə əlaqədardir. Zədələnmələrin profilaktikası üçün isinmə hərəkətlərinə və xüsusilə də uzanan məşqlərə böyük əhəmiyyət verilməlidir. Burada fiziki fəaliyyətdən sonra əzələnin soyuması da vacibdir. Hər bir fəaliyyətdən sonra mütləq əzələyə dincəlmə zamanı verilməlidir. Bu həm əzələ yorğunluğunun qarşısını alır, həm də düzgün inkişafa səbəb olur.
- Əzələ yorğunluğu nədir?
- Bu, idman zamanı meydana gələn tullantı məhsullarının (süd turşusu və s.) yığılması və enerji ehtiyatlarının zəifləməsi ilə ortaya çıxan bir vəziyyətdir. Yorğunluğa səbəb olan əsas amil məşq müddəti və intensivliyidir. Məşqlər bədənə uyğun aktivlikdə seçilməlidir. Ən önəmlisi də bədəni susuzlaşdırmadan, əzələlərə düzgün istirahət verməkdir. İdman bədəni yormadan həftənin ən azı 3 günü edilməlidir. Əks təqdirdə, əzələlər hazır olmadığı üçün idman zədələri və hətta ürək problemləri yarana bilər. Əzələ inkişafı müəyyən zaman tələb edən prosesdir. Əlbəttə, bu müddətdə doğru qidalanmaq çox önəmlidir. Tövsiyəm səbirli olmaq və bədəni yükləmədən məşq etməkdir.
- Doktor, hər kəs istədiyi idmanla məşğul ola bilərmi?
- İdman növünü seçərkən sağlamlıq müayinəsindən keçmək və idmana mane olan bir xəstəlik olub-olmadığını yoxlamaq vacibdir. Hər kəs istədiyi idman sahəsi ilə məşğul ola bilməz. İdman seçərkən yaş, bədən quruluşu və sağlamlıq problemləri kimi şərtlər nəzərə alınmalıdır. İdmanla məşğul olan insan siqaret çəkməməlidir, çünki siqaret çəkmək tənəffüs sisteminə və ürəyə mənfi təsir göstərir, əzələlərin və əzələ tendonlarının dözümlülüyünü məhv edir, inanılmaz dərəcədə ağrılı qırılmalara səbəb olur.
Düzgün ayaqqabı və paltar seçmək vacibdir, əsas da ağırlıq qaldırılma zamanı. Paltar seçərkən pambıq olduğundan əmin olun. İdmandan sonra tərləyərkən paltarın tər qəbul etməməsi hətta ifliclə də nəticələnə bilər. Etdiyiniz idman növünə görə, məsələn, velosiped sürərkən başlıq, qoruyucu diz yastıqları və dirsək yastıqları kimi vasitələrdən istifadə edin. Açıq yerlərdə idman edərkən həmişə günəş eynəyi və papaq taxın, həmçinin idmanla məşğul olacağınız saatları havanın istiliyinə uyğun tənzimləyin.