Bakıda II Milli Nefroloji, Dializ və Transplantoloji beynəlxalq konqres
Səhiyyə Nazirliyinin dəstəyi, Azərbaycan Nefroloqlar Cəmiyyətinin təşkilatçılığı ilə Bakıda II Milli Nefroloji, Dializ və Transplantoloji beynəlxalq konqres keçirilib.
Toplantıda Azərbaycan Nefroloqlar Cəmiyyətinin sədri Barat Yusifov, cəmiyyətin Fəxri prezidenti Mehman Ağayev, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri Sudeyf İmamverdiyev ölkəmizdə səhiyyənin, o cümlədən də nefrologiya sahəsinin inkişafından danışıb, belə konqreslərin əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, Azərbaycanda hemodializ ilk dəfə 1970-ci ildə, orqan transplantasiyası isə 1971-ci ildə, yerli mütəxəssislər tərəfindən tətbiq olunub.
Səhiyyə Nazirliyinin onkologiya üzrə baş mütəxəssisi, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli Azərbaycanda təbabətin tərəqqisindən bəhs edib, dünyanın aparıcı klinikalarında icra olunan cərrahi əməliyyatların ölkəmizdə uğurla həyata keçirildiyini diqqətə çatdırıb.
Səhiyyə Nazirliyinin nümayəndəsi Anar İsrafilov Azərbaycanda 2006-cı ildən bəri xroniki böyrək çatışmazlığına dair dövlət proqramlarının icra olunduğunu, hazırda artıq 3-cü belə proqramın həyata keçirildiyini söyləyib. Dövlət Proqramı çərçivəsində ölkəmizdə 44 hemodializ mərkəzinin fəaliyyət göstərdiyini, həmin mərkəzlərdə 600-dən çox süni böyrək aparatının quraşdırıldığını bildirib. O, xroniki böyrək çatışmazlığından əziyyət çəkən 4 minə yaxın xəstənin həmin mərkəzlərdə hemodializ seansları və müvafiq dərman preparatları ilə dövlət hesabına təmin olunduğunu qeyd edib: “Proqram çərçivəsində həmçinin böyrəkköçürmə əməliyyatları da icra olunur. Bu günədək 400-dən çox belə əməliyyat həyata keçirilib. Bütün orqan transplantasiyası əməliyyatı keçirmiş, o cümlədən böyrək köçürülən xəstələrin də ümumi supressiv dərman preparatları ilə təminatı dövlət hesabınadır. Demək olar ki, 1000-ə yaxın belə xəstə müvafiq dərman preparatları ilə təmin olunur”.
Səhiyyə Nazirliyinin nefrologiya üzrə baş mütəxəssisi Fariz Babayev qeyd edib ki, 5 il əvvəl Azərbaycanda aparılan böyrəkköçürmə əməliyyatlarının sayı 89-a bərabər idi. Lakin son beş ildə 500-ə yaxın belə əməliyyat icra olunub: “Dializ alan hər bir xəstə böyrək köçürülməsi yolu ilə hemodializ müalicəsindən xilas olmağı arzulayır. Lakin burada bəzi vacib məqamlar var. Azərbaycan qanunlarına görə, böyrək donorluğunu mütləq ailə üzvlərindən kimsə etməlidir. Köçürülən böyrəklər də xəstənin orqanizminə uyğun gəlməlidir. Həmçinin hər xəstəyə böyrək köçürülməsi uğurla nəticələnməyə bilər. Bu səbəbdən həkimlər çox diqqətli olmağa və düzgün seçim aparmağa çalışırlar. Ona görə də düzgün seçimə əsasən ehtiyacı olan xəstələr qeydiyyata alınır. Ailə üzvlərindən kiminsə donor olma və orqanın xəstənin bədəninə uyğungəlmə şansı varsa, böyrəkköçürmə əməliyyatı icra olunur”, - deyə baş nefroloq bildirib.
Türkiyənin İstanbul Tibb Universitetinin professoru Mehmet Şükrü Sever isə belə tədbirlərin təcrübə mübadiləsi baxımından əhəmiyyətini qeyd edərək, burada iştirakdan məmnunluğunu ifadə edib.
Konqres panel müzakirələrlə davam edib.
Tədbir çərçivəsində gənc həkimlərin biliklərinin artırılması məqsədilə kurslar da təşkil olunub.