“Biliyinə arxayın, cəsarətli və məsuliyyətli həkimlər olun”

“Biliyinə arxayın, cəsarətli və məsuliyyətli həkimlər olun”

Səhiyyə naziri Tibb Universitetinin məzunlarına çağırış etdi

Azərbaycan Tibb Universitetində (ATU) ənənəvi “Məzun Günü” qeyd olunub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tanınmış ictimai-siyasi xadimlərin, universitet rəhbərliyinin, səhiyyə işçilərinin və digər rəsmi qonaqların iştirak etdiyi tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.
Açılış nitqi ilə çıxış edən səhiyyə naziri Teymur Musayev məzunları təbrik edib, bu günün onların həyatında unudulmaz bir tarix kimi qalacağını deyib.
Nazir çıxışında ölkədə səhiyyənin inkişafı, tibb təhsilinin gücləndirilməsi istiqamətində atılan addımlardan söz açıb. O vurğulayıb ki, əhalinin sağlamlığının qorunması Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindəndir, ölkəmizdə tibb təhsili görkəmli şəxsiyyətlərin diqqət və qayğısı ilə inkişaf edib: “Ulu Öndər Heydər Əliyev səhiyyə sisteminin formalaşması və inkişafı üçün mühüm qərarlar verib. ATU-nun yeni tədris korpusunun inşası və ilk tədris klinikasının yaradılması da məhz onun adı ilə bağlıdır. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanı da ATU ilə qırılmaz tellər bağlayıb. Onun tibb elmi və təhsilinə verdiyi töhfələr bu sahədə mənəvi örnəkdir”.
Dövlətin səhiyyənin inkişafını daim diqqət mərkəzində saxladığını vurğulayan Teymur Musayev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə səhiyyə sahəsində mühüm nailiyyətlər əldə olunur, infrastruktur müasirləşdirilir, tibbi xidmətin keyfiyyəti yüksəldilir. Birinci vitse-prezident Mehriban Əliyevanın tibb işçilərinə göstərdiyi xüsusi diqqət və qayğı bu sahəyə verilən dəyərin təzahürüdür və səhiyyənin inkişafına töhfələr verir.
AZƏRTAC-ın verdiyi məlumata görə, səhiyyə naziri diqqətə çatdırıb ki, Azərbaycan səhiyyəsi üçün yüksəkixtisaslı kadrların hazırlanması daim prioritetdir. ATU-nun hər buraxılışı ölkənin səhiyyə sisteminin inkişafında mühüm rol oynayır. Bu sahədə aparılan islahatlar müasir tələblərə cavab verən tibb işçilərinin hazırlanmasını və onların üzərinə düşən böyük məsuliyyəti bir daha önə çıxarır.

Məzunlara çağırış edən nazir Teymur Musayev onları biliklərinə arxayın, cəsarətli və məsuliyyətli həkimlər olmağa səsləyib. Onların yalnız peşəkar deyil, həm də mənəvi məsuliyyət daşıyan qəhrəman kimi fəaliyyət göstərməsinin vacib olduğunu vurğulayıb: “Həkimlər gündəlik həyatın qəhrəmanlarıdır. Öz biliklərinizə arxayın olun, cəsarətli və məsuliyyətli həkimlər kimi fəaliyyət göstərin. Bu çətin, lakin şərəfli yolda sizə uğurlar arzulayıram. Bir həmkar kimi aramıza xoş gəldiniz!”
Tədbirdə ATU-nun rektoru professor Gəray Gəraybəyli də çıxış edərək məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və onlara universitetin adını daim uca tutmağı tövsiyə edib.
Tədbir zamanı 2024–2025-ci tədris ilində məzun olan tələbələrin statistikası açıqlanıb. Bildirilib ki, bu il ATU-dan 1235 tələbə məzun olub. Onlardan 853 nəfəri Azərbaycan vətəndaşı, 382 nəfəri isə əcnəbidir. Məzunlardan 356 nəfər I Müalicə-profilaktika fakültəsini, 310 nəfər II Müalicə-profilaktika fakültəsini bitirib, 40 nəfər “Tibbi profilaktika”, 61 nəfər “İctimai səhiyyə”, 34 nəfər “Fizioterapiya və tibbi reabilitasiya” ixtisası üzrə təhsil alıb. “Tibb bacısı işi” ixtisası ilə 32 nəfər, “Stomatologiya” ixtisası ilə 250 nəfər, “Əczaçılıq” ixtisası ilə 95 nəfər bu il bu ali məktəbdən məzun olub. 2024–2025-ci tədris ilində 48 nəfər “Hərbi həkim”, 45 nəfər “Hərbi feldşer”, 9 nəfər isə bu il ilk dəfə məzun verən “Hərbi stomatologiya” ixtisası ilə ATU-nu bitirib.
Bildirilib ki, hazırda ATU-da Azərbaycanın milli kadrları ilə yanaşı, Türkiyə, Pakistan, Qazaxıstan, Gürcüstan və 45 digər ölkədən çoxsaylı tələbələr təhsil alır.
Tədbirdə çıxış edən professor-müəllim heyəti və valideynlər gənc həkimləri təbrik edib, onların bu şərəfli adı ləyaqətlə daşıyacaqlarına əminliklərini ifadə ediblər.
Məzunlar ənənəyə uyğun olaraq Hippokrat andı içib, əhalinin sağlamlığının keşiyində duracaqlarına söz veriblər.
Səhiyyə naziri Teymur Musayev və rektor Gəray Gəraybəyli Fərqlənmə diplomlarını sahiblərinə təqdim ediblər.
Tədbir sənət adamlarının iştirakı ilə təşkil olunmuş konsert proqramı ilə başa çatıb. Tələbələr də səhnədə çıxış edərək tanınmış ifaçılarla birgə bayram ovqatını bölüşüblər. Universitetin Hərbi fakültəsinin tələbələrinin vətənpərvərlik ruhunda ifaları tədbirə xüsusi rəng qatıb.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova