Sertifikasiyadan keçməyən işçilərin praktik tibb fəaliyyəti ilə məşğul olması yolverilməzdir

Sertifikasiyadan keçməyən işçilərin praktik tibb fəaliyyəti ilə məşğul olması yolverilməzdir

“Özəl tibb fəaliyyəti haqqında” Qanunun tələblərinə əsasən, özəl tibb müəssisəsi yalnız tibbi fəaliyyətin müəyyən növləri üzrə verilən lisenziya əsasında və həmin fəaliyyət sahəsinə uyğun ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda fəaliyyət göstərə bilər.
Bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayım zamanı nazirliyin Analitik Ekspertiza Mərkəzinin (AEM) Hüquq şöbəsinin müdiri Tamam Həsənova deyib.
O bildirib ki, müəssisə rəhbəri tibbi fəaliyyətə görə birbaşa məsuliyyət daşıyır və tibbi heyətlə bağlı aşağıdakı vəzifələrin icrasına nəzarət etməlidir: “Tibb işçiləri “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna əsasən, tədrisə və sertifikasiyaya cəlb edilməlidirlər. Sertifikasiyadan keçməyən işçilərin praktik tibb fəaliyyəti ilə məşğul olması qadağandır. Müəssisə qanunvericilikdə nəzərdə tutulan statistik qeydiyyat və hesabatları aparmalıdır, onların doğruluğuna görə məsuliyyət daşıyır. Pasiyentin sağlamlıq vəziyyəti, tibbi xidmətlərin həcmi və nəticələri ilə bağlı sənədləşmə nazirliyin müəyyən etdiyi qaydada aparılmalıdır. Pasiyent tələb etdikdə müəssisə lisenziya, sertifikasiya və digər rəsmi sənədləri təqdim etməlidir. Pasiyentlər müayinə və müalicələrinin nəticələri ilə tanış edilməli, diaqnoz onlara izah olunmalıdır”.
Tamam Həsənova həmçinin diqqətə çatdırıb ki, müalicə həkimi pasiyentin istəyi ilə müəssisənin rəhbəri tərəfindən təyin edilir. Pasiyent tərəfindən həkimin dəyişdirilməsi tələb olunduqda, bu məsələ rəhbərlik tərəfindən təmin edilməlidir.
Özəl tibb müəssisələrində yoxlamalar barədə məlumat verən AEM rəsmisi bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, bu qurum yalnız dövlət reyestrində qeydiyyata alınmış və lisenziya verilmiş özəl tibb müəssisələrində vaxtaşırı planlı yoxlamalar keçirir. "Əgər hər hansı kosmetoloji salon və ya qeyri-tibb müəssisəsində tibbi fəaliyyət göstərildiyi məlum olarsa, bu zaman yoxlama yalnız vətəndaş şikayəti, media müraciəti və ya dövlət orqanlarının araşdırması (sənədlərlə təsdiqlənmiş) əsasında aparıla bilər".
T.Həsənova qeyd edib ki, belə hallarda plandankənar yoxlamanın keçirilməsi üçün əvvəlcə Ədliyyə Nazirliyinə müraciət edilir və yalnız rəsmi çıxarış alındıqdan sonra yoxlama aparılır: "Yoxlama Ədliyyə Nazirliyinin reyestrində qeyd olunan tarixlərdə və adları sistemə daxil edilmiş AEM əməkdaşları tərəfindən aparılır. Müəssisə yoxlamanın keçiriləcəyi barədə reyestrdən məlumat əldə edir.
Yoxlama nəticəsində qanunsuz tibbi fəaliyyət təsdiqlənərsə, fiziki şəxslərə 2000 - 3000 manat, vəzifəli şəxslərə 5000 - 10000 manat, hüquqi şəxslərə isə 20000 - 30000 manat cərimə nəzərdə tutulur. Cərimənin tətbiqi barədə protokol məhkəməyə göndərilir və yalnız məhkəmənin qərarından sonra qüvvəyə minir".
T.Həsənova sonda qeyd edib ki, əgər həmin pozuntu təkrar olunarsa, müəssisə yenidən cərimələnir və qanunsuz fəaliyyətin dayandırılması barədə bildiriş göndərilir. Bundan sonra məsələ artıq hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara yönləndirilir:
"İnsan sağlamlığına zərər dəyməsi faktı aşkarlandıqda isə məsələ cinayət işi kimi prokurorluqda araşdırılır".
Qeyd edək ki, vətəndaşlar özəl tibb müəssisələrində qanunsuz fəaliyyət, pozuntu və ya şikayət halları ilə bağlı AEM-in “Bir pəncərə” sektoruna, (012) 596 05 20 qaynar xəttinə, [email protected] elektron poçtuna və www.pharma.az saytının “Müraciət” bölməsinə müraciət edə bilərlər.
Daxil olan müraciətlər hüquqi əsaslarla araşdırılır və zərurət olduqda müvafiq müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova