Tibb Universitetinin Anatomiya kafedrasının 100 illiyi qeyd olunub
Azərbaycan Tibb Universitetinin (ATU) İnsan anatomiyası və tibbi terminologiya kafedrasının 100 illik yubileyinə həsr edilmiş Beynəlxalq elmi-praktik konfrans keçirilib.
Tədbirdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli çıxış edərək, kafedranın yaranma tarixi, keçdiyi yol və fəaliyyət istiqamətləri barədə danışıb. O qeyd edib ki, Azərbaycan Tibb Universitetinin anatomiya kafedrası 1919-cu ildə Bakı Dövlət Universitetinin ilk ən böyük fakültəsi olan Tibb fakültəsinin nəzdində yaradılıb. Fəaliyyətə başlayandan indiyədək həmin kafedrada 85 mindən çox tibbi kadr və səhiyyə işçisi təhsil alıb. 1930-cu ildə həmin fakültənin bazasında Azərbaycan Dövlət Tibb İnstitutu yaradılanda kafedra həmin institutun nəzdində fəaliyyətini davam etdirib.
Professor G.Gəraybəyli xatırladıb ki, Bakı Dövlət Universitetinin ilk rektoru olan görkəmli cərrah-anatom, Əməkdar elm xadimi, professor Vasili Razumovski həm də Anatomiya kafedrasının ilk müdiri vəzifəsini yerinə yetirib. O, 1919-cu il noyabrın 20-də Bakı Dövlət Universitetində “Tibbə və anatomiyaya giriş” mövzusunda ilk mühazirə oxuyub. Bununla da Azərbaycanda ali tibb təhsilinin təməli qoyulub.
Kafedra ayrı-ayrı illərdə müxtəlif ünvanlarda yerləşib, 1949-cu ildən isə tədricən tikintisi hələ tamamlanmamış və xüsusi olaraq morfoloji fənlərə aid kafedralar üçün nəzərdə tutulan yeni dördmərtəbəli binaya köçürülüb. 1953-cü ildə köçürülmə tam başa çatdırılıb. Həmin vaxtdan əsaslı təmir-bərpa işləri aparılmayan kafedrada Prezident İlham Əliyevin səhiyyəyə və tibb təhsilinə diqqəti və dövlət qayğısı sayəsində 2018-2019-cu tədris ilində maddi-texniki bazanın yenidən qurulmasına başlanıb. Ən müasir innovativ avadanlıqlarla təchiz edilmiş yeni tədris və elm mərkəzi kafedranın 100 illik yubileyinə ən böyük ərməğandır.
Təhsil naziri Ceyhun Bayramov öz çıxışında qeyd edib ki, Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin ilk yeddi rektorundan altısı ixtisasca həkim olub. O, universitetin nəzdindəki Tibb fakültəsinin Anatomiya kafedrasının tarixi, burada dərs deyən ziyalı və alimlər, onların ölkədə tibb təhsilinin inkişafı naminə gördüyü işləri diqqətə çatdırıb. Kafedranın inkişafında Mustafa bəy Topçubaşov, Əziz Əliyev, Məmmədəmin Əfəndiyev, İvan Şirokoqorov, Kamil Balakişiyev və digər məşhur Azərbaycan alimlərinin böyük xidmətləri xüsusi qeyd olunub.
Səhiyyə nazirinin müavini Elsevər Ağayev qeyd edib ki, son vaxtlar ölkə səhiyyəsinin inkişafına, səhiyyə sisteminin idarə edilməsinin təkmilləşdirilməsinə, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə və yeni tibbi texnologiyaların tətbiqinə yönəlmiş tədbirlər həyata keçirilir, tibbi kadrların, o cümlədən patoloji anatomiya və insan anatomiyası üzrə mütəxəssislərin hazırlanması sahəsində ciddi uğurlar qazanılır. Nazir müavini Azərbaycan Dövlət Tibb Universitetinin ilk rektorlarından olan görkəmli dövlət və elm xadimi, professor Əziz Əliyevin 1932-ci ildə bütün kafedralarda milli dildə dərsliklər yazılması barədə göstəriş verdiyini bildirib. Normal anatomiya kafedrasında bu iş kafedranın dosenti Kamil Balakişiyevə tapşırılıb. Alim keçən əsrin 30-cu illərində ilk dəfə türk (Azərbaycan) dilində, latın qrafikası ilə dərslik və dərs vəsaitləri yazaraq, azərbaycanlı tələbələrin, eləcə də müəllimlərin işini xeyli asanlaşdırıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov hər bir təhsil ocağının bir özəyi olduğunu vurğulayıb, bildirib ki, bir əsrlik yaşı olan İnsan anatomiyası və tibbi terminologiya kafedrası Tibb Universiteti üçün məhz belə bir rola malikdir.
1990-1995-ci illərdə İnsan anatomiyası kafedrasının müdiri olmuş Əməkdar elm xadimi, professor Rafiq Əsgərov 1937-1973-cü illərdə kafedraya görkəmli alim, professor Kamil Balakişiyevin rəhbərlik dövrünü xatırladıb. Onun sözlərinə görə, həmin dövrdən etibarən kafedrada milli kadrların hazırlanmasına, onun nəzdində fəaliyyət göstərən tədris muzeyinin zənginləşdirilməsinə və inkişafına xüsusi diqqət yetirilib.
ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Vaqif Şadlinski kafedranın əməkdaşlarının əməyinə verilən yüksək qiymətə görə kollektivin dərin minnətdarlığını ifadə edib. Bildirib ki, hər sahədə olduğu kimi, tibb təhsili və tibb elmi sahələrinə də yaxından dövlət qayğısı göstərən Prezident İlham Əliyevin diqqəti sayəsində 2018-2019-cu tədris ilində kafedranın maddi-texniki bazası yenidən qurulub, ən müasir innovativ avadanlıqlarla təchiz edilib. Diqqətə çatdırılıb ki, 2004-2005-ci tədris ilindən başlayaraq “İnsan anatomiyası” fənni xarici tələbələr üçün ingilis dilində tədris olunur.
Konfransda Türkiyə, Gürcüstan və Başqırdıstan tibb təhsili müəssisələrinin anatomiya kafedralarının rəhbərləri çıxış edərək, ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrası ilə bağlı xatirələrini bölüşüblər, kafedranın kollektivini yubiley münasibətilə təbrik ediblər. Eyni zamanda, ölkəmizdə tibb elminin və səhiyyənin inkişafı, əhalinin sağlamlığının mühafizəsi istiqamətində gələcək fəaliyyətlərində kafedra əməkdaşlarına uğurlar arzulayıblar.