ÜST malyariyaya qarşı yeni metodlarla mübarizəyə çağırır
Malyariya hələ də dünyanın bir çox ölkələrində əhalinin sağlamlığına təhlükə törədir və hər il yüz minlərlə insanın ölümünə səbəb olur. Çünki bu ciddi xəstəliyə qarşı mübarizəyə lazımi qədər vəsait ayrılmır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əmindir ki, bu yoluxucu xəstəliyi yaxın gələcəkdə aradan qaldırmaq olar, lakin bunun üçün profilaktika və müalicə metodları ilə bağlı yeni elmi tədqiqatlara ehtiyac var.
Bu barədə ÜST-nin malyariyanın aradan qaldırılması məsələləri üzrə Strateji Məsləhət Qrupunun məruzəsində bildirilib. Qrup sentyabrın 9-da Cenevrədə keçiriləcək “Malyariyanın uğurla aradan qaldırılması üçün zəmin” mövzusunda forum ərəfəsində öz məruzəsinin xülasəsini dərc edib.
ÜST-nin məlumatına görə, hazırda malyariya xəstəliyinə ildə təqribən 200 milyon yoluxma faktı qeydə alınır. Bu infeksiyadan ölüm hallarının 60 faizindən çoxu 5 yaşından kiçik uşaqların payına düşür. Hazırda malyariyaya qarşı mübarizə vasitələrinin işlənib hazırlanmasına çox az vəsait ayrılır və bu, ümumilikdə yoluxucu xəstəliklərə qarşı mübarizə sahəsində elmi tədqiqatların maliyyələşdirilməsinə yönəldilir. ÜST-nin malyariyanın aradan qaldırılması məsələləri üzrə Strateji Məsləhət Qrupunun məruzə müəlliflərindən biri – Marsel Tanner deyib: “Dünyanı malyariyadan azad etmək üçün biz fəal surətdə yerli şəraitə uyğunlaşdırılması mümkün olan tamamilə yeni strategiya və metodlar axtarmalıyıq. İşimizin indiki sürəti nəinki tərəqqini yavaşıdır, həm də bizi əvvəlki mövqelərimizə qaytarır”.
Yeni elmi araşdırmaların malyariyanın uğurla aradan qaldırılması məqsədinə çatmağa kömək edəcəyini bildirən ÜST-nin baş direktoru Tedros Adhanom Gebreyesus deyib: “Dünyanın malyariyadan azad edilməsi ən böyük nailiyyətlərdən biri olardı”. Qrup malyariya probleminin yeni strateji konsepsiyalarının işlənib hazırlanmasına 34 milyard dollar ayrılmasını təklif edir. Hələlik bu xəstəlikdən yalnız 38 ölkə və ərazi tamamilə qurtulub.
Malyariyaya qarşı mübarizədə istifadə olunan vasitələrin çoxu – insektisidlə işlənmiş ağcaqanad əleyhinə torlar, otaqlara qalıq təsirli insektisidlərin çilənməsi, diaqnostik ekspress-testlər və artemizinin əsasında preparatlar XX və hətta XIX əsrdə işlənib hazırlanıb. Hazırda yeni diaqnostika üsullarının, infeksiya daşıyıcılarına qarşı mübarizə vasitələrinin, habelə passiv immunizasiya metodlarının, o cümlədən monoklonal anticisimlərlə vaksinasiyanın işlənib hazırlanmasını sürətləndirmək lazımdır. Dünyada malyariyaya qarşı ilk vaksin bu yaxınlarda yaradılıb. Onu Qana və Malavidə tətbiq etməyə başlayıblar.