ÜST araşdırması: incəsənət xəstəlikdən şəfa tapmağa kömək edir
İncəsənətin həyatımızı bəzədiyi və zənginləşdirdiyi, əlbəttə ki, çoxdan məlumdur, indi isə onun ürək xəstəliyi və hətta xərçəng kimi yoluxucu olmayan xəstəliklərin öhdəsindən gəlməyə kömək edərək sağlamlığımıza müsbət təsir göstərə biləcəyinə dair elmi dəlillərin sayı gündən-günə artır. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun yeni araşdırmasının nəticələri təsdiq edir.
ÜST-nin sağlamlıq və sənət arasındakı əlaqəni araşdıran proqramlar üzrə məsul əməkdaşı Kristofer Beyli incəsənətin piylənmə və xərçənglə mübarizədə orqanizmə kömək etdiyini bəyan edib.
Gündən-günə daha çox elmi dəlil sənətin dərman və digər metodlarla yanaşı, kompleks müalicənin təsirli komponenti kimi istifadə edilə biləcəyini sübuta yetirir. ÜST-nin qeyd etdiyinə görə, istənilən halda, art-terapiya heç bir xüsusi risk daşımır və qeyri-invazivdir.
ÜST-nin Avropa bürosunda qeyri-infeksion xəstəliklərin qarşısının alınması və müalicəsi üçün tədbirlər kompleksinin tərkib hissələrindən biri kimi sənətin potensial effektivliyi öyrənilir. Bu xəstəliklər ölüm faktlarının 90 faizində bölgə sakinlərinin həyatla vidalaşmasına səbəb olur.
ÜST-nin qidalanma və fiziki fəaliyyət üzrə regional məsləhətçisi doktor Kremlin Vikramasinq deyib: "Yeni araşdırma incəsənətin qeyri-infeksion xəstəliklərin qarşısını almağa necə kömək etdiyinə dair nümunələri əks etdirir və tərtib etdiyimiz hesabat bu sahədə gələcək əməkdaşlıq üçün zəmin yaradır. Ümid edirəm ki, sözügedən sənəd incəsənətin sağlamlıq üçün əhəmiyyətli olduğunu sübuta yetirməyə və bu cür metodların praktik tətbiqi ilə bağlı fikirlərin təbliğinə kömək edəcək”.
Mütəxəssislərin bildirdiyinə görə, bu araşdırmaların təcrübədə tətbiq edilməsi imkanları məhdud deyil. Hesabatda qeyri-infeksion xəstəliklərlə mübarizədə incəsənətin tətbiq edilməsi ilə bağlı bir neçə uğurlu nümunə təqdim edilib. Məsələn, İspaniyada əhalinin həssas təbəqədən olan nümayəndələrinə həm gözəl sənət nümunəsinə toxuna biləcəkləri, həm də sağlamlığın qorunması barədə məlumat ala biləcəkləri tədbirlərdə iştirak etmək təklif olunub. Macarıstanda tənəffüs yolları xəstəlikləri olan xəstələrə reabilitasiya proqramının bir hissəsi qismində xorda oxumaq tövsiyə edilib. Rusiyanın Voloqda şəhərində Milli Preventiv Tibb Tədqiqatları Mərkəzinin layihəsi çərçivəsində şagirdlərə xəstəliklərdən qorunmağı öyrətmək üçün nağıllardan və uşaq ədəbiyyatının digər nümunələrindən istifadə olunub.
ÜST-nin bildirdiyinə görə, bu gün səhiyyə sistemlərinin rəhbərləri incəsənətin xəstəliklərin müalicə edilməsi ilə bağlı potensialından istifadə etməyə hazırdırlar. Art-terapiya gündən-günə populyarlaşır. Mütəxəssislərin fikrincə, elmi məlumatlara əsaslanan layihələr gənc və yaşlı insanları birləşdirə və onların həyatını daha rəngarəng və dolğun edə bilər.