Azərbaycan cərrahiyyəsinin uğurları

Azərbaycan cərrahiyyəsinin uğurları

Son illər ölkə səhiyyəsində gedən inkişaf cərrahiyyə sahəsində qazanılmış nailiyyətlərdə özünü bariz şəkildə göstərir. Bu həm cərrahiyyə əməliyyatlarının uğurlu nəticələrində, həm əməliyyat zamanı və əməliyyat sonrası ölüm göstəricilərinin aşağı düşməsində, həm də əvvəllər Azərbaycanda icra olunmayan unikal əməliyyatların həyata keçirilməsində təzahür edir. Son zamanlar elə bir ay olmur ki, ölkənin müxtəlif dövlət və özəl tibb müəssisələrində cərrahlarımızın icra etdiyi çox mürəkkəb əməliyyatlar barədə xəbərlər yayılmasın. Bu yazımızda son ayda baş tutan belə əməliyyatların bir neçəsi barədə məlumat vermək qərarına gəldik.

Süni ürək xəstənin həyatını xilas etdi


“Xəstə həyatla ölüm arasında çarpışırdı. Bəlkə də onun ürəyi həyatının ən son ritmlərini vururdu. Ona görə də onu həftənin bazar günü təcili olaraq əməliyyat stoluna çıxardıq. Əməliyyat zamanı xəstənin döş qəfəsini açanda onun həyatının son anları olduğuna bir daha şahid olduq”, - deyə Respublika Müalicə Diaqnostika Mərkəzinin ürək-damar cərrahı Anar Əmrah apardığı ürəkköçürmə əməliyyatı barədə məlumat verib.
Əməliyyat beş ildən bəri ürək və ağciyər çatışmazlığından əziyyət çəkən 55 yaşlı xəstə üzərində aparılıb. Kardioloqlar Abbasəli Abbasəliyev və Şahin Xəlilov xəstəni müayinə etdikdən sonra yeganə çıxış yolunun ürək implantasiyası olduğu qənaətinə gəliblər.
Ürək-damar cərrahı Anar Əmrahın verdiyi məlumata görə, xəstənin sol mədəciyində də çatışmazlıq olması vəziyyəti daha da mürəkkəbləşdirirdi. Müasir tibdə belə xəstələrin müalicəsi üçün iki yol var: ya ürək və ağciyəri birlikdə transplantasiya etmək, ya da süni ürək köçürülməsi.
Cərrah əməliyyat barədə danışarkən deyib: “Biz bu variantlar arasında mümkün olan süni ürək köçürülməsinə qərar verdik. Əməliyyat zamanı xəstənin ürək və ağciyərini süni aparata qoşduq. Aparılan əməliyyat nəticəsində süni ürək cərrahi yolla ürəyin zirvəsinə yerləşdirildi. Xəstənin ağciyər təzyiqi yüksək olduğuna görə nitrid-oksid deyilən qazla həmin orqanda təzyiqin enməsinə nail olduq. Dörd saata yaxın davam edən əməliyyat uğurla başa çatdı. İki gün sonra xəstəni süni tənəffüs aparatından ayırdıq. Artıq bütün narahatlıqlar arxada qalıb və xəstə özünü tam normal hiss edir”.
Onun verdiyi məlumata görə, ağır ürək və ağciyər xəstələrinə ürək köçürülməsi daha mürəkkəb bir prosesdir və xəstə bütün həyatı boyu bədən müqavimətini aşağı salan dərmanlar qəbul etməlidir. Süni ürək əməliyyatı olunan xəstələr isə yalnız qanduruldan dərmanlar içməklə və mütəmadi olaraq süni ürək aparatının batareyalarını dəyişməklə yaşamaqda davam edirlər.
Onu da qeyd edək ki, xəstəyə köçürülən HeartWare süni ürəyinin çəkisi cəmi 160 qramdır. Hazırda dünyanın ən kiçik süni ürəyi hesab olunan bu mexaniki pompa dəqiqədə 8-10 litrə qədər qanı orqanlara ötürə bilir. Cihazın dörd batareyası var, onlar yüklənmək üçün növbə ilə elektrik cərəyanına qoşulmalıdır. Cihaz suya və zərbəyə davamlıdır. Xəstə bu cihazla qaça, idman edə və velosiped sürə bilər.
Əməliyyat olunan şəxs bura gəlməzdən əvvəl nəfəs almaqda çətinlik çəkdiyini deyib: “İnfarktdan sonra dünyanın müxtəlif ölkələrində - Rusiyada, Türkiyədə və daha bir neçə ölkədə, bir çox xəstəxanalarda müalicə almışdım. Amma müalicə müvəqqəti təsir edirdi. Əməliyyata qədər həyatdan ümidimi üzmüşdüm. Azərbaycanda əməliyyat olunmağa razılaşdım ki, həkim nəzarətində ola bilim. Çox sevinirəm ki, öz Vətənimdə indi belə həkimlər və belə imkanlar var. Hazırda özümü çox yaxşı hiss edirəm, nəfəs almaqda çətinlik çəkmirəm”.


Böyrək problemi olan xəstəyə ilk dəfə yeni invaziv əməliyyat üsulu tətbiq edildi


Müasir tibb texnologiyasının inkişafı sayəsində xəstəliklərin diaqnostikasında maqnit rezonans tomoqrafiya, kompüter tomoqrafiyası və angioqrafiya kimi müayinə üsulları geniş istifadə edilir. Lakin bu müayinələrdə istifadə olunan radio kontrast maddələr böyrək funksiyası pozulan bəzi xəstələrdə problem yaradır, bu maddənin təsirindən onların vəziyyəti daha da mürəkkəbləşərək kontrast nefropatiyası deyilən problemə səbəb olur. Xüsusilə böyrək problemi olan ürək xəstələrində kəskin müdaxilə tələb edən hallarda həkimin işi xeyli çətinləşir.
Mərkəzi Neftçilər Xəstəxanasında həkim Ülvi Mirzəyev və ingiltərəli kardioloq Robin Luperın təşkil etdiyi, Renal Guard sisteminə həsr olunmuş seminar çərçivəsində ölkəmizdə ilk dəfə xəstə üzərində müvafiq prosedur icra edilib.
Seminarda qeyd olunub ki, hazırda bir sıra inkişaf etmiş ölkələrdə kontrast maddə baxımından böyrək problemi yarana biləcək xəstələrin müalicəsi zamanı Renal Guard böyrəkqoruma sistemi tətbiq edilir və bu sistem sayəsində böyrəklər kontrast maddənin zərərli təsirindən tamamilə mühafizə olunur.
Ürəyin işemik xəstəliyi və qeyri-stabil stenokardiyadan əziyyət çəkən, əvvəllər üzərində aorta koronar şuntlama əməliyyatı yerinə yetirilmiş xəstədə ölkəmizdə ilk dəfə olaraq Renal Guard sisteminin tətbiqi ilə diaqnostik koronar angioqrafiya və onun ardınca stent uyğulanması əməliyyatı aparılıb.
İnvaziv cərrahlar Ülvi Mirzəyev, Vüqar Zamanov və Robin Luperin iştirakı ilə keçən əməliyyatdan əvvəl və əməliyyat vaxtı xəstə Renal Guard sisteminə qoşulub. Adi halda həmin xəstələrdə angioqrafiya etmək böyrək çatışmazlığını artırır və prosedurdan sonra təxminən 48-ci saatda kəskin böyrək çatışmazlığı və dializə ehtiyac yaranır. Bu halda isə xəstədə böyrək kontrast maddənin təsirindən mühafizə edilib, kəskin böyrək çatışmazlığının yaranmasının qarşısı alınıb, eyni zamanda, ürək problemləri effektiv şəkildə həll olunub.
Əməliyyatdan sonra həkimlər bildiriblər ki, kardiologiya və nefrologiya sahəsində böyük əhəmiyyətə malik olan bu sistem vasitəsilə kəskin ürək çatışmazlığının müalicəsində yüksək nəticələr əldə etmək mümkün olacaq.


Mürəkkəb böyrəkköçürmə əməliyyatları


Son illərdə ölkəmizdə transplantologiyanın inkişafı böyrəkköçürmə əməliyyatlarını fövqəladə hal olmaqdan transplantoloq cərrahların gündəlik iş praktikasına çevirib. Bununla belə, bir sıra hallarda bəzi amillər vəziyyəti mürəkkəbləşdirir və bu əməliyyatları unikal edir.
Belə əməliyyatlardan biri Respublika Müalicə Diaqnostika Mərkəzində, Böyrək xəstəlikləri və transplantologiya şöbəsinin müdiri, cərrah-uroloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolanın rəhbərlik etdiyi həkimlər briqadası tərəfindən, damar problemi olan 28 yaşlı qız üzərində aparılıb. Əməliyyatın mürəkkəbliyi barədə danışan cərrah bildirib ki, xəstənin bütün damarlarında ümumi dəyişikliklər səbəbindən əməliyyat cərrahi baxımdan çox riskli olub: “Tromboz ehtimalı böyük idi, ancaq bütün lazımi tədbirləri gördük və transplantasiya uğurla icra edildi”.
Həkimin verdiyi məlumata görə, hazırda köçürülmüş böyrəyin fəaliyyəti əladır. Özünü normal hiss edən pasiyent və donor evə yazılıblar.
Rəşad Şolanın rəhbərliyi altında həyata keçirilmiş digər mürəkkəb böyrəkköçürmə əməliyyatı zamanı ana öz böyrəyini oğluna bağışlayıb. Transplantoloqun sözlərinə görə, əməliyyatın mürəkkəbliyi böyrəyi bağışlayan ananın donorluq üçün kifayət qədər yaşlı olmasında idi: “Uyğun donor tapılana kimi bir neçə namizədin sağlamlıq və uyğunluq vəziyyətini yoxladıq, resipiyentə donorluq üçün təkcə ana uyğun gəldi. Donorun yaşlı olması əməliyyatın riskini artırırdı. Komandamızın birgə əməyi sayəsində bu riskin də öhdəsindən gəldik və əməliyyat uğurla həyata keçirildi. Resipiyent və donor yaxşı vəziyyətdə evə yazılıblar”.
Qeyd edək ki, haqqında danışdığımız dövrdə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında da Transplantologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Anar Namazovun rəhbərliyi altında bir neçə uğurlu böyrəkköçürmə əməliyyatı icra olunub.


Döş qəfəsindən törəmə endoskopik üsulla çıxarıldı


ATU-nun Tədris Cərrahiyyə Klinikasında daha bir mürəkkəb əməliyyatı torakal cərrah, tibb üzrə fəlsəfə doktoru Arif Ağayev həyata keçirib. Belə ki, 40 yaşlı xəstənin döş boşluğundakı sinir mənşəli törəmə endoskopik üsulla xaric edilib.
Cərrah bildirib ki, əməliyyatın mürəkkəbliyi şişin təhlükəli sahədə - damar və sinirlərin üzərində yerləşməsi ilə bağlı idi: “Belə halda endoskopik əməliyyatların icrası digərlərindən daha həssas yanaşma tələb edir. Qapalı üsulun texniki çətinlikləri olur. Hər an qanama təhlükəsi ilə üzləşə bilərdik. Həmçinin əməliyyatdan sonra nevroloji problemlərin yaranması riski də var idi. Cərrahi əməliyyat üç saat davam etdi və uğurla yekunlaşdı”.
“Bəzən məsləkdaşlarımız bu kimi mürəkkəb cərrahi əməliyyatların icrasının xarici ölkələrdə etdirilməsini tövsiyə edirlər. Ancaq bildirmək istəyirəm ki, təcrübə və müasir texnologiyaların tətbiqi ilə bu kimi riskli cərrahi əməliyyatların icrası və risklərin minimuma endirilməsi ölkəmizdə də mümkündür”, - deyə mütəxəssis qeyd edib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova