Azərbaycanda bir neçə unikal əməliyyat icra edildi

Azərbaycanda bir neçə unikal əməliyyat icra edildi

Dünya səhiyyəsində ilk


Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında (TCK) son dövrlərdə bir neçə unikal əməliyyat həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bunlardan biri Universitetin I Mamalıq-ginekologiya kafedrasının professoru Şahbaz Şahbazov tərəfindən İstmikoservikal çatışmazlıq diaqnozu olan hamilə qadın üzərində aparılıb.
Professor Ş.Şahbazovun sözlərinə görə, bu cür əməliyyatların uğurlu icrası Azərbaycan səhiyyəsinin inkişafından xəbər verir: “Bu əməliyyat təkcə Azərbaycanda deyil, həm də dünya səhiyyəsində yeni bir addımdır. Klinikanın güclü bazası belə mürəkkəb cərrahi müdaxilələri etməyə imkan verir.
Əməliyyat etdiyimiz qadın bizə müraciət edəndə artıq beş dəfə hamiləliyi İstmikoservikal çatışmazlıq – uşaqlıq boynu çatışmazlığı səbəbindən yarımçıq başa çatmışdı. Yeganə yol tibdə yeni üsul tətbiq etmək idi. Təcrübi vərdişlərə əsaslanaraq, tibb elmində yeni bir addım atdıq. Bütün risklər xəstəyə izah edildikdən sonra hamiləliyin 14-cü həftəsində uşaqlıq üzərində cərrahi əməliyyat icra olundu, həm autoplastika ilə, həm də sintetik materiallardan istifadə etməklə uşaqlıq və uşaqlıq boynu arasında süni sfinktor yaradıldı”.
Bu çox riskli əməliyyatdan sonra xəstə hamiləlik müddətində həkim nəzarətində olub. Hamiləliyin 35-ci həftəsində 2300 qram çəkidə oğlan uşağı dünyaya gəlib. Hazırda həm qadın, həm də körpənin vəziyyəti yaxşıdır.

Çənə sümüyünə damaqdan transplant qoyuldu


Digər bir mürəkkəb əməliyyat zamanı xəstənin çənə sümüyündəki defekt qalça damağından götürülmüş transplantatla aradan qaldırılıb.
Əməliyyatın təfərrüatları haqqında məlumat verən TCK-nın Ağız və üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri Məhəmməd Davudov bildirib ki, xəstə 6 il əvvəl ağız boşluğundakı törəmədən əməliyyat olunub. Cərrahi müdaxilədən sonra o, kompleks müalicə alsa da, onun ağzında yenidən şiş yaranıb. İkinci dəfə əməliyyat olunan qadının çənə ətrafı yumşaq toxumalarla birgə geniş şəkildə götürülüb: “Ağızda və çənədə qalan estetik qüsurun aradan qaldırılması üçün əməliyyat etdik. Beş santimetrlik sümük defekti qalça damağından götürülmüş transplantat qraft vasitəsilə, yumşaq toxuma batıqlığı isə ayrı qalça nahiyəsində piy toxuması transplantatla aradan qaldırıldı”.
M.Davudov bildirib ki, xəstə əməliyyatdan artıq iki gün sonra ayağa qalxıb. İndi onun vəziyyəti yaxşıdır.

Kritik vəziyyətdə uğurlu əməliyyat


Daha bir uğurlu mürəkkəb əməliyyat barədə TCK-nın Transplantologiya şöbəsinin müdiri Anar Namazov məlumat verib. Onun sözlərinə görə, 67 yaşlı qadın qarın nahiyəsinin sol tərəfində küt ağrılardan şikayətlə klinikaya daxil olub: “Müayinələrlə müəyyənləşib ki, xəstənin orqanizmində retroperitondan inkişaf edən böyük bir törəmə var və o, dalağa, yoğun bağırsağa, sol böyrəyə və sol böyrəküstü vəziyə bitişib. Bir neçə klinikada ətraflı müayinələrdən keçmiş xəstədə ağır ürək problemləri, ciddi dərəcədə qaraciyər çatışmazlığı olduğu da aşkarlanıb, bu səbəbdən vəziyyəti kritik qiymətləndirilib və əməliyyatdan imtina olunub”.
A.Namazovun sözlərinə görə, qidalanması pozulan və üzülmüş vəziyyətdə olan xəstədə bir neçə gün əməliyyata müvafiq hazırlıq aparılıb: “Yüksək anestezioloji və cərrahi risklə əməliyyat olunan qadında retroperitoneal nahiyədə inkişaf edən törəmə N blok şəklində xaric olundu. Altı saat davam edən əməliyyat zamanı dalaqla sol böyrək, sol böyrəküstü vəzi və yoğun bağırsağın sol hissəsi kəsildı, yəni sol tərəfli hemikolektomiya icra edildi. Xəstəyə transverzostoma formalaşdırıldı”.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova