Bakıda Tibb Təhsili üzrə 8-ci Beynəlxalq Konfrans keçirildi

Bakıda Tibb Təhsili üzrə 8-ci Beynəlxalq Konfrans keçirildi

Bakıda Tibb Təhsili üzrə 8-ci Beynəlxalq Konfrans (International Conference on Medical Education, ICME) keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda ilk dəfə keçirilən bu tədbir Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti (ATU) və Pakistan İslam Respublikasının Riphah Beynəlxalq Universiteti tərəfindən təşkil olunub. Dünyanın 20-dən çox ölkəsindən 300-ə yaxın xarici qonağı bir araya gətirən konfransda tibb təhsili üzrə aparıcı mütəxəssislər iştirak ediblər.
Tədbirdən öncə konfransın fəxri qonaqları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər. Onlar əvvəlcə Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarı önünə əklil qoyub və gül dəstələri düzüblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər qoyulub. Daha sonra fəxri qonaqlar Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər.
Konfransın təntənəli açılış mərasimi Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Mərasimdə çıxış edən Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev qonaqları salamlayıb, tədbirin Azərbaycan Respublikasında təşkilinə verdiyi dəstəyə görə Ümumdünya Tibb Təhsili Federasiyasına minnətdarlığını bildirib, tibb təhsili üzrə beynəlxalq reytinqlərdə ön sıralarda yer tutan nüfuzlu təhsil müəssisələrinin elm insanlarını Bakıda bir arada görməkdən məmnunluq duyduğunu ifadə edib.
Nazir qeyd edib ki, 2023-cü il ölkəmizdə müstəqil Azərbaycanın qurucusu və memarı, dahi siyasi xadim Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin qeyd edilməsi ilə əlamətdardır. Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində respublikada həkim kadrların və təbabət alimlərinin hazırlığı üzrə görülmüş mühüm işlərdən danışan nazir bu istiqamətdə fəaliyyətin sonralar da uğurla davam etdirildiyini deyib: “Milli kadrların hazırlanmasına yönəlik strateji yanaşma möhtərəm cənab Prezident İlham Əliyevin prezidentliyi dövründə də uğurla davam etdirilir. 2007 – 2015-ci illərdə xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində minlərlə Azərbaycanlı gənc, dövlətimizin hüdudlarından kənarda, ölkəmiz üçün prioritet sahələrdə təhsil almaq imkanı əldə edib. Onlardan təbabət üzrə təhsil alan bir çox mütəxəssislər bu gün Vətənə geri dönərək səhiyyənin inkişafına əməli töhfələr verirlər. Dövlət proqramının uğurlu nəticələri möhtərəm cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019 – 2023-cü illər üçün xaricdə doktorantura səviyyəsində təhsil üzrə növbəti proqramın icrasının başlanılmasına əsas verib,”- deyə Teymur Musayev bildirib.
Hazırda Azərbaycanda 56 ixtisas üzrə həkim hazırlığının həyata keçirildiyin qeyd edən nazir söyləyib ki, Azərbaycan Tibb Universiteti ölkəmizdə ali tibb təhsilində əsas yer tutan qocaman ali məktəbdir: “Bu Universitet səhiyyə müəssisələri üçün yüksəkixtisaslı həkim kadrları yetişdirir, bununla da əhalinin sağlamlığının qorunmasına, tibb elminin tərəqqisinə mühüm töhfələr verir. Azərbaycan Tibb Universitetinin tədris proqramları beynəlxalq akkreditasiyadan keçib. Son illərdə tibb təhsilinin dünya standartlarına uyğunlaşdırılması üçün bir neçə yeni ixtisas üzrə də qəbul həyata keçirilir.
Azərbaycan Respublikasında tibb təhsilinin təkmilləşdirilməsi və dünyanın nüfuzlu ali tibb məktəbləri ilə əlaqələrin genişləndirilməsi məqsədilə möhtərəm cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 2015-ci ildə Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı yaradılıb. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu texniki tərəqqinin müasir səviyyəsində təhsil standartlarına uyğun ixtisasartırma və kadrların yenidən hazırlanmasını təmin edən diplomdan sonrakı təhsil müəssisəsidir,”- deyə nazir vurğulayıb.
Tibb təhsilində yeni yanaşmaların olmasının hər zaman labüd hesab edən Teymur Musayev son dövrlərdə bəşəriyyətin keçdiyi ciddi səhiyyə sınaqlarının, pandemiya şəraitinin bu işi daha da sürətləndirdiyini deyib: “Rəqəmsal alətlərin tətbiqi ilə onlayn təhsil platformalarının istifadəsi genişləndi. Bundan sonra da onlayn təhsilin genişlənəcəyini nəzərə alaraq, xüsusən də davamlı tibbi təhsil sahəsində qlobal vahid akkreditasiya meyarlarının müəyyənləşdirilməsinə ehtiyac vardır”.
Sonda nazir tədbirin tibb təhsilinin gələcək istiqamətləri ilə bağlı aktual məsələlərə toxunacağına və məhsuldar olacağına inandığını bildirib, konfransın işinə uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayev tibb təhsilinin ölkənin strateji məsələlərinin həllində və əhalinin sağlamlığının qorunmasında mühüm əhəmiyyətindən danışıb: “Bu günədək Azərbaycanda tibb təhsili sahəsində bir sıra nailiyyətlər əldə edilib və bu tendensiya davam etməlidir. Müşahidələr göstərir ki, ölkədə bütün zamanlarda yüksək nəticə göstərən məzunlar, ən istedadlı insanlar gələcəkdə ali təhsil almaq üçün məhz tibb sahəsini seçirlər ki, bu da yüksəkixtisaslı həkimlərin formalaşması ilə nəticələnir. Rəqəmsal və texnologiya baxımından əvvəlki illərin həkimləri ilə indikilər arasında ciddi fərq olacaq”.
Ölkədə müasir səviyyədə tibb təhsilini tədris edən universitetlərin olduğunu bildirən nazir, eyni zamanda, tibb sahəsi üzrə proqramların təkmilləşdirilməsinə, təcrübə hissəsinin artırılmasına, tibb təhsili coğrafiyasının genişlənməsinə ehtiyac olduğunu deyib.
Emin Əmrullayev azad edilən ərazilərdə yaradılacaq Qarabağ Universitetinin konseptinin hazırlandığını bildirib: “Universitetin binası Ağdamda inşa ediləcək. İstərdik ki, orada da tibb sahəsi tədris olunsun. Bu sahədə fəaliyyət istiqamətində əməkdaşlığa hazırıq".
ATU-nun rektoru professor Gəray Gəraybəyli qeyd edib ki, tibb təhsili sahəsində belə bir mötəbər tədbirin – beynəlxalq konfransın Azərbaycanda keçirilməsi və məhz Heydər Əliyev İlinə təsadüf etməsi qürurverici hadisədir. “Konfrans innovativ ideyaların, qabaqcıl təcrübənin və tibb təhsili sahəsində ən son yeniliklərin mübadiləsi üçün platforma rolunu oynayacaq. Bu toplantı tibb təhsilinin davamlı təkmilləşdirilməsi və inkişafı mədəniyyətini təşviq etməklə, müəllimlər və tələbələr kimi rollarımız haqqında düşünmək üçün bir fürsətdir. Effektiv tədris metodologiyaları, texnologiya inteqrasiyası və inkişaf edən tibb təhsili mənzərəsi haqqında anlayışımızı genişləndirmək üçün konfrans çərçivəsində sessiyalar, seminarlar və müzakirələr keçiriləcək”, - deyə rektor vurğulayıb.
Dünya Tibb Təhsili Federasiyanın prezidenti professor Rikardo Leon-Borkes Bakıda ilk dəfə keçirilən ICME konfransının tibb təhsili sahəsində dünya şöhrətli mütəxəssislər arasında qarşılıqlı əməkdaşlıq üçün dayanıqlı platforma təmin etmək məqsədilə yaradıldığını qeyd edib. Qonaq bu toplantının bilik və təcrübə mübadiləsi aparmaq, dünyanın müxtəlif ölkələrindən olan təmsilçilərlə əməkdaşlıq qurmaq üçün əla imkan yaratdığını bildirib.
Rikardo Leon-Borkes deyib ki, Azərbaycan tibb təhsilinin inkişaf etdirilməsi istiqamətində beynəlxalq standartlara uyğun hərəkət edir: “Azərbaycanın bu sahədəki səyləri və yatırım etdiyi sərmayələr vəziyyəti doğru istiqamətə aparır. Azərbaycanda tibb təhsili region üçün yaxşı formada hazırlanıb. Ümumilikdə, tibb təhsilinin inkişafı üçün Azərbaycana hər zaman dəstək olmağa hazırıq".
Birləşmiş Ərəb Əmirliklərinin Ras Al-Khaimah Tibb və Sağlamlıq Elmləri Universitetinin prezidenti professor İsmayıl İbrahim Matalka tədbirin tibb təhsili sahəsindəki yeniliklərlə bağlı tibb ictimaiyyətinin məlumatlandırılması və təcrübə mübadiləsinin aparılması baxımından önəmli olduğunu bildirib.
Konfransda həmçinin Riphah Beynəlxalq Universitetinin kansleri Hasan Muhammed Xan, Birləşmiş Ərəb Əmirliklərinin Gulf Universitetinin kansleri professor Hossam Hamdini, Tibb Təhsili üzrə Beynəlxalq Konfransın prezidenti professor Azhar Raşid çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, konfransda tibb təhsilinin bütün aspektlərini əhatə edən mövzuların müzakirəsi iştirakçılar üçün böyük imkanlar yaradır.
Sonra tanınmış tədqiqatçı Fuad Axundov “Bakının neft və qeyri-neft salnaməsi” mövzusunda təqdimat keçirib.
Açılış mərasimi Azərbaycan Respublikasının Əməkdar artisti Səbinə Ərəblinin “Qarabağ şikəstəsi"nin ifası ilə başa çatıb.
Konfrans öz işini müxtəlif mövzular üzrə simpoziumlarla davam etdirib. Simpoziumlarda tibb təhsilində simulyasiya əsaslı təlim, səriştələrin öyrədilməsi, koqnitiv bacarıqların aşılanması, kompüter texnologiyaları və süni intellektin tətbiqi kimi aktual məsələlər müzakirə edilib. Konfransda tibb təhsili sahəsində dünyanın tanınmış 30-dan çox ekspertinin ən aktual mövzularda məruzələri dinlənilib, təcrübə mübadiləsi aparılıb, müzakirələr keçirilib. "Ekspertlər nə deyir?" sessiyalarında tibb təhsili və təliminə dair ən qabaqcıl və yeni yanaşmalar və təcrübələr təqdim olunub.
Qeyd edək ki, indiyədək ICME konfransı iki ildən bir olmaqla Əbu-Dabi, Mavriki, İstanbul, Ottava və İslamabadda keçirilib. Bundan öncəki konfrans 2021-ci ildə İndoneziya İslam Universiteti ilə birgə virtual formatda təşkil olunub.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova