Azərbaycan Səhiyyə Nazirliyi nümayəndə heyətinin Kubaya səfəri
Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti Kuba Respublikasında səfərdə olub.
Səfər çərçivəsində nümayəndə heyətini Kuba Respublikasının Baş naziri Manuel Marrero Kruz qəbul edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Kuba Respublikasının Baş naziri Azərbaycan və Kubanın tarixi milli liderləri arasındakı münasibətlərin xalqlar arasındakı əlaqələrin səviyyəsinə əhəmiyyətli təsirini qeyd edib və bundan məmnunluğunu bildirib.
Baş nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Qoşulmama Hərəkatının beynəlxalq arenadakı nüfuzunun yüksəldiyini və aparıcı siyasi qüvvəyə malik təşkilata çevrildiyini xüsusilə vurğulayıb.
Manuel Marrero Kruz son dövrlərdə ölkələrimiz arasındakı təmasların artdığını və müxtəlif sahələrdə birgə əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu qeyd edib.
Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev səmimi qəbul və qonaqpərvərliyə görə Kuba Respublikasının Baş naziri Manuel Marrero Kruza təşəkkürlərini bildirib. Nazir bu səfərin ölkə rəhbərləri arasındakı münasibətlərin məntiqi nəticəsi olduğunu qeyd edib.
Azərbaycan və Kuba səhiyyə nazirlikləri arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyətinin Kuba Respublikasına səfəri çərçivəsində Azərbaycan və Kuba arasında səhiyyə sektorunda əməkdaşlıq, birgə təşəbbüslər, mütərəqqi texnologiyaların inkişafının və tətbiqinin genişləndirilməsi üzrə əməkdaşlığı nəzərdə tutan “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Kuba Respublikasının İctimai Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.
Sənədi Azərbaycanın səhiyyə naziri Teymur Musayev və Kubanın ictimai səhiyyə naziri Xose Anxel Portal Miranda imzalayıblar.
Anlaşma Memorandumunun məqsədi hər iki ölkənin səhiyyə sistemlərinin gücləndirilməsi və institusional çərçivənin genişləndirilməsi, əhalinin sağlamlığının inkişafına töhfə verilməsi, eyni zamanda, əməkdaşlıq proqramlarının həyata keçirilməsidir.
Memorandumda akademik və elmi mübadilə, əczaçılıq və biotexnologiyalar sahəsində birgə fəaliyyət, diplomdan sonrakı təlimlər, tibbi turizm əsas əməkdaşlıq istiqamətləri olaraq müəyyən edilib. Eyni zamanda, sənəd yoluxucu və xroniki qeyri-yoluxucu xəstəliklər, o cümlədən İİV/QİÇS, xərçəng, şəkərli diabet, cərrahiyyə və tibbin yüksək dəqiqlik tələb edən istiqamətləri üzrə məlumat mübadiləsini özündə ehtiva edir.
Memorandumda birgə konfransların təşkili, səhiyyə mütəxəssislərinin təlimlərinin keçirilməsi də nəzərdə tutulub.
Daha sonra səhiyyə nazirliklərinin nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli görüş keçirilib.
Sənədin əhəmiyyətini vurğulayan Teymur Musayev və Xose Anxel Portal Miranda Memorandumun ölkələr arasında səhiyyənin inkişafı sahəsində ikitərəfli əlaqələrin gücləndirilməsi, konkret imkanlardan yararlanması və tibb elminin birgə inkişaf potensiallarının artırılmasında mühüm rol oynayacağını qeyd ediblər.
Görüşdə həmçinin Memorandumda nəzərdə tutulan əməkdaşlıq sahələri üzrə gələcək fəaliyyətlərə dair müzakirələr aparılıb.
Azərbaycan səhiyyə naziri Kubanın tibb və əczaçılıq müəssisələrində olub
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndə heyəti ilk olaraq Kuba səhiyyə sisteminin aparıcı müəssisəsi olan “Hermanos Ameijeiras” xəstəxanasının fəaliyyəti ilə tanış olub. Görüş zamanı xəstəxananın 40 ildən artıq müddətdə əhaliyə yüksək keyfiyyətli tibbi yardım göstərdiyinə dair məlumat verilib. Tibb müəssisəsi həmçinin həkimlər və orta tibb işçiləri üçün klinik baza rolunu oynayır. Xəstəxana digər elmi institutlarla əlaqəli şəkildə klinik sınaqlar və tədqiqatlar aparır.
Kuba Respublikasının ilkin səhiyyə sistemi ilə tanışlıq məqsədilə “Cosme Ordonez Carceller” tədris poliklinikasına səfər edilib. Poliklinikada göstərilən tibbi xidmətlər, aparılan tədqiqat işləri və yerli icmalarda epidemioloji nəzarətin təşkilinə dair məlumatlar paylaşılıb.
Daha sonra Dərman Vasitələri və Tibbi Avadanlıqlar üzrə Tənzimləyici Orqanda keçirilən görüşdə dərman vasitələri, tibbi avadanlıqların qeydiyyatı, kliniki sınaqlar, farmakonəzarət tədbirləri barədə məlumat verilib.
“BioCubaFarma” biotexnologiya şirkətində istehsal olunan innovativ dərman vasitələrinə və onların müxtəlif ölkələrdə qeydiyyatı və istifadəsinə dair ətraflı təqdimat edilib.
Səfərin sonunda Havana Tibb Elmləri Universitetində keçirilən görüşdə tibb təhsili sisteminin təşkili, akademik heyət və tələbə mübadiləsi, tibb təhsili müəssisələri arasında əməkdaşlığa dair müzakirələr aparılıb.