İcbari tibbi sığortanın Yenilənmiş Xidmətlər Zərfinin təqdimatı olub

İcbari tibbi sığortanın Yenilənmiş Xidmətlər Zərfinin təqdimatı olub

İcbari tibbi sığorta üzrə Yenilənmiş Xidmətlər Zərfinin təqdimat mərasimi keçirilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunan tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin və Nazirlər Kabinetinin, Səhiyyə, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), digər aidiyyətli dövlət qurumlarının, tibb və təhsil müəssisələrinin, vətəndaş cəmiyyətinin, beynəlxalq təşkilatların və media qurumlarının nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bildirdiyinə görə, agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev xidmətlər zərfinin təkmilləşdirilməsindən, aparılan dəyişikliyin əhali və həkimlər üçün faydalarından danışıb. Bildirib ki, universal tibbi təminata nail olmaq üçün bir çox araşdırmalar aparılıb, beynəlxalq təcrübə öyrənilib: “Universal tibbi təminatın əsas 3 komponenti əhalinin tibbi xidmətlərə əlçatanlığı, tibbi xidmətlərin keyfiyyətinin və əhatə dairəsinin artırılması və maliyyə dayanıqlığının təminatıdır. Azərbaycanda artıq 10 milyon əhali sığortalanıb. Xidmətlər Zərfi çərçivəsində 100 milyondan çox tibbi xidmət göstərilib. İcbari tibbi sığortaya başlayarkən 20 özəl tibb müəssisəsi ilə müqavilə bağlanmışdısa, bu gün onların sayı 100-dən artıqdır. Ölkəmizdə təminata alınmış tibbi xidmətlərin artırılması ilə universal tibbi təminata doğru növbəti addım atılıb. Pilot layihə dövründə icbari tibbi sığorta çərçivəsində qarşılanan tibbi xidmətlərin sayı 3 dəfə artırılaraq 3315-ə çatdırılıb. Eyni zamanda, tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi yönündə tədbirlər görülünb. Agentlik tərəfindən 2020-2023-cü illərdə 100 milyon manata yaxın məbləğdə yeni cihaz və avadanlıq alınıb və tibb müəssisələrinə təhvil verilib”.
Ölkə rəhbərliyinin əhalinin sağlamlığına qayğısını vurğulayan Z.Əliyev deyib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin möhkəm siyasi iradəsi və Birinci vitse-prezidentin böyük dəstəyi ilə səhiyyə sahəsində çox böyük işlər görülməkdədir: “Səhiyyəmizin maddi-texniki bazasının gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə yeni tibb müəssisələrinin yaradılması, icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin artırılması səhiyyə islahatlarının tərkib hissəsidir. Bütün bu işlər Azərbaycan vətəndaşının rifahına, sağlamlığının qorunmasına xidmət edir”.
Agentliyin İdarə Heyətinin sədri həmçinin qeyd edib ki, 2019-cu ildən bu yana həkimlərin maaşında kifayət qədər artım olub, müxtəlif ixtisaslı həkimlərin orta aylıq əməkhaqqı 400 manatdan 2 600 manatadək yüksəlib.
Z.Əliyev xidmətlər zərfinin təkmilləşdirilməsində agentliyə dəstək göstərən Səhiyyə Nazirliyinə və Milli Məclisə öz təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, ölkədə mürəkkəb bir dövrdə icbari tibbi sığortanın tətbiqi Prezident İlham Əliyev tərəfindən vətəndaşlarımızın sağlamlığına ən yüksək səviyyədə verilən dəyərin və diqqətin təzahürüdür. Onun sözlərinə görə, vahid səhiyyə prinsipi əsasında özəl sektorda göstərilən xidmətlər dövlət-özəl əməkdaşlığı çərçivəsində qarşılanmağa başlanıb və hazırda dövlət və özəl sektor arasında inteqrativ əməkdaşlıq uğurlu formatda davam edir. Səhiyyə naziri qeyd edib ki, insan kapitalının inkişafı, səhiyyənin rəqəmsallaşması və maliyyələşməsi sahələrinə icbari tibbi sığortanın verdiyi töhfə olduqca vacibdir: “Pandemiyanın ilk günlərində icbari sığortanın tətbiq etdiyi rəqəmsal tətbiqlər və proqramlar pandemiyanın törədə biləcəyi fəsadların qarşısını aldı, eyni zamanda, istər dövlət, istərsə də özəl sektorlar arasındakı əməkdaşlığı yeni mərhələyə qaldırdı”.
Teymur Musayev bildirib ki, gələcəkdə əhalinin tibbi xidmətlərə əlçatanlığının və vətəndaş məmnunluğunun artırılması məqsədilə icbari tibbi sığorta digər sığorta modelləri ilə zənginləşdirilə bilər: “Tibbi sığorta sisteminin təkmilləşdirilməsi üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Sığortaçılar Assosiasiyası arasında fəal əməkdaşlıq aparılır və bu sahədə ilkin ümidverici nəticələr əldə olunub” -, deyə Teymur Musayev fikrini tamamlayıb.
Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov icbari tibbi sığortanın tətbiqinin səhiyyə tarixində önəmli islahat olduğunu vurğulayıb: “Sevindirici haldır ki, icbari tibbi sığorta bütün ölkədə tətbiq olunur və artıq vətəndaşlarımız tibbi xidmətlərdən rahat şəkildə istifadə edirlər. Əlbəttə ki, görüləsi işlər çoxdur. Hazırda xidmətlər zərfinin əhatə dairəsinin genişlənməsi qürurvericidir. Ölkəmizin səhiyyə sistemində orqan transplantasiyası sahəsində böyük işlər aparılmalıdır. Bu gün orqan transplantasiyasının icbari tibbi sığortanın təminatına daxil edilməsi bu istiqamətdə vacib bir addımdır və görülən tədbirlərə əsas töhfədir”. Milli Məclisin komitə sədri orqan transplantasiyasının həyata keçirilməsi üçün klinikalarımızın imkanlarının geniş olmadığını, orqan və toxuma transplantasiyasında dünya ölkələri arasında geridə qaldığımızı deyib: “Məni narahat edən məqamlardan biri də orqan transplantasiyası ilə bağlı daxil edilən xidmətlərin limitli olmasıdır. Bu, başadüşüləndir. Maliyyə və klinikaların imkanları ilə bağlı çətinliklər var. Ümid edirik ki, gələcəkdə bu əməliyyatları həyata keçirən klinikaların sayı artırılacaq, klinikaların əməliyyatları həyata keçirmək üçün imkanları genişləndiriləcək”.
Ə.Əmiraslanov özəl tibb müəssisələrinin icbari tibbi sığorta çərçivəsində xidmət göstərməsini müsbət qarşıladığını deyib, tibb müəssisələrinin sayının getdikcə artdığını da diqqətə çatdırıb.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib ki, xidmətlər zərfinin təkmilləşməsi sağlam cəmiyyətin formalaşmasına xidmət edir. Siyahıya yeni xidmətlərin – əvvəllər bu zərfə daxil olmayan müayinə, müalicə və əməliyyatların əlavə edilməsi insanların tibbi xidmətlərə əlçatanlığının daha geniş spektrdə olmasına imkan yaradır: “Bütün tibb müəssisələrimizdə laparoskopik əməliyyatları icra edə bilmək üçün avadanlıqlar alınır, avtopark yenilənir, tibbi sərfiyyatın fasiləsiz olması üçün intensiv tədbirlər görülür, xəstəxana idarəetmə sistemi təkmilləşdirilir. Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin 2550-dən 3315-ə qədər artırılması xəstəxanalara axını daha çox artıracaq”. O bildirib ki, tibb müəssisələrinin əməkdaşlarına xidmətlər zərfinə edilmiş dəyişikliklərin tətbiqi ilə əlaqədar olaraq yeni qaydaların izah olunması və öyrədilməsi məqsədilə müntəzəm olaraq təlimlərin keçirilməsi planlaşdırılıb.
Daha sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin Dövlət tibb müəssisələrinin ekspertizası şöbəsinin müdiri Nicat Şirinov, agentliyin Strateji inkişaf və iqtisadi təhlil departamentinin Səhiyyə iqtisadiyyatı şöbəsinin baş məsləhətçisi Şamxal Cəmilzadə və İnzibati idarəetmə departamentinin Təchizat və satınalma şöbəsinin müdiri Anar Rəhimov təqdimatlarla çıxış ediblər. Onlar iştirakçıları xidmətlər zərfinə yeni əlavə edilən tibbi xidmətlər, tarif dəyişikliyi, tibb müəssisələrinin maddi texniki-bazasının gücləndirilməsi mövzularında məlumatlandırıblar.
Sonda mətbuat konfransı keçirilib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova