Türk Dövlətləri ilə əlaqələr Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir
Azərbaycan səhiyyə naziri TDT-yə üzv ölkələrin səhiyyə nazirlərinin III iclasında çıxış edib
Özbəkistan Respublikasının Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin səhiyyə nazirlərinin III iclası və Türk Tibb Dünyası Konqresi keçirilib.
Türk Dövlətləri Təşkilatının və Özbəkistan Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirdə TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri, ali tibb təhsili qurumlarının rəhbərləri, həmçinin müxtəlif ölkələrdən dəvət olunmuş elm adamları iştirak ediblər.
Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə ölkəmiz səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Açılış nitqi ilə çıxış edən Səmərqənd vilayətinin başçısı Erkinjon Turdimov tədbir iştirakçılarını salamlayaraq iclasın işinə uğurlar arzulayıb.
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev tədbirin səmərəli keçəcəyinə və gələcəkdə səhiyyə sahəsində əlaqələrin daha da möhkəm təməl üzərində qurulacağına əminliyini ifadə edib. Kubanıçbek Ömüralıyev müzakirə ediləcək məsələlərin və qəbul olunacaq qərarların yeni aspektdə təşkilatın işinə mühüm təkan verəcəyini qeyd edib.
İclasda çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türk Dövlətləri Təşkilatı və Özbəkistan Səhiyyə Nazirliyi tərəfindən keçirilən tədbirin yüksək səviyyədə təşkil olunduğunu və ölkələr arasında əməkdaşlığın müasir müstəvidə yeni prizmadan inkişafına təkan verəcəyini vurğulayıb: “Prezident İlham Əliyev TDT-nin IX Zirvə görüşündə çıxışında qeyd edib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə bütün sahələrdə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetləri sırasındadır. Dövlət başçılarının birbaşa dəstəyi və himayəsi altında ölkələrimizin ictimai, siyasi, iqtisadi, mədəni, sosial həyatının bütün sahələrində əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir. Bu həm təşkilat çərçivəsində, eyni zamanda, ikitərəfli münasibətlərdə özünü ən yüksək şəkildə göstərir”.
Azərbaycanın səhiyyə naziri ölkələrimiz arasında möhkəm təməllər üzərində qurulan münasibətlərin səhiyyə sahəsində də əlaqələrin ən yüksək şəkildə inkişafına zəmin yaratdığını vurğulayıb: “Təşkilata üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin və elm adamlarının iştirakı ilə yaradılan bugünkü platforma nəinki təşkilatda təmsil olunan ölkələrin tibb mütəxəssisləri ilə, eyni zamanda, digər ölkələrdə fəaliyyət göstərən türksoylu peşəkarlarla əlaqələr qurmaq, onların təcrübələri ilə tanış olmaq və gələcəkdə qarşılıqlı əməkdaşlıq imkanları üçün geniş perspektivlər müəyyənləşdirir. Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin vahid tibb elmi məkanının yaradılması, birgə elmi tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi, davamlı tibbi təhsilin təmin edilməsi kimi məsələləri birgə fəaliyyətimizin başlıca istiqamətləri hesab edirik. Səhiyyədə informasiya-kommunikasiya texnologiyalarının sürətli tətbiqi TDT çərçivəsində vahid elektron səhiyyə standartlarının hazırlanması ilə pasiyent məlumatlarının dövlətlərarası mübadiləsini mümkün edir”, - deyə Teymur Musayev fikrini tamamlayıb.
Özbəkistanın səhiyyə naziri Amrillo İnoyatov, Türkiyənin səhiyyə naziri Fahrettin Koca, Qazaxıstanın səhiyyə naziri xanım Ajar Giniyat, Qırğızıstanın səhiyyə nazirinin birinci müavini Tilek Mamadaliyev, Tacikistanın səhiyyə naziri Jamoliddin Abdullozoda, Rusiya Federasiyası Tatarıstan Respublikasının səhiyyə naziri Marsel Minnullin çıxışlarında beynəlxalq tədbirin dünya ölkələrindən olan tərəfdaşlar arasında səhiyyə sahəsində əməkdaşlığın yeni perspektivlərini yaradacağını və bu istiqamətdə birgə fəaliyyətin təşviqinə mühüm töhfə verəcəyini vurğulayıblar. Eyni zamanda, Türk Tibb Dünyası Konqresi iştirakçıların səhiyyə sahəsindəki bilik və təcrübələrini qarşılıqlı olaraq bölüşmələri üçün əvəzsiz fürsət yaradacaq. Konqresdə mütərəqqi ideya və texnologiyaların tətbiqi ilə təşkilata üzv dövlətlərin səhiyyə sistemlərində birgə informasiya məkanının yaradılması, əczaçılıq sənayesi və tibbi avadanlıqların istehsalı sahəsinə investisiyaların cəlb edilməsi, tibbi turizm və tibbi xidmətlərin göstərilməsində dövlət-özəl tərəfdaşlığının inkişafının vacibliyi qeyd edilib.
Sonda Türk Tibb Dünyası Konqresinin yekun sənədi – Birgə Bəyannamə qəbul edilib. Sənəddə türkdilli dövlətlərin Farmakopeyasının və Qaydalarının tətbiqi sahəsində əməkdaşlığın gücləndirilməsi, habelə fövqəladə hallar zamanı humanitar və tibbi yardımın göstərilməsi məsələləri öz əksini tapıb.
Həmçinin yoluxucu xəstəliklərlə mübarizə üzrə TDT-nin birgə Fəaliyyət Planı layihəsinin hazırlanması, təşkilat çərçivəsində dərman vasitələrinin və tibbi texnikanın birgə istehsalı imkanlarının nəzərdən keçirilməsi, eyni zamanda, Türk Dövlətləri Təşkilatına üzv ölkələr tərəfindən tibb sahəsində verilmiş diplomların qarşılıqlı tanınması məsələləri sənədə daxil edilib. Bundan əlavə, Bəyannamə TDT-yə üzv və müşahidəçi dövlətlərin iştirakı ilə sağlamlıq turizmi sahəsində birgə şəbəkənin yaradılması, Vahid Tibb Məlumat Lüğətinin hazırlanması və digər məsələləri də əhatə edir.
Toplantıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə nazirlərinin növbəti iclasının keçiriləcəyi məkanla bağlı bir sıra təkliflər daxil olub və müzakirə edilib.
Baş katib Kubanıçbek Ömüralıyev Səmərqənd Bəyannaməsinə əsasən TDT-yə üzv ölkələrin səhiyyə nazirlərinin növbəti iclasının gələn il Azərbaycanın Şuşa şəhərində keçiriləcəyini elan edib. Baş katib tədbirin 2023-cü il üçün Türk Dünyasının Mədəniyyət paytaxtı olan Şuşada uğurla keçiriləcəyinə əminliyini ifadə edib.
Daha sonra Türk Tibb Dünyası Konqresi ilə paralel keçirilən “Özbəkistan – Türkiyə səhiyyə biznes forumu”nun sərgisi ilə tanışlıq olub. Forum iştirakçıları ilə əldə etdikləri nailiyyətlər və gələcək inkişaf proqramları ilə bağlı fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayevin Türk Dövlətləri Təşkilatının Baş katibi, təşkilata üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri ilə bir sıra ikitərəfli görüşləri keçirilib.
Türk Tibb Dünyası Konqresi çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevlə görüş keçirib.
Görüş zamanı Kubanıçbek Ömüralıyev TDT-yə üzv ölkələrin səhiyyə nazirlərinin növbəti iclasının Şuşa şəhərində keçiriləcəyi münasibətilə təbriklərini çatdırıb. Yalnız bu ilin iyul ayında iki dəfə Azərbaycana səfər edərək Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər İclasında və Şuşa Qlobal Media Forumunda iştirakını bildirən təşkilatın Baş katibi ölkəmizin müxtəlif beynəlxalq tədbirləri hər zaman yüksək səviyyədə təşkil etdiyini vurğulayıb.
Göstərilən yüksək etimada görə TDT-nin Baş katibinə təşəkkürünü bildirən Teymur Musayev söyləyib ki, uğurlu fəaliyyət nəticəsində quruma üzv və müşahidəçi ölkələr arasında münasibətlərin, o cümlədən regional əməkdaşlığın dərinləşməsində təşkilat mühüm rol oynayır. “Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının beynəlxalq səviyyədə önəminin, quruma üzv və müşahidəçi ölkələrin beynəlxalq nüfuzunun və sosial-iqtisadi potensialının artmasını yüksək qiymətləndirir”, - deyə Azərbaycanın səhiyyə naziri qeyd edib.
Teymur Musayev həmçinin öz həmkarları - Özbəkistanın səhiyyə naziri Amrillo İnoyatov, Türkiyənin səhiyyə naziri Fahrettin Koca və Qazaxıstanın səhiyyə naziri xanım Ajar Giniyatla ikitərəfli görüşlər keçirib.
Konstruktiv və qarşılıqlı anlaşma mühitində keçən görüşlər zamanı səhiyyə və tibb elmi sahəsində ölkələr arasında əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf perspektivləri, uğurlu təcrübə mübadilələri və mütərəqqi nailiyyətlərin qarşılıqlı tətbiqi imkanları müzakirə olunub.
Keçirilən ikitərəfli görüşlər çərçivəsində Teymur Musayev qeyd edib ki, 30 illik işğaldan sonra azad olunan əzəli torpaqlarımızda Türkiyə dövləti bərpa-quruculuq işlərinə aktiv şəkildə cəlb olunub və bir çox infrastruktur layihələrində iştirak edir. Bundan başqa, işğaldan azad edilmiş Füzuli şəhərində Özbəkistan hökumətinin qərarı ilə məktəb, Qazaxıstan hökuməti tərəfindən isə Uşaq Yaradıcılıq Mərkəzi inşa olunur. Həmçinin Azərbaycan – Özbəkistan İnvestisiya Fondunun da uğurla fəaliyyət göstərdiyi vurğulanıb.