Teymur Musayev: "Məzun günü" gələcək həkimlərin yaddaşında gözəl bir tarix kimi qalacaq

Teymur Musayev: "Məzun günü" gələcək həkimlərin yaddaşında gözəl bir tarix kimi qalacaq

Azərbaycan Tibb Universitetinin (ATU) son kurs tələbələrinin “Məzun günü” Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təntənəli şəkildə qeyd olunub.
Səhiyyə Nazirliyinin və ATU-nun rəhbərliyinin, tibb ictimaiyyəti nümayəndələrinin, universitetin əməkdaşlarının, məzunlarının, onların valideynlərinin və digər qonaqların iştirak etdiyi tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.
Toplantıda təbrik nitqi ilə çıxış edən səhiyyə naziri Teymur Musayev ATU-nun məmnunluqla qatıldığı növbəti “Məzun günü”ndə hər kəsi salamlayıb, təbrik edib, bu günün gələcəyin həkimlərinin yaddaşında gözəl bir tarix kimi qalacağını söyləyib.
“Məzun günü”nü insanın öyrənmək səyahətində mühüm mərhələ adlandıran nazir bunun arxasında gərgin zəhmət, yuxusuz gecələr və təhsilə olan sonsuz həvəs dayandığını deyib: “Qazandığınız bilikləri peşə həyatınızda davamlı artıracağınıza, öyrənmək həvəsinizin hər zaman sizinlə olacağına inanıram”.
Teymur Musayev 1993-cü ildə ATU-nun I Müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirdiyini, öz “Məzun günü”nü, eyni hissləri və həyəcanı yaşadığını xatırlayıb: “Bugünkü Azərbaycan ictimai, siyasi, iqtisadi həyatın bütün sahələrində 90-cı illərin əvvəllərindən tamamilə fərqlənir. İndiki imkanlar, peşəkar mühit fərqlidir, hər bir vətəndaşımız dövlət dəstəyi ilə tam əhatə olunub. Bu uğurların arxasında xalqına, Vətəninə hədsiz bağlılığı olan tarixi şəxsiyyətlər dayanır”.
Səhiyyə naziri bu il 100-illik yubileyləri qeyd olunan, Azərbaycan səhiyyəsinin və tibb təhsilinin, Azərbaycan Tibb Universitetinin inkişafında xüsusi yer tutan iki böyük şəxsiyyət– müasir Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyev və onun ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva haqqında danışıb: “Müstəqil dövlətimizdə hər sahədə olduğu kimi, səhiyyənin və tibb təhsilinin də inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Əhalinin sağlamlığının qorunmasını ölkə siyasətində ən mühüm məsələlərdən biri hesab edən Ulu Öndər səhiyyənin tərəqqisi, maddi-texniki bazasının gücləndirilməsi, yeni tibb müəssisələrinin açılması üçün zəruri addımlar atmışdı. Vətəndaşların sağlamlığının mühafizəsində kadr potensialının rolunu yüksək qiymətləndirən Ümummilli Liderin Vətənimizə rəhbərliyi dövründə Azərbaycanda həkim kadrların və təbabət alimlərinin hazırlığı yüksək vüsət almışdı. “Təhsil millətin gələcəyidir” deyən Heydər Əliyevin təşəbbüsü ilə perspektivli gənclər SSRİ-nin qabaqcıl ali təhsil ocaqlarında oxumağa, gənc alimlər isə İttifaq səviyyəli tibb müəssisələrində elmi tədqiqatlar aparmaq üçün aspirantura və doktoranturaya göndərilmişdi. Əgər 1969-cu ildə SSRİ-nin tanınmış ali məktəblərində Azərbaycandan 50-dən az adam oxumağa gedirdisə, 80-ci illərin əvvəllərində 1000-dək Azərbaycan gənci SSRİ-nin qabaqcıl ali təhsil müəssisələrinə göndərilmişdi. Həmin yüksəkixtisaslı kadrların bir çoxu bu gün həm Tibb Universitetində, həm də tibb müəssisələrində çalışaraq, Azərbaycan səhiyyəsinin tərəqqisinə, həkimlərin və tibb alimlərinin yeni nəsillərinin yetişməsinə öz töhfələrini verir. ATU-nun yeni tədris korpusunun tikilməsi, ilk tədris klinikasının yaradılması da Ulu Öndərin adı ilə bağlıdır.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanı da Azərbaycan Tibb Universiteti ilə qırılmaz tellər bağlayırdı. Tibb İnstitutunun məzunu olan Zərifə xanım sonralar da öz doğma ali məktəbi ilə əlaqəni kəsməmişdi. Təbabət elminə və tibb təhsilinə böyük töhfələr vermiş Zərifə xanımın tələbələri, onun məktəbinin davamçıları, onun əsərləri ilə formalaşan və püxtələşən mütəxəssislər nəsli bu gün yeni həkim kadrları və təbabət alimləri hazırlığı sahəsində əzmlə çalışırlar”.
Səhiyyə naziri Tibb Universitetinin öz layiqli məzunları ilə fəxr etdiyini, Azərbaycan təbabətinin qüruru olan, burada təhsil almış və dərs demiş görkəmli şəxsiyyətlərin şanlı ənənələrini yaşatdığını deyib, Azərbaycanın ilk ali məktəblərindən biri olan, ənənələri ilə tarixə söykənən ATU-nun onilliklər boyu səhiyyə ocaqları üçün yüksəkixtisaslı həkim kadrları yetişdirməsindən, bununla da əhalinin sağlamlığının qorunmasına, tibb elminin tərəqqisinə mühüm töhfələr verməsindən danışıb: “Bu gün bu qocaman tibb təhsili ocağı yeni təhsil standartlarına əsaslanaraq, müasir informasiya texnologiyalarından istifadə edərək, beynəlxalq akkreditasiyadan keçmiş tədris proqramları ilə yüksək ixtisaslı mütəxəssislər hazırlayır və onun hər buraxılışı səhiyyəmiz və təbabətimiz üçün əlamətdar hadisədir”.
Azərbaycan Respublikasının dövlət başçısı cənab İlham Əliyevin uzaqgörən siyasəti, bacarıqlı rəhbərliyi, gərgin zəhməti sayəsində hər sahədə inkişaf etməsindən söz açan nazir əhalinin sağlamlığının qorunması sahəsində də böyük nailiyyətlər əldə olunduğunu söyləyib: “Səhiyyənin tərəqqisi daim diqqət mərkəzində saxlanılır. Tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilir, səhiyyənin maliyyələşməsində köklü islahatlar aparılır, rəqəmsallaşma, təminatlı keyfiyyətli tibbi xidmət istiqamətində işlər görülür.
Bütün bunlar ölkəmizdə müasir tələblərə uyğun səhiyyə sisteminin qurulmasını, yüksəkixtisaslı, müvafiq bilik və bacarıqlara sahib tibb işçilərinin olmasını tələb edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, özü də ixtisasca həkim olan Mehriban xanım Əliyeva da səhiyyə sahəsində çalışanlara həmişə diqqət və qayğı göstərir, tibb işçilərinin əməyini və fədakarlığını daim yüksək qiymətləndirir”.
Səhiyyə naziri Teymur Musayev son illərdə Azərbaycan tibb işçilərinin qarşılaşdığı sınaqları yada salıb. Bildirib ki, Azərbaycan hökuməti səhiyyə sahəsində fövqəladə vəziyyətlərə hazır olduğunu bir daha sübut etdi. Tibb işçilərimiz də bu imtahanlardan şərəflə, üzüağ çıxdılar.
Nazir vurğulayıb ki, səhiyyəmizin yenilənməsi üçün aparılan islahatlar tibb təhsilinin qarşısında da yüksək tələblər qoyur: “Bu gün tibb kadrlarının potensialını zamanın tələbinə və səhiyyənin yeni səviyyəsinə uyğun təkmilləşdirmək məqsədilə lazımi tədbirlər görülür. ATU-nun maddi-texniki bazası yenilənir, onun təhsildə nəzəriyyə ilə praktikanın uzlaşdırılması üçün geniş imkanlar açan klinikaları fəaliyyət göstərir. Səhiyyəmizin yeni, yüksək meyarlara, müasir dövrün çağırışlarına uyğun tibb kadrlarına tələbatı baxımından, bugünkü məzunlarımızın, tələbələrimizin və rezidentlərimizin üzərinə daha böyük məsuliyyət düşür.
Əziz məzunlar, inanıram ki, siz bu məsuliyyəti düzgün dərk edəcək və gələcək fəaliyyətinizdə etimadı doğruldacaqsınız. Səhiyyəmizin sizə - Azərbaycanın sağlam gələcəyi naminə şərəfli missiyaya qoşulacaq yeni gənclərə, yaradıcı qüvvələrə ehtiyacı var. Təbabətimizin sabahkı inkişafı əhəmiyyətli dərəcədə məhz bugünkü tələbələrdən və məzunlardan asılıdır. Ona görə deyə bilərik ki, bu gün bütün səhiyyəmiz üçün əlamətdar gündür. Onun tərəqqisi naminə çalışacaq insanların sıraları genişlənir. Mən bu münasibətlə bütün səhiyyə sistemimizi təbrik edirəm”.
Səhiyyə naziri həmçinin məzunların valideynlərini, ATU-nun professor-müəllim heyətini təbrik edib, yeni nəsil həkimlərin yetişdirilməsində böyük zəhmətə görə təşəkkürünü bildirib. Məzunlara arzularını çatdırıb, “Əminəm ki, siz hər bir vətəndaşımız üçün sağlam və uzunömürlü həyatın təmin edilməsində bələdçilik edən işıq olacaqsınız”, - deyə onları təbrik edib.
Tədbirdə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli gələcəyin həkimlərinə karyeralarında uğurlar diləyib, ATU-nun məzunu adını hər yerdə uca tutmağı arzulayıb: “Əziz məzunlar, bu gün sizin həyatınızda əlamətdar bir hadisə baş verir. Siz artıq tam sərbəst, müstəqil həyata başlayırsınız. Altı il öncə Tibb Universitetinin auditoriyalarına qədəm qoymusunuz. Bu 6 il ərzində Azərbaycan Tibb Universitetinin böyük ailəsinin üzvü olmusunuz. Sizin tələbəlik həyatınız kifayət qədər mürəkkəb və rəngarəng olub. Belə ki, oxuduğunuz dövrdə pandemiya baş verib, dərsləriniz fərqli formatda keçirilib. Bununla yanaşı, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük müharibədə 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımız azad olunub. İstər pandemiya, istər müharibə və istərsə də müharibədən sonrakı dövrlərdə tələbələrimiz xəstələrimizə, qazilərimizə tibbi yardım göstərməkdə böyük fədakarlıq nümayiş etdiriblər. Onların sırasında siz məzunların adlarını da fəxrlə çəkə bilərəm”.
Professor G.Gəraybəyli qeyd edib ki, bundan sonra məzunların bir çoxu praktik fəaliyyətlə məşğul olacaq, bəziləri tibb elmində araşdırmalarını davam etdirəcək, bəziləri isə müəllimlik sənətini seçəcək: “Seçdiyiniz fəaliyyət növündən asılı olmayaraq, sizlərə müvəffəqiyyətlər və uğurlar arzulayıram. İstər ölkəmizdə, istərsə də ölkəmizdən kənarda fəaliyyət göstərdiyiniz zaman bir məzun kimi, Azərbaycan Tibb Universitetinin adını həmişə yüksək tutacağınıza əminəm”.
Rektor tədbir iştirakçılarına ATU-nun fəaliyyəti, son illər tədris prosesində aparılan islahatlar, tətbiq edilən yeniliklər, yüksəkixtisaslı kadrların hazırlanması üçün görülən işlər barədə də məlumat verib.
Universitetin Tədris departamentinin rəhbəri, dosent Kamandar Yaqubov 2023-cü il məzunlarına həkim adının verilməsi ilə əlaqədar müvafiq əmri oxuyub. Bildirib ki, bu il ATU-nun I Müalicə-profilaktika fakültəsini 393, II Müalicə-profilaktika fakültəsini 371, Stomatologiya fakültəsini 224, Əczaçılıq fakültəsini 115, İctimai səhiyyə fakültəsini 69, Hərbi tibb fakültəsini 45 – ümumilikdə 1217 nəfər bitirib. Onlardan 152 nəfəri fərqlənmə diplomuna layiq görülüb. Məzunların 389 nəfəri xarici ölkə vətəndaşlarıdır.
Sonra məzunlar Hippokrat andı içiblər. Hərbi tibb fakültəsinin məzunu Nicat Nəsiblinin oxuduğu Həkim Andını təkrarlayan məzunlar xalqımızın sağlamlığının keşiyində ləyaqətlə dayanacaqlarına söz veriblər.
Tədbirdə səhiyyə naziri Teymur Musayev və ATU-nun rektoru, professor Gəray Gəraybəyli təhsilini əla qiymətlərlə başa vuran məzunlara diplomları təqdim ediblər. Azərbaycan Tibb Universitetinin ictimai həyatında fəal iştirak edən gənclərə fəxri fərmanlar təqdim olunub.
Məzun tələbələr adından I Müalicə-profilaktika fakültəsinin məzunu, Prezident təqaüdçüsü Səbinə Feyzullayeva çıxış edib, aldıqları biliklərə, qazandıqları təcrübəyə, göstərilən diqqət və qayğıya görə məzunlar adından təşəkkür bildirib.
Bu il fakültələr üzrə məzun tələbələr arasında “Ən yaxşı müəllim” nominasiyası üzrə keçirilən sorğunun nəticələrinə əsasən, I Uşaq xəstəlikləri kafedrasının assistenti Bəyaz Babayevaya, Ümumi cərrahlıq kafedrasının müdiri, professor Elçin Ağayevə, Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti Oktay Mehtiyevə, Biokimya kafedrasının assistenti Hikmət Məmmədova, Əczaçılıq kimyası kafedrasının dosenti Vaqif İskəndərova, Tibbi-profilaktika kafedrasının rəisi, tibb xidməti polkovnik-leytenantı Şahin Süleymanova mükafatlar təqdim olunub.
Tədbir bədii hissə ilə davam etdirilib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova