Prezident İlham Əliyev: “COVID-19-la mübarizədə qlobal səyləri birləşdirən Qoşulmama Hərəkatı oldu”
Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açıq elan edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün iştirakçılarını salamlayıb, bildirib ki, Kampala Sammitinə hazırlıq çərçivəsində bu görüş 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısından sonra əldə edilən nailiyyətləri nəzərdən keçirməyə, müxtəlif çağırışlara birgə yanaşmanı və baxışı ifadə etməyə imkan yaradır.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev çıxış edib.
Dövlət başçısı öz çıxışında səhiyyə ilə bağlı məsələlərə də toxunub.
Qonaqları salamlayan Prezident İlham Əliyev xatırladıb ki, Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürüb və yenidən yekdil qərarla sədrliyimiz daha bir il uzadılıb. Bu dövrdə Azərbaycan “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qoruyub: “Beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, misli görünməmiş bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən Qoşulmama Hərəkatı oldu.
2020-ci ilin mayında Azərbaycanın təşəbbüsü ilə təşkil edilmiş Qoşulmama Hərəkatının liderlər səviyyəsində onlayn sammiti 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə nəticələndi. Bundan əlavə, Qoşulmama Hərəkatının bəzi zəngin ölkələr tərəfindən yürüdülən “peyvənd millətçiliyi”nə güclü etirazı və bunun ardınca bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələrinin qəbul edilməsi Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyinə dəlalət edir.
Hərəkatın institusional inkişafı, xüsusən də müvafiq olaraq 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyinin növbəti nailiyyətidir.
Biz hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində işləyirik. İnstitusional davamlılığa doğru atılan bu addımlarla biz növbəti sədrlərə mütləq uğurlu bir miras qoyacağıq.
Beynəlxalq ictimaiyyətin məsuliyyətli və fəal üzvü olaraq biz həmçinin postpandemiya dövrü haqqında düşünməli olduq. Beləliklə, Azərbaycan bu ilin mart ayında Bakıda Qoşulmama Hərəkatının pandemiyadan sonrakı bərpaya həsr olunmuş növbəti sammitini uğurla təşkil etdi. Biz burada qlobal əhəmiyyətə malik məsələləri müzakirə etdik və pandemiyadan sonrakı dövrdə daha yaxşı bərpa üzrə fikirlərimizi bölüşdük.
Ehtiyacı olan ölkələrə yardım göstərmək Azərbaycanın sədrliyinin digər prioriteti idi. Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü töhfə verib. Biz həmçinin beş ölkəni peyvəndlə təmin etmişik”.
Dövlət başçısı multilateralizm, iqlim dəyişikliyi, su qıtlığı, ərzaq təhlükəsizliyi, məcburi miqrasiya, mədəniyyətlərarası və dinlərarası dialoq, islamofobiya və ksenofobiya halları kimi məsələlərə də toxunub. Eləcə də Vətən müharibəsində tarixi Qələbəmizdən, Ermənistanın işğal etdiyi ərazilərdə törətdiyi urbisid, kultursid və ekosiddən, minalarla çirklənmədən danışıb. Bildirib ki, Azərbaycan humanitar minatəmizləmə üzrə xüsusi milli Dayanıqlı İnkişaf Məqsədi müəyyənləşdirib. Bundan başqa, Azərbaycan qlobal miqyasda humanitar minatəmizləmə səylərini dəstəkləyir və minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təklifini irəli sürmüşdür. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının üzv dövlətlərini səsimizi qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifini dəstəkləməyə çağırıb.
Dövlət başçısı Qoşulmama Hərəkatının bütün üzv dövlətlərinə həmrəyliklərinə və Azərbaycana sədrliyini uğurla həyata keçirmək üçün göstərdikləri dəstəyə görə təşəkkür edib.
Nazirlər görüşü işini müzakirələrlə davam etdirib.