Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı qəbul edildi

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı qəbul edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam verib.
Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təqribən yarıməsrlik dövrü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlıdır. Məhz Ulu Öndərin çoxşaxəli fəaliyyəti sayəsində ölkəmizin bütün regionlarının, o cümlədən Naxçıvanın sosial-iqtisadi inkişafının möhkəm bünövrəsi qoyulub.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı sahəsində 2004-cü ildən etibarən qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafı, yeni iş yerlərinin və müəssisələrin yaradılması, kommunal və sosial infrastruktur təminatı səviyyəsinin yüksəlməsi ilə nəticələnib.
Dövlət proqramları çərçivəsində görülmüş işlər Naxçıvan Muxtar Respublikasının qarşıdakı illərdə də inkişafı üçün geniş imkanlar yaradıb. Hazırda bu imkanlardan istifadə edilməklə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi həyatında işlərin yeni keyfiyyət mərhələsinə keçməsi əsas prioritetlərdən birinə çevrilib. Bu isə öz növbəsində, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə əlaqədar tədbirlərin, həmçinin kompleks proqramların hazırlanmasını və icrasının davam etdirilməsini nəzərdə tutur.
Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədilə bu Sərəncamla “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.
Maliyyə Nazirliyinə Dövlət Proqramının 2023–2024-cü illərdə maliyyələşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində, 2025–2027-ci illərdə maliyyələşdirilməsi ilə bağlı təkliflərini isə 2024-cü il iyulun 1-dək hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
Nazirlər Kabineti Dövlət Proqramının Tədbirlər Planına və müəyyənləşdiriləcək maliyyə vəsaitinin həcminə uyğun olaraq, üç ay müddətində 2023–2024-cü illər üzrə, 2024-cü il sentyabrın 1-dək isə 2025–2027-ci illər üzrə tədbirlər planında nəzərdə tutulmuş məsələlərin icrasının təmini üçün daha təfsilatlı tədbirlər planlarının layihələrini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirməli və dövlət başçısına məlumat verməlidir.
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda səhiyyə ilə bağlı bəzi məsələlər də yer alıb.
Sənədin “Mövcud vəziyyətin təhlili” bölməsində əldə olunmuş nailiyyətlərdən danışılarkən qeyd edilir ki, regionların sosial-iqtisadi inkişafı sahəsində dövlət proqramlarının icrası nəticəsində bölgədə idman obyektləri, mədəniyyət müəssisələri tikilib və ya təmir olunub, müasir standartlara uyğun təhsil və səhiyyə müəssisələri əhalinin istifadəsinə verilib.
“Mövcud çağırışlar” bölməsində bildirilir ki, Naxçıvan Muxtar Respublikasında təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində göstərilən xidmətlərin keyfiyyətinin və əhatə dairəsinin artırılmasına, ixtisaslı kadrların yetişdirilməsinə ehtiyac duyulur. Burada özəl təhsil və səhiyyə müəssisələrinin yaradılması bu sahədə göstərilən xidmətlərin keyfiyyətinin yüksəlməsinə də zəmin yaradacaqdır.
Dövlət Proqramında qeyd olunur ki, onun məqsədi davamlı iqtisadi artımın təmin edilməsi və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması sayəsində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsini və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdir.
Bu məqsədə nail olmaq üçün 2023–2027-ci illər üçün 11 prioritet istiqamət müəyyənləşdirilib və icrası planlaşdırılan bütün tədbirlər həmin prioritet istiqamətlər üzrə qruplaşdırılıb.
“Turizmin inkişafı” prioriteti üzrə sağlamlıq turizminin imkanlarının genişləndirilməsi, qış və kənd turizminin, ekoturizmin inkişaf etdirilməsi, turizm infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
“Sosial sektorun inkişafı” prioriteti üzrə əhalinin təhlükəsiz və rahat yaşayışının təmin olunması, kütləvi bədən tərbiyəsi və idmanın həyat tərzinə çevrilməsi, böyüməkdə olan gənc nəsil üçün idman alətlərinin əlçatanlığının təmin edilməsi, əhalinin asudə vaxtlarının səmərəli təşkili üçün layihələrin icrası planlaşdırılır. Özəl sektor tərəfindən sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə özəl təhsil və tibb müəssisələrinin yaradılması üçün sahibkarlar arasında təşviqat işi aparılacaq.
“İnsan kapitalının inkişafı” prioritet istiqaməti üzrə Naxçıvan Muxtar Respublikasında ali təhsilin keyfiyyətinin artırılması məqsədilə Naxçıvan Dövlət Universiteti ilə digər ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıq gücləndiriləcək, birgə proqramlar təşkil olunacaq, həmçinin ali təhsil müəssisələrində yeni məzmunlu proqramların (SABAH, ingilisdilli tibb fakültəsi, tibbi tədqiqat klinikası və s.) tətbiqi üzrə layihələr həyata keçiriləcək.
“İnstitusional inkişaf” prioriteti üzrə əmək münasibətləri, məşğulluq, sosial müdafiə, tibb sahələrinə aid fəaliyyətlərin təşkili və dövlət xidmətlərinin inkişaf etdirilməsi məqsədilə bu sahələrdə göstərilən xidmətlər elektronlaşdırılacaq.
Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planında da səhiyyəyə, əhalinin sağlamlığının qorunmasına dair bəndlər var.
“Sosial sektorun inkişafı” prioritet istiqaməti üzrə “Özəl təhsil və tibb müəssisələrinin yaradılmasının təşviq edilməsi” bəndinin icrası ilk növbədə özəl təhsil və tibb müəssisələrinin yaradılması üçün təşviqat tədbirlərinin həyata keçirilməsini nəzərdə tutur. Özəl təhsil və tibb müəssisələrinin fəaliyyətə başlaması ilə əhalinin keyfiyyətli təhsil və tibb xidmətlərinə çıxışının yaxşılaşdırılması yekun nəticə olacaq.
“İnsan kapitalının inkişafı” prioritet istiqamətinin 8.9.4-cü bəndi “Ali təhsil müəssisələrində yeni məzmunlu proqramların (SABAH, ingilisdilli tibb fakültəsi, tibbi tədqiqat klinikası və s.) tətbiq edilməsi” adlanır. Müvafiq sahədə layihə təkliflərinin hazırlanmasını və layihələrin həyata keçirilməsini nəzərdə tutan bu bəndin icrası ilə ali təhsilin keyfiyyət göstəricilərinin yüksəlməsi gözlənilir.
2023–2027-ci illəri əhatə edən hər iki bəndin əsas icraçı orqanı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, digər icraçıları Elm və Təhsil Nazirliyi və Səhiyyə Nazirliyidir.
“İnstitusional inkişaf” prioritet istiqamətində “Tibb sahəsi üzrə dövlət xidmətlərinin inkişaf etdirilməsi” bəndi tibb müəssisələrində xidmətlərin inkişafına dair layihələrin hazırlanmasını və müvafiq tədbirlərin həyata keçirilməsini ehtiva edir. Yekun nəticədə gözlənti xidmətlərin keyfiyyət səviyyəsinin yüksəlməsidir. Əsas icraçı orqanı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, digər icraçıları İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Səhiyyə Nazirliyi olan bənd 2023–2027-ci illəri əhatə edəcək.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova