Milli Məclisin plenar iclaslarında səhiyyə ilə bağlı qanun layihələrinə baxılıb
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasında gündəlikdəki 20 məsələyə baxılıb.
AZƏRTAC xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçən iclasda o cümlədən Prezidentin məktubu ilə parlamentə daxil olmuş Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) müzakirə olunub. Layihə barədə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova məlumat verib.
Qeyd olunub ki, qanun layihəsinə təklif olunan dəyişikliyə əsasən, nikaha daxil olmaq istəyən tərəflərin tibbi müayinədən keçmələri barədə arayış elektron formada tərtib olunaraq, tibb müəssisəsi tərəfindən Səhiyyə Nazirliyinin və Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə ötürüləcək.
Bundan əlavə, layihəyə əsasən, nikahın ləğvi, etibarsız sayılması, habelə adın, ata adının və soyadın dəyişdirilməsi barədə məhkəmə qətnaməsindən çıxarış dərhal "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə ötürüləcək.
Vurğulanıb ki, qanun layihəsinin qəbulu sənədlərin təqdim edilməsi ilə bağlı problemlərin aradan qaldırılmasına və vaxt itkisinin azaldılmasına, bu əsasda vətəndaş məmnunluğunun artırılmasına səbəb olacaq.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Parlamentin növbəti plenar iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirib ki, layihədə səhiyyə və tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə əlaqədar bəzi dəyişikliklər nəzərdə tutulub. Təklif olunan dəyişikliklər dərman vasitələrinin ekspertizasının şərtlərini, mərhələlərini və mexanizmini konkretləşdirərək, bütövlükdə bu sahənin optimallaşdırılmasına xidmət edir. Dərman vasitələrinin ekspertizasını və qeydiyyatını həyata keçirən orqan olaraq Səhiyyə Nazirliyi nəzərdə tutulur.
Layihədəki digər dəyişikliyə əsasən, müxtəlif dərman vasitələrinin eyni əmtəə nişanı adı altında (eyni istehsalçının (və ya həmin istehsalçının lisenziyası əsasında istehsal olunmuş) eyni əmtəə nişanı adı altında, lakin təsiredici maddənin dozası, farmasevtik forması, ticarət qablaşdırması və ya qablaşdırma miqdarı fərqli olan dərman vasitələri istisna olmaqla) dövlət qeydiyyatına alınmasına yol verilmir. Təklif olunan dəyişiklik dərman vasitələrinin qeydiyyatının sadələşdirilməsinə xidmət edir.
Məsələ ilə bağlı müzakirələrdə çıxış edən komitə sədrləri və deputatlar fikirlərini, qeyd və təkliflərini səsləndiriblər. Komitə sədri Əhliman Əmiraslanov qaldırılan bəzi məsələlərə aydınlıq gətirib.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova ikinci oxunuşda müzakirəyə çıxarılan Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verib. Qeyd olunub ki, qanun layihəsində nəzərdə tutulan dəyişikliklər sənədlərin təqdim edilməsi ilə bağlı problemlərin aradan qaldırılmasına və vaxt itkisinin azaldılmasına, vətəndaş məmnunluğunun artırılmasına, ölkədə Elektron Hökumət İnformasiya Sisteminin funksionallığının daha da yüksəldilməsinə və qurumlararası elektron inteqrasiyanın güclənməsinə xidmət edəcək.
Bir sıra deputatlar qanun layihəsi barədə fikirlərini və bəzi qeydlərini səsləndiriblər.
Komitə sədri Hicran Hüseynova deputatların fikirlərinə münasibət bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.