X Qlobal Bakı Forumunda “Yeni qlobal səhiyyənin qurulması strukturu” panel iclası keçirilib

X Qlobal Bakı Forumunda “Yeni qlobal səhiyyənin qurulması strukturu” panel iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun ikinci günündə dörd panel iclasında müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyevin moderatorluğu ilə keçirilən panel iclası “Yeni qlobal səhiyyənin qurulması strukturu: sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəaliyyət” mövzusuna həsr olunub.
İclasa videoçarx vasitəsilə qoşulan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus koronavirus pandemiyasından sonra həyatın bərpa mərhələsində olduğunu deyib: “Son dövrlərdə ÜST-nin əsas məqsədi gələcək pandemiyalara qarşı daha da hazırlıqlı olmaqdır. COVID-19
bir daha göstərdi ki, sağlamlıq hər şeydən daha vacibdir. Biz bütün ölkələri təşviqi, təminatı, qorunmanı, səlahiyyətlənməni və icra (5P) planını nəzərə almağa çağırırıq. Səhiyyə sisteminin səviyyəsini artırmaq üçün ölkələr təchizatla təmin olunmalıdır”.
Eyni zamanda, ilkin tibbi yardımın vacibliyini vurğulayan Tedros Gebreyesus diqqətə çatdırıb: “İlkin tibbi yardımın düzgün aparılması bir çox məsələdə həyatları xilas edə bilər. ÜST-nin ölkələr üçün koronavirusla bağlı 300-dən çox tövsiyəsi oldu və bu tövsiyələrin nəticəsində bu sahədə irəliləyişlər müşahidə edildi. Həmin dövrdə pandemiya üçün beynəlxalq səviyyədə fond yaradıldı.
ÜST sağlamlıq naminə dövlətlərə kömək etməyə davam edəcək. Bu il ÜST-nin yaradılmasının 75-ci ildönümüdür. 75 il əvvəl dövlətlər belə bir birgə qərar qəbul ediblər ki, sağlamlıq bütün insanların hüququdur”.
BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima koronavirus pandemiyası zamanı vaksinlərin bölüşdürülməsi prosesindən danışıb. Deyib ki, pandemiyanın elan olunduğu dövrdən bəri COVID-19 ilə bağlı bəzi şirkətlər milyardlarla gəlir əldə edib. Bu, qarşısı alına bilən xəstəlikdir, lakin vaksinlərin kasıb ölkələrə düzgün paylanılmaması səbəbindən bir çox insan həyatını itirdi. Vaksinlər kütləvi məhsullar kimi satılmalıdır.
Liderləri strukturla bağlı problemləri həll etməyə çağıran Vinni Byanyima qeyd edib ki, pandemiya iqtisadi cəhətdən geri qalan ölkələrdə xaos yaradıb. “BMT-də bu məsələ ilə bağlı danışıqlar keçirilməlidir və biz gələcək pandemiyalara hazırlıqlı olmalıyıq. Əgər müəyyən planlar tərtib olunmazsa, daha çox insan həyatını itirə bilər”, - deyə V.Byanyima bildirib.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktorunun müavini Nacat Muxtar çıxışında qeyd edib ki, COVID-19 pandemiyası dünyanı bir sıra məsələlərdə on il geri atıb. Hazırda dövrümüzün ən böyük bəlalarından birinin də xərçəng xəstəliyi olduğunu deyən N.Muxtar dünyanın bir sıra ölkələrinin bu xəstəliyin müalicəsi üçün lazımi avadanlıqlarının olmadığını diqqətə çatdırıb. O, dünyada xəstəliklərə qarşı birgə səylərin artırılmasının vacibliyini vurğulayıb.
Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviç diqqətə çatdırıb ki, COVID-19 dönəmində bir çox insan vəziyyətin ciddiliyini nəzərə almadığından pandemiyanın fəsadları ağır oldu. Bəzi kasıb ölkələrdə gözləniləndən daha çox insan həyatını itirdi. Sabiq Prezident Şərqi Avropada vəziyyətin daha ağır olduğunu deyib, insanların öz həyatları haqqında daha çox düşünmələrinin vacibliyini qeyd edib. Pandemiyanın xüsusilə gənclərin həyatına mənfi təsir göstərdiyini vurğulayan F.Vuyanoviç bunun işsizliyə də gətirib çıxardığını deyib.
Azərbaycanın səhiyyə naziri Teymur Musayev çıxışında bildirib ki, COVID-19 pandemiyasından sonra yenilənmiş qlobal sağlamlıq arxitekturasının qurulması son dərəcə aktual məsələyə çevrilib: “Əminəm ki, qlobal sağlamlığın gələcəyinin formalaşdırılması ilə bağlı bugünkü panel müzakirələri bəşəriyyət üçün mümkün sağlamlıq təhdidlərinə qarşı birgə səylərimizin gücləndirilməsinə töhfə verəcək”.
Nazir qeyd edib ki, qlobal sağlamlıq üçün riskləri azaltmaq və davamlı sağlamlıq sistemlərinə nail olmaq məqsədilə həm beynəlxalq, həm də milli səviyyədə adekvat tədbirlər həyata keçirilməlidir. “Sağlamlığın təşviqi milli səviyyədə sağlamlıqla bağlı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq və daha güclü səhiyyə sistemlərini qurmaq üçün mərkəzi yer tutur. Qlobal miqyasda gözlənilən ömür uzunluğu artır, buna görə də səhiyyə mütəxəssisləri sağlamlığın bütün həyat boyu təmin edilməsinə üstünlük verməlidirlər”, - deyən nazir vurğulayıb ki, fərdi həyat tərzi ilə səhiyyə xərcləri arasında əlaqə olduğu nəzərə alınaraq, vətəndaşlar sağlam həyat tərzi proqramlarında fəal iştiraka və hökumətlərlə sağlamlıq məsuliyyətini bölüşməyə təşviq edilməlidirlər. Fərdlərin davranış dəyişikliyi daha yaxşı sağlamlıq nəticələrinə nail olmaq üçün işləyə bilər.
Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciya diqqətə çatdırıb ki, Avropada səhiyyə sahəsi daha yaxşı inkişaf edib. Lakin Avropa ölkələrində ölümlərlə bağlı vəziyyət Azərbaycanla müqayisədə daha pisdir.
Hadassa Tibb Mərkəzinin Baş direktoru Yoram Veys koronavirus pandemiyasının ölkələrə və dünya iqtisadiyyatına çox mənfi təsir etdiyini bildirib. “Tibb sahəsində yeni tədqiqatların aparılması vacibdir. Bu tədqiqatların aparılması təhsillə bilavasitə əlaqəlidir. Hazırda Hadassa Tibb Mərkəzində müxtəlif araşdırmalar aparılır. Kök hüceyrələr, xərçənglə mübarizə üsulları və digər sahələrdəki tədqiqatlarda irəliləyişlər var”, - deyə Baş direktor vurğulayıb.
Böyük Britaniyanın 2007-2010-cu illərdə Baş naziri, BMT-nin Qlobal Təhsil üzrə xüsusi nümayəndəsi, ÜST-nin Qlobal Səhiyyənin Maliyyələşdirilməsi üzrə səfiri Qordon Braun videoçarx vasitəsilə müzakirələrə qoşularaq, dünya ölkələrinin əvvəlki səhvlərindən dərs çıxarmalı olduğunu vurğulayıb: “Böyük təəssüf hissi ilə deyirəm ki, bəzi ölkələrdə 4 nəfərdən yalnız biri vaksinasiya edilir. Rusiya – Ukrayna müharibəsindən sonra bir çox tibbi ləvazimatlarla bağlı çatışmazlıq müşahidə olunur. Müharibənin davam etdiyi bir vaxtda səhiyyə sahəsinin inkişafı çətinləşir. Səhiyyə sisteminə maliyyə dəstəyinin artacağını düşünürəm. Lakin bu, kifayət deyil. Aşağı gəlirli ölkələrə təhsil və səhiyyə sahəsində kömək göstərilməlidir. Dünyada xüsusilə infeksion xəstəliklərlə bağlı vəziyyət öyrənilməli və təhlil edilməlidir.
Qordon Braun iqlim dəyişikliyinə də toxunub, bunun səhiyyəyə də təsir göstərdiyini vurğulayıb.
Forum çərçivəsində həmçinin “Miqrasiya qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi”, “Avrasiya zonasında yeni enerji və nəqliyyat dəhlizlərinin rolu”, “Qlobal inkişaf və təhlükəsizlikdə Çinin rolu” mövzularında panel iclasları da keçirilib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova