“Nurdan yaranıb nura qovuşan insan”

“Nurdan yaranıb nura qovuşan insan”

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib



Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın 100 illik yubileyi münasibətilə Səhiyyə Nazirliyi tərəfindən təşkil olunan silsilə tədbirlər çərçivəsində “Nurdan yaranıb nura qovuşan insan” adlı xatirə gecəsi keçirildi.
Tədbirdə Səhiyyə Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və digər dövlət orqanlarının rəhbər şəxsləri, millət vəkilləri və tanınmış ictimaiyyət nümayəndələri iştirak edirdilər.
“Bakı Konqres Mərkəzi”ndə keçirilən xatirə gecəsində ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Daha sonra tədbir iştirakçılarına görkəmli alimin həyat və fəaliyyətini əks etdirən “Xatirələrlə yaşayan ömür” adlı videoçarx nümayiş olundu.
Xatirə gecəsində açılış nitqi söyləyən səhiyyə naziri Teymur Musayev vurğuladı ki, 2023-cü il Azərbaycanda iki unudulmaz insanın – müasir Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan elminin ən parlaq simalarından olan görkəmli oftalmoloq-alim və həkim Zərifə xanım Əliyevanın 100 illik yubileylərinin qeyd olunması ilə əlamətdardır. Bu xatirə gecəsini akademik Zərifə Əziz qızı Əliyevaya dövlətin, xalqın, tibb ictimaiyyətinin sonsuz ehtiramının ifadəsi adlandıran nazir onun hər bir alim və həkim üçün, hər bir Azərbaycanlı üçün örnək olan nəcib və şərəfli həyat yolundan, bir alim, həkim, pedaqoq və insan kimi mənalı ömründən danışdı. Bildirdi ki, Zərifə xanım seçdiyi həkimlik sənətinin, oftalmologiya elminin fədaisi olaraq bu sahədə əzmlə, həvəslə çalışıb: “Mən, ilk növbədə, Zərifə xanımın bir alim kimi gələcək nəsillərə nümunə olacaq elmi fəaliyyətini vurğulamaq istərdim. O, elmdə heç vaxt asan yol axtarmırdı, keçilməmiş yollarla gedir, yeni cığırlar salırdı, öz elmi araşdırmalarını praktik əhəmiyyət daşıyan aktual mövzulara həsr edirdi. Onun namizədlik dissertasiyasının həsr olunduğu traxoma xəstəliyi də, doktorluq dissertasiyasının mövzusu olan peşə fəaliyyəti ilə bağlı göz xəstəlikləri də o dövrdə həllini tələb edən ciddi problemlər idi və Zərifə xanımın tədqiqatları bu çətinliklərin həllinə vəsilə oldu. Elmi tədqiqatlarını apararkən, traxomanı araşdırarkən Zərifə xanım xəstəliyin yayıldığı bölgələri gəzir, yerlərdə müayinələr aparırdı. Peşəkar fəaliyyətlə bağlı görmə problemlərini öyrənmək üçün dünyada sənaye müəssisəsində təşkil olunan ilk elmi-tədqiqat laboratoriyasını yaratmış, müxtəlif maddələrin gözə təsirini kimya sənayesi işçilərinin öz iş yerində araşdırmışdı.
Elm aləmində əsasını qoyduğu bu yeni istiqamət – peşə oftalmologiyası üzrə elmi araşdırmalarının uğurlu nəticələrinə, ümumilikdə, oftalmologiyanın inkişafına verdiyi böyük töhfələrə görə Zərifə xanım Əliyeva SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüş, bu mükafatla təltif olunan ilk qadın alim olmuşdur.
Zərifə xanımın tək bu xəstəliklər üzrə deyil, qlaukoma, gözün travmaları, virus zədələnmələri, bədxassəli şişləri, göz yaşı yolu xəstəlikləri və digər problemləri əhatə edən ümumilikdə iki yüzə qədər monoqrafiya, məqalə və məruzələri həm ölkəmizdə təbabət elminin, həm də bütünlükdə dünya oftalmologiyasının inkişafına dəyərli töhfələr idi. Məhz buna görə o, elm qarşısında böyük xidmətlərinə, çoxillik elmi tədqiqat işlərinə görə Azərbaycanın Əməkdar elm xadimi fəxri adı ilə təltif olunmuş, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdi”.
Teymur Musayev Azərbaycan səhiyyəsinin inkişafında Zərifə xanım Əliyevanın digər bir xidmətindən – onun pedaqoji fəaliyyəti, həkimlərin peşəkar bacarıqlarının artırılması, yüksək ixtisaslı həkim kadrlarının formalaşması üzrə gördüyü işlərdən də danışdı: “Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru, Oftalmologiya kafedrasının müdiri olan Zərifə xanım müdavimlərə oftalmologiyanın incəliklərini öyrədir, həkimlərin bilik və ixtisas səviyyəsini artırması üçün çalışır, bu yolda vaxtını, qüvvəsini heç zaman əsirgəmirdi. O, bir alim kimi də öz davamçılarını hazırlayır, böyük oftalmoloqlar nəsli yetişdirirdi.
Zərifə xanımın həkim kadrların formalaşmasına bir töhfəsi də həkimlik etikası, tibbi deontologiya sahəsində fəaliyyəti idi. Bu sahədə yazdığı əsərlər, bundan daha artıq dərəcədə, öz şəxsi nümunəsi – həkim kimi fədakarlığı, məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə diqqət göstərməsi ilə o, həkim-pasiyent münasibətlərinin örnəyini yaradır, bütün həmkarlarının bu səviyyəyə qalxmasına çalışırdı. Sadəliyinə, ziyalılığına, təmkin və nəcibliyinə görə Zərifə xanım onunla ünsiyyətdə olan hər bir insanın rəğbətini qazanırdı”.
Səhiyyə naziri akademik Zərifə xanım Əliyevanın həyat yolunun bu görünən tərəfi ilə yanaşı, onun ömür kitabının hər kəs üçün açıq olmayan səhifələrindən – hədsiz bağlı olduğu ailəsi, sevimli həyat yoldaşı, əziz övladlarından da söz açdı: “Zərifə xanım əsil-nəcabətli bir nəslin nümayəndəsi, Azərbaycana, onun elminə, təhsilinə, səhiyyəsinə, mədəniyyətinə görkəmli şəxsiyyətlər bəxş etmiş bir ailənin üzvü idi. Atası Əziz Əliyev, qardaşları Tamerlan və Cəmil Əliyevlər, ailə şəcərəsinin növbəti nəslinin nümayəndələri ölkəmizdə səhiyyənin, təbabət elminin və tibb təhsilinin inkişafına dəyərli töhfələr vermişlər, bu gün də bu yolda fəaliyyətlərini davam etdirirlər.
Ailə dəyərlərinə sadiqliyi hər şeydən üstün tutması, həyatın hər anında ömür-gün yoldaşına arxa dayaq durması ulu öndər Heydər Əliyevə şərəfli dövlətçilik fəaliyyətində əlavə güc, qüvvət verirdi. Ümummilli lider Heydər Əliyevin “böyük insan, sədaqətli həyat yoldaşı, çox mehriban ana, mənim ailəmi, mənim uşaqlarımı, mənim nəvələrimi yaşadan, böyüdən bir fədakar insan” adlandırdığı Zərifə xanım taleyin ona bəxş etdiyi bu qüdrətli şəxsiyyət – Ulu Öndər üçün möhkəm dayaq, sədaqətli ömür-gün yoldaşı, etibarlı dost, sarsılmaz arxa ola bilmişdi. Bu yolun başlanğıcında onların sevgisi çətin sınaqlardan keçmiş, həyatın bütün imtahanlarından üzüağ çıxmışdı. Bu ailənin təməli sonsuz məhəbbət, qarşılıqlı dəyər və hörmət üzərində qurulmuşdu, bir ömür boyu belə də davam etdi. Bir-birinə ruhən çox yaxın olan bu iki parlaq şəxsiyyətin milli dəyərlərimizə əsaslanan, bütün cəmiyyət üçün örnək olan ailəsində iki övlad dünyaya göz açdı və cəmiyyətin ləyaqətli üzvü kimi tərbiyə aldı.
Bu gün Azərbaycan Respublikası hər sahədə inkişaf edən güclü dövlətdir. Onun müstəqillik dövründə keçdiyi yola, Vətənimizdə bu müddətdə baş vermiş dəyişikliklərə baxanda gördüyümüz fərq, bugünkü mənzərə hər bir vətəndaşı qürurlandırır və fərəhləndirir. Bu böyük tərəqqi, təbii ki, misilsiz zəhmət, hərtərəfli düşünülmüş siyasət, güclü iradə, mətin xarakter, müdrik idarəetmə bacarığı sayəsində mümkün olub. Bu xüsusiyyətləri özündə cəmləşdirən şəxs məhz Heydər Əliyev kimi bir dühanın, Zərifə xanım kimi fədakar ananın ailəsində böyüyüb ərsəyə gələ bilərdi. Zərifə xanımın adı Azərbaycana cənab İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq da tariximizə əbədi yazılıb.
2020-ci ildə 44 günlük Vətən müharibəsinin gedişində Azərbaycan Ordusu möhtəşəm zəfər qazandı, torpaqlarımızı düşmən tapdağından azad etdi. Dövlət başçısı çıxışlarında xüsusilə vurğulayır ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə alması bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi.
Bəli, ordunun, hərbçilərin, bütün cəmiyyətin vətənpərvərliyi qələbədə mühüm rol oynayır. Təbii ki, Ali Baş Komandanın Vətən sevgisi, qələbə əzmi qalibiyyət yolunda istənilən çətinliyə sinə gərməyə, qarşıya qoyulmuş müqəddəs vəzifəni nəyin bahasına olursa-olsun yerinə yetirməyə əlavə güc, qüvvət qatırdı. Bizə tarixi zəfəri qazandıran məhz bu oldu. Bu isə nəsildən, ailədən gəlir. Ölkəmizin sürətli inkişafının, uğurlarının, dünyadakı nüfuzunun, möhtəşəm zəfərinin təməlində Azərbaycan Prezidentinin bilik və bacarığı, qətiyyət və müdrikliyi, Ali Baş Komandanın mükəmməl sərkərdəlik qabiliyyəti durur, bunların kökü isə Ulu Öndər Heydər Əliyevlə Zərifə xanımın təsiri və tərbiyəsinə sıx bağlıdır”.
Teymur Musayev bu gün Zərifə xanımın ruhunun şad olduğuna əminliyini ifadə etdi. bildirdi ki, onun bütün ömrü boyu inkişafı üçün çalışdığı Azərbaycan səhiyyəsinin, oftalmologiyasının indi yüksək səviyyəyə qalxması, akademik Zərifə Əliyevanın adını daşıyan Milli Oftalmologiya Mərkəzinin hazırda görkəmli alimin adına layiq fəaliyyət göstərməsi, Zərifə xanımın həkimlərin təkmilləşməsi, yüksək ixtisaslı mütəxəssislər kimi formalaşması barədə arzularının gerçəkləşməsi bu əminliyi yaradır: “Ölkə səhiyyəsinin, bütünlükdə Azərbaycan Respublikasının tərəqqisi də Zərifə xanımın arzularının çin olması, gözləntilərinin reallaşmasıdır.
Zərifə xanım Əliyeva cəmi 62 illik ömrünü nurla yaşadı. Xəstələrinin gözlərinə nur bağışladı, tələbələrinin qəlbində elm işığı yandırdı, hər kəsin xatirəsində ziyalılıq, əsalət nümunəsi kimi qaldı. İnanıram ki, indiki və gələcək nəsillər Zərifə Əliyeva irsindən bəhrələnəcək, elmin yeni zirvələrini fəth edəcəklər. Akademik Zərifə xanım Əliyevanın işıqlı obrazı hər zaman ürəklərdə yaşayacaq, yandırdığı çıraq xalqımızın yoluna daim aydınlıq saçacaq”, - deyə səhiyyə naziri nitqini tamamladı.
AMEA-nın prezidenti İsa Həbibbəyli çıxışında bildirdi ki, Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir: “Akademik Zərifə Əliyeva peşə patologiyası problemləri ilə yanaşı, oftalmologiyanın digər aktual istiqamətlərində tədqiqatlar aparıb. Zərifə xanım Əliyeva peşə xəstəliklərini öyrənərkən tibbi faktorlarla yanaşı, ictimai amillərin də nəzərə alınmasını diqqət mərkəzinə çəkib, bu istiqamətdə təhlillər və müqayisələr aparıb. Beləliklə, akademik Zərifə Əliyeva cəmiyyətşünas alim-həkim kimi yeni bir nümunə ortaya qoyub”.
Xatirə gecəsində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova diqqətə çatdırdı ki, varlığından və şərəfli həyat yolundan qürurla danışdığımız Zərifə Əliyeva əsl elm fədaisi, görkəmli tədqiqatçı-alim kimi akademik dairələrdə böyük nüfuz və hörmətə malik olub. Eyni zamanda, onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. O, əminliyini bildirdi ki, xüsusilə gənc qızlarımız onun haqqında yazılanlarla tanış olduqca bu ibrətamiz həyat təcrübəsindən daim bəhrələnəcəklər: “Zərifə xanımın nümunəvi ömür yoluna nəzər salan hər kəs ilk növbədə bu zərif Azərbaycan qadınının timsalında mənəvi zənginliyi ilə diqqət çəkən, bitkin xarakterə malik olan bir insanla üzləşir”.
Bahar Muradova həmçinin akademik Zərifə Əliyevanın bir oftalmoloq alim kimi bu gün də dəyərini itirməyən elmi işlərindən, bir ictimai xadim kimi cəmiyyətin maraqlarına uyğun, vətəndaş məsuliyyətinə söykənən fəaliyyətindən danışdı. Bu ailənin timsalında cəmiyyətin inkişafında ailə təsisatının möhkəmliyinin rolunu vurğuladı.
Görkəmli alimlə bağlı xoş xatirələrini bölüşən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov vurğuladı ki, akademik Zərifə Əliyeva böyük elmi məktəb yaratmış, Azərbaycanı beynəlxalq miqyasda tanıdan, şöhrətləndirən böyük şəxsiyyətlərdən, elm xadimlərindən idi. Belə şəxsiyyətlərin yetişməsində onların yaşadığı, formalaşdığı ailənin, mühitin mühüm rolu olduğunu deyən Ə.Əmiraslanov bu baxımdan Zərifə xanımın Əziz Əliyev kimi bir şəxsiyyətin ailəsində dünyaya göz açmasını, boya-başa çatmasını xüsusi vurğuladı. Onun sözlərinə görə, Zərifə Əliyeva oftalmologiyanın hansı sahəsinə müraciət edibsə, orada yeni söz deyib. Ülvi keyfiyyətlərə malik olan Zərifə xanım öz elmi fəaliyyətində tibbi etika və deontologiya məsələlərinə xüsusi yer verib. Oftalmologiya sahəsində unikal elmi məktəbin yaradıcısı, böyük alim, bütün həyatı boyu Hippokrat andına olan sədaqətini nümayiş etdirən akademik Zərifə Əliyeva təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyib. O, 1962-1969-cu illərdə Tibb kollecində peşəkar səhiyyə işçilərinin hazırlanmasına da böyük əmək sərf edib.
Xatirə gecəsində çıxış edən 1 nömrəli Bakı Tibb Kollecinin direktoru Nailə Əliyeva qeyd etdi ki, hər bir millət üçün mənsub olduğu ölkənin tarixində unudulmaz şəxslərin yaşaması, yaratması fəxr olunası bir haldır: “Elə şəxslər var ki, onların öz xalqı qarşısındakı xidmətləri əvəzsizdir. Bu gün biz məhz belə bir şəxsin – həyatımıza, elmimizə, tibbimizə, təhsilimizə sönməyən çıraq olan oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın işığına toplaşmışıq. İnsanların göz nurunun qorunmasına çalışan Zərifə xanımın yaşadığı ömrün özü də bir işığa bənzəyir və bu işıqdan hamıya pay çatıb – ailəsinə, övladlarına, əhatəsində olan hər kəsə, gözünün nurunu itirmiş insanlara. Zərifə xanım bütün həyatı, fəaliyyəti, səmimiliyi və xeyirxahlığı ilə nümunə olan nəcib Azərbaycan qadınıdır”.
Tədbir ədəbi-bədii kompozisiya ilə davam etdi.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova