“Qlobal səhiyyənin idarə edilməsi”

“Qlobal səhiyyənin idarə edilməsi”

Bakı Forumunun bu və digər mövzularda panel iclaslarında səhiyyə ilə bağlı məsələlər müzakirə olunub



IX Qlobal Bakı Humanitar Forumu çərçivəsində keçirilmiş və hazırda dünyanı narahat edən müxtəlif aktual mövzulara həsr olunmuş panel iclaslarda səhiyyə ilə bağlı bəzi məsələlərə də toxunulub.
Forumun “Qlobal təhlükəsizliyin inşası və sülh üçün perspektivlər” mövzusunda panel iclasında beynəlxalq təsisatların fəaliyyətindən, bunun effektivliyinin artırılması üçün görülməli işlərdən danışan Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, çoxtərəflilik inkişaf etdirilməli, BMT-nin Nizamnaməsi yenidən işlənib hazırlanmalıdır. Prezidentin köməkçisi vurğulayıb: “Qoşulmama Hərəkatını təsis edənlərə öz minnətdarlığımızı bildiririk. Azərbaycan bu qurumun sədri kimi COVID-19 pandemiyası ilə mübarizədə əsl nümunə göstərdi”.
Humanitar Forumun “Qloballaşma və artan bərabərsizliklər” mövzusunda panel iclasında da bir sıra natiqlər səhiyyə ilə bağlı məqamlara toxunublar.
BMT-nin Ukrayna üzrə sabiq rezident əlaqələndiricisi Fransis O’Donnellin moderatorluğu ilə keçirilən panel iclasında Dünya Bankının sabiq vitse-prezidenti Mats Karlsson qloballaşmanın deyil, yanlış idarəçiliyin bərabərsizliyə gətirdiyini bildirərək deyib ki, BMT, Ümumdünya Ticarət Təşkilatı və Ümumdünya
Səhiyyə Təşkilatı təsisatları arasında əlaqələndirmə qloballaşma baxımından praktiki əhəmiyyət kəsb edir.

Ekvadorun sabiq Prezidenti Rosaliya Arteqa Serrano çıxışında dünyada bərabərsizliyin təhsilə və sağlamlığa əngəl törətdiyini qeyd edib.
Macarıstanın BMT və UNESCO üzrə sabiq səfiri, UNESCO-nun 36-cı Baş Konfransının prezidenti, “Women4Diplomacy”nin qurucusu Katalin Boqyay dünyada qadınlarla bağlı mövcud bərabərsizliklər barədə danışıb, cəmiyyətin buna etirazla yanaşmalı olduğunu deyib. K.Boqyay qadınların pandemiya ilə mübarizədə çox fəal iştirak ediklərini xüsusi vurğulayıb.
Latviyanın sabiq Baş naziri Laimdota Strauyuma COVID-19 pandemiyasının, dünyada baş verən münaqişələrin böyük fərqliliklər, bərabərsizliklər yaratdığını, yoxsulluğa yol açdığını bildirib. Qeyd edib ki, cəmiyyətin qarşısında duran əsas vəzifə qeyri-bərabərliyin genişlənməsinə qarşı tədbirlər görməkdir.
IX Qlobal Bakı Forumunun ayrıca bir panel iclası “Qlobal səhiyyənin idarə edilməsi” mövzusuna həsr olunub.
Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziyanın moderatorluğu ilə keçirilən panel iclasında “Dünyada pandemiya ilə mübarizə təcrübəsindən hansı əsas dərslər götürülə bilər?”, “Sosial media dövründə “vaksin tərəddüdü”nün yayılmasına qarşı necə mübarizə aparırıq?”, “Erkən xəbərdarlıq sistemlərinin, habelə vaksinlər, terapevtik vasitələr, fərdi mühafizə vasitələri və respiratorların ötürülməsi, izlənməsi və paylanmasının daha yaxşı qlobal koordinasiyasına necə nail ola bilərik?”, “ÜST-nin COVID-19 alətlərinin əlçatanlığının sürətləndirilməsini, eləcə də COVAX-ın dövlətlər tərəfindən təcili və tam şəkildə maliyyələşdirilməsini və bu kimi gecikmələrin gələcəkdə baş verməməsini necə təmin edə bilərik?”, “Əksər həssas qrupların ehtiyaclarının düzgün və sürətli şəkildə qarşılanmasını necə təmin edə bilərik?”, “COVID-19 pandemiyasından sonra “daha yaxşı bərpa et” prinsipini rəhbər tutduğumuza görə yenidənqurma proqramlarının transformativ yaşıl xarakterini necə vurğulaya bilərik?”, “Bütün dünyada müxtəlif icmalar daxilində dayanıqlılığı təmin etməyimizlə əlaqədar bütün ölkələrin vətəndaşları üçün əlçatanlığı necə təmin edə bilərik?” kimi suallar ətrafında müzakirələr aparılıb.
Zlatko Laqumdziya pandemiya dövründə Azərbaycanın koronavirusa qarşı mübarizədə göstərdiyi yardımları xatırladıb və buna görə Prezident İlham Əliyevə təşəkkür edib.
Açılış nitqi ilə çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Gebreyesus dünyada COVID-19-a yoluxma sayının kəskin azaldığını və pandemiyanın geridə qalmaq üzrə olduğunu deyib.
Onun sözlərinə görə, bir çox ölkələrdə testlərdə pozitiv nəticələrin payı azalıb. Lakin aşağı gəlirli ölkələrdə bu, problem olaraq qalmaqdadır. “Pandemiyanın sona çatması üçün insanların vaksinasiyadan keçməsi çox vacibdir. Pandemiyadan dərs çıxarmalı və növbəti belə hallara hazır olmalıyıq. COVID-19 pandemiyası təşvişlərindən birdəfəlik çıxmalıyıq. ÜST dünyada sağlamlığın təmin olunması üçün 300-dən çox təklif verib. Burada beynəlxalq alətlərin işləməsi mühüm əhəmiyyət kəsb edir. Çünki heç bir ölkə belə bir vəziyyətlə təkbaşına mübarizə apara bilməz. Ölkələr ilkin tibbi yardım sistemini səmərəli təşkil etməlidirlər”, - deyən Baş direktor Ümumdünya Səhiyyə Təşkilatının ehtiyacı olan dövlətlərə tibbi yardım göstərilməsi üçün şəbəkə yaradılması üzərində işlədiyini də diqqətə çatdırıb. ÜST-nin büdcəsinin 50 faizə qədər artırıldığını bildirən Tedros Gebreyesus bunun təşkilatın texniki cəhətdən daha yaxşı xidmət göstərməsinə səbəb olacağını deyib.
Sonra BMT-nin sabiq Baş katibi Pan Gi Munun videomüraciəti təqdim edilib. IX Qlobal Bakı Forumunun çevik dialoqların aparılması üçün səmərəli platforma olduğunu vurğulayan BMT-nin sabiq Baş katibi beyin mərkəzlərinin bir araya gəlməsi ilə sağlam gələcəyi təşviq edən düşüncələrin paylaşılmasının faydalı olacağını diqqətə çatdırıb.
“Dünya qarşısında duran təhdidləri aradan qaldırmaqla dayanıqlı inkişafa nail olmaq mümkündür. Bunun üçün yeni qaydalar işlənib hazırlanacaq və onlar icra ediləcək. ÜST tərəfindən yeni qaydaların hazırlanması və ölkələrdə icrası gündəmdə olan məsələdir. Həmin qaydaların şəffaf şəkildə həyata keçirilməsi vacibdir. Pandemiya göstərdi ki, ictimai səhiyyəyə diqqət artırılmalıdır. COVID-19 kimi yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması çoxtərəfli əməkdaşlıqla mümkündür. Pandemiyaya cavab olaraq vaksinlər istehsal olundu. Onların ədalətli paylanması və əlçatan olması vacibdir. Gəlir səviyyəsindən asılı olmayaraq, heç bir ölkə bu prosesdən kənarda qalmamalıdır. Ümid edirəm ki, 2022-ci ildə çoxtərəfli əməkdaşlıq tətbiq etməklə sosial-iqtisadi sabitliyə nail olunacaq, rifah əldə ediləcək, xroniki risklər azalacaq. Dayanıqlı İnkişaf Məqsədlərinə də məhz belə əməkdaşlıqla nail olmaq mümkündür”, - deyə Pan Gi Mun bildirib.
İclasa onlayn formatda qoşulan Kolumbiya Universitetinin professoru, BMT Baş katibinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə xüsusi müşaviri Cefri Saks pandemiyanın alovlandığı zamanlarda bəzi ölkələrin düzgün siyasətlə epidemioloji vəziyyəti nəzarət altına aldıqlarını və yoluxma sayını azaltdıqlarını bildirib. Onun sözlərinə görə, bu prosesdə vətəndaş cəmiyyətlərinin də məsuliyyətli davranışı rol oynayıb. C.Saks pandemiya ilə əlaqəli tədqiqatların yetərli olmadığını, bəzi ölkələrin şəffaf məlumatlar və hesabatlar təqdim etmədiyini də diqqətə çatdırıb. O, Ümumdünya Səhiyyə Fondunun yaradılmasının vacibliyini vurğulayıb.
Panel iclasında çıxış edən BMT Baş Assambleyasının 73-cü sessiyasının sədri, Ekvadorun sabiq xarici işlər naziri Mariya Fernanda Espinoza çevik ümumbəşəri səhiyyə sisteminin qurulmasını vacib hesab edib.
“COVID-19 pandemiyası bizə sosial həmrəyliyin də mühüm amil olduğunu göstərdi. Belə ki, dövlət və özəl sektorlar arasında əlaqələr inkişaf etməlidir. Həmçinin koronavirus əleyhinə vaksinlər əlçatan olmalıdır. Təəssüf ki, səhiyyə xidmətləri, peyvəndlərin hamı üçün olması qaydası işləmədi. Vaksinlər ədalətli şəkildə paylanmadı. Onu qeyd etmək lazımdır ki, regional inteqrasiya COVID-19-dan əvvəl də zəif idi. Pandemiya hər kəs, xüsusilə səhiyyə sistemləri üçün dərs oldu, çoxtərəfli əməkdaşlığın vacib alət olduğunu öyrətdi. Hazırda COVID-19-dan çıxış planları hazırlanır. Bu zaman keçmiş səhvlər təkrarlanmamalıdır. Ölkələr iqtisadiyyatlarına vəsait yatırırlar. Bu məsələdə kasıb ölkələrə də yardım edilməlidir. Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün trilyon dollarla vəsait tələb olunur. Ümid edirəm ki, qlobal dünya nizamına nail olacağıq”, - deyə M.F.Espinoza qeyd edib.
Latviyanın sabiq Prezidenti Valdis Zatlers pandemiyanın Ümumdünya Səhiyyə Təşkilatının nə qədər vacib bir təsisat olduğunu göstərdiyini və təşkilatın ictimai səhiyyəni tənzimləyən ümumdünya qurumu rolunu oynadığını diqqətə çatdırıb. Pandemiya dövründəki antivaksin hərəkatının da unudulmamalı olduğunu bildirən V.Zatlers deyib: “İnsanlara anlaya bildikləri dildə başa salınmalıdır ki, onlar yanlış məlumatlara doğru yönəlməsinlər. Pandemiya xaosa səbəb oldu. Peyvəndin sınaqdan keçirilmədiyi, insanlar üzərində eksperiment aparıldığı barədə dezinformasiyalar yayıldı. Halbuki, pandemiya başlayandan qısa müddət sonra xəstəxanalar doldu, maska taxılması ilə bağlı məcburiyyətlər tətbiq edildi, qapanmalara gedildi. Hər kəs anlamalıdır ki, vaksinsiz pandemiyanın öhdəsindən gəlmək mümkün olmazdı. Əfsuslar olsun ki, "vaksin milliyyətçiliyi"nin də şahidi olduq. İnsanlara anladıqları dildə mesajlar verilməlidir. Çünki başqa bir pandemiya da yarana bilər. Bütün bunlara hazır olmaq üçün düzgün maariflənmənin olması vacibdir”.
Panel iclasında çıxış edən və ölkəmizdə pandemiya ilə mübarizədən danışan Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bütün tədbirlərin ÜST ilə sıx əməkdaşlıq və əlaqələndirilmiş şəkildə görüldüyünü bildirib. Nazir deyib: “Dövlətimizin başçısı tərəfindən Nazirlər Kabinetinə tapşırıqlar verildi və Operativ Qərargah yaradıldı. Bu Qərargah tərəfindən qərarlar qəbul edildi, vaksinlər paylandı və peyvəndləmə prosesi həyata keçirildi”.
T.Musayev əlavə edib ki, COVID-19 pandemiyası hər bir ölkəyə müəyyən dərslər verdi. Öyrəndiyimiz dərsləri, pandemiyanı nə dərəcədə idarə edə bildiyimizi və sona gəlib çatıb-çatmadığımızı müzakirə etməyin vaxtıdır. Təəssüf ki, bu dövrdə təkcə pandemiya ilə deyil, antivaksin hərəkatına qarşı mübarizə də ön plana çıxdı. Bir sıra kütləvi informasiya vasitələrində vaksinlərlə bağlı əhalini qorxuya salan saxta məlumatlar yayıldı. Belə saxta məlumatlarla mübarizə qarşımızda duran əsas öhdəlikdir. Medianın elmi təsdiqi olmayan məlumatları yaymaq hüququ yoxdur. Media ilə tənzimlənmə aparılmalıdır. Çünki nəticədə antivaksin hərəkatı ilə üzləşmək mümkündür. Azərbaycan hökuməti isə media ilə paralel işləyərək, koronavirus, vaksinlər barədə vaxtaşırı dolğun, düzgün məlumatları ictimaiyyətə çatdırdı. Vətəndaşların dövlətə güvənməsi səhiyyə sistemlərinin düzgün təşkilində vacib amildir. Ümumiyyətlə, pandemiyaya qarşı tədbirlərin düzgün anlaşılmasında əhalinin savadlılığı vacibdir.
Nazir deyib ki, pandemiya səhiyyə sisteminə düzgün investisiyaların yatırılmasının vaxtı gəlib çatdığını göstərdi: “Pandemiya böhrandır. Böhranlar olmadan tərəqqiyə nail olmaq mümkün deyil. Bu, bizi müəyyən addımlar atmağa sövq etdi və çoxtərəfli əməkdaşlığın vacibliyini öyrətdi”.
Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç milyonlarla doza vaksinin zəngin ölkələr tərəfindən alınıb saxlanıldığını və yararsız hala salındığını vurğulayıb. Onun sözlərinə görə, hətta ölkələr arasında əməkdaşlıq əvəzinə, rəqabət də yaranıb. “Virus infeksiyaları asanlıqla yayılır və sərhəd tanımır. Sərhədlər bağlansa da, yayılmanın qarşısını almaq mümkün olmur. Odur ki, çoxtərəfli əməkdaşlıq məsələləri ön planda olmalıdır. Kasıb ölkələrdə çox inkişaf etməyən səhiyyə sisteminin mövcudluğu yeni pandemiyaların yaranmasını qaçılmaz edir. Onlara kömək etmək lazımdır. Hər kəs gələcək təhdidlərə hazır olmalıdır”, - deyə sabiq prezident bildirib.
Panel iclası müzakirələrlə davam edib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova