Koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin maaşına əlavənin müddəti uzadılıb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin əməkhaqqına əlavənin ödənilməsi müddətinin uzadılması ilə bağlı iki Qərar imzalayıb.
AZƏRTAC xəbər verir ki, birinci sənəd “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərardır. Bu dəyişikliyə görə, COVID-19-la mübarizə üzrə çalışanların maaşlarına əlavənin müddəti 2026-cı il yanvarın 1-dək uzadılıb.
Qəbul edilmiş ikinci sənədə əsasən, “Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilib. Yeni qərara görə, adı çəkilən kateqoriyadan olan tibb işçilərinin əməkhaqlarına əlavələr də 2026-cı il yanvarın 1-dək ödəniləcək.
Xəbəri paylaş







