“Tibbi sığorta haqqında” Qanuna dəyişiklik edildi

Oktyabr ayında Milli Məclisin payız sessiyasının bir neçə plenar iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ilk iclasda “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirələri zamanı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov sənəd barədə komitənin müsbət rəyini səsləndirib.
“Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov təqdim edib. O, qanun layihəsinin birinci oxunuşunda deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib. Komitə sədri bildirib ki, qanun layihəsi həbs edilmiş, müəyyən müddətdə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslərin tibbi müayinəsinin icbari tibbi sığorta çərçivəsində həyata keçirilməsi məqsədilə hazırlanıb. Sənəddə təklif olunan dəyişiklikləri son dərəcə vacib və humanist dəyişikliklər kimi xarakterizə edən komitə sədri bildirib ki, layihənin qəbulu cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərə göstərilən tibbi xidmətləri yaxşılaşdıracaq.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Payız sessiyasının digər plenar iclasında həmin qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Layihəni təqdim edən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov onun ikinci oxunuşda müzakirəsindən sonra komitəyə hər hansı irad və təkliflərin daxil olmadığını söyləyib, sənədin dəstəklənməsini xahiş edib.
Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Əmək Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Mənzil Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Ümumi təhsil haqqında”, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova məlumat verib. Sənədlərdə bəzi termin dəyişiklikləri nəzərdə tutulur. Komitə sədri deyib ki, qanun layihəsi uşaq hüquqlarının daha da təkmilləşdirilməsinə xidmət edəcək.
Əmək və sosial siyasət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Gənclər və idman, İnsan hüquqları, Elm və təhsil və Səhiyyə komitələrinin sədrləri sənədlə bağlı rəhbərlik etdikləri komitələrin müsbət rəylərini diqqətə çatdırandan sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Xəbəri paylaş







