Nazirlər Kabineti dərman vasitələri ilə bağlı qərarlar qəbul etdi

Nazirlər Kabineti dərman vasitələri ilə bağlı qərarlar qəbul etdi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dərman vasitələri ilə əlaqədar Nazirlər Kabinetinin beş qərarını imzalayıb.
Bu qərarlarla “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 74-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 20 dekabr tarixli 255 nömrəli Fərmanının müvafiq yarımbəndlərinin icrasını təmin etmək məqsədilə hazırlanmış sənədlər təsdiq olunub.
Beləliklə, Nazirlər Kabinetinin qərarları ilə aşağıdakı sənədlər təsdiq edilib:
1. “Dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının (təsiredici maddələrin adlarının) və tibb vasitələrinin xidmətlər zərfinə daxil edilməsi və ya çıxarılması meyarları və Qaydası”.
2. “Dərman vasitələrinə əlçatanlığın artırılması və maliyyə risklərinin bölüşdürülməsi haqqında müqavilənin nümunəvi forması və bağlanılması Qaydası”.
3. “Pozitiv siyahıya daxil olan dərman vasitələrinin şərti kompensasiya məbləğinin hesablanması Qaydası”.
4. “Ambulator şəraitdə dərman vasitələrinin buraxılması haqqında müqavilə”nin Nümunəvi forması”.
5. “Dərman vasitəsinin pozitiv siyahıya daxil edilməsi qaydası və meyarları, habelə həmin siyahıdan çıxarılması əsasları”.
Bütün təsdiqlənmiş sənədlər qəbul olunmuş qərarlara əlavə edilib.
AZƏRTAC İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətinə istinadən məlumat verib ki, Nazirlər Kabinetinin qəbul etdiyi dərman təminatının tənzimlənməsinə dair bu qərarlar əhalinin dərman vasitələri ilə təminatının yaxşılaşdırılması, tibbi sığorta sistemində şəffaflığın və maliyyə dayanıqlılığının artırılması məqsədi daşıyır.
Bildirilir ki, yeni qaydalar vətəndaşların ambulator şəraitdə (evdə) istifadə olunan əlçatan dərmanların icbari tibbi sığorta hesabına təmin edilməsi ilə bağlı mexanizmin normativ çərçivəsini müəyyən edir.
Qaydalarda dərman vasitələrinin icbari tibbi sığorta hesabına kompensasiya mexanizmi, onların xidmətlər zərfinə daxil edilməsi və çıxarılması meyarları müəyyənləşdirilib. Dərman vasitələrinin pozitiv siyahıya daxil edilməsi meyarlarına dərman vasitəsinin dövlət reyestrində olması, onun keyfiyyətli, təhlükəsiz və effektiv olması, qiymətinin tənzimlənmiş olması və icbari tibbi sığorta fondunun maliyyə imkanlarına uyğun olması daxildir.
Eyni zamanda, bu qaydalar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin aptek təşkilatları ilə müqavilə mexanizminin formalaşmasına hüquqi əsas yaradır.
Agentliyin yaydığı məlumatda deyilir ki, bu qərarların qəbulu dərman təminatı sisteminin hüquqi və inzibati əsaslarının formalaşdırılması istiqamətində atılan mühüm addımdır. Hazırda icbari tibbi sığorta hesabına dərmanların ambulator şəraitdə qarşılanması istiqamətində zəruri hazırlıq işləri – elektron reseptlərin icbari tibbi sığortanın məlumat bazası ilə inteqrasiyası, apteklərlə əməkdaşlıq mexanizmlərinin qurulması və hesabatlılığın təmin olunması həyata keçirilir. Dərmanlar elektron resept vasitəsilə təyin olunacaq. Bu yolla təyin olunmuş dərman vasitələrini pasiyentlər agentliklə müqaviləsi olan özəl apteklərdən ala biləcəklər.
Pozitiv siyahı icbari tibbi sığorta çərçivəsində ambulator şəraitdə müalicə üçün pasiyentlərə verilən dərman vasitələrinin siyahısıdır. Bu siyahıya daxil olan dərmanların müəyyən edilmiş hissəsi və ya tam dəyəri icbari tibbi sığorta hesabına qarşılanacaq. Pozitiv siyahıda dərman vasitəsinin ticarət adı, beynəlxalq patentləşdirilməmiş adı (təsiredici maddənin adı), dozası, anatomik-terapevtik-kimyəvi kodu, farmasevtik forması, xəstəliyin müalicəsi üçün tətbiq edildiyi XBT-10 (Xəsyəliklərin 10-cu Beynəlxalq Təsnifatı) kodu, qablaşdırılma miqdarı, şərti kompensasiya məbləği və müştərək maliyyələşmə məbləği qeyd olunacaq. Pozitiv siyahı hər rübün ilk ayının 15-nə kimi yenilənəcək və yenilənmiş siyahı agentliyin rəsmi internet səhifəsində yerləşdiriləcək.


Xəbəri paylaş




Oktyabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova