Hər bir qidanı qədərində qəbul etmək məsləhətdir
Mart ayı Novruz bayramı, xoş əhval-ruhiyyə deməkdir. Bayram günlərində süfrələrimizi gözəl təamlar, dadlı yeməklər, cürbəcür şirniyyatlar bəzəyir. Ancaq bu, həm də çəki problemi, yağlı və şirin qidalar deməkdir. Novruzda doğru qidalanmaq mümkündürmü?
Bayramda süfrəyə müxtəlif cür təamlar düzülsə də, bu o demək deyil ki, masanın üzərində olan bütün qida və şirniyyatlardan qəbul edilməlidir. Bu dönəmlərdə, xüsusilə şəkərli diabet xəstələri öz qidalanmalarına fikir verməlidirlər.
Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev nazirliyin instaqram hesabındakı canlı yayımda deyib.
“Ümumiyyətlə, vətəndaşlara hər bir qidanı öz qədərində qəbul etmələri məsləhət görülür. Bununla yanaşı, yüksək təzyiqdən əziyyət çəkənlər çox yağlı, ağır yeməklərdən uzaq durmalıdırlar. Gecə saatlarına qədər qida qəbul etmək düzgün deyil. Bayram günlərini nəzərə alaraq, axşam saat 7-8-dən sonra qida qəbul etməmək tövsiyə olunur. Bayram günlərini maksimum dərəcədə aktiv keçirməkdə və diqqətli olmaqda fayda var”, - deyə Z.Quliyev bildirib.
Mütəxəssis-ekspert deyib ki, fəsil dəyişkənlikləri ilə əlaqədar bir çox xəstəliklər kəskinləşmə mərhələsindədir. Bunlar daha çox tənəffüs sistemi xəstəlikləri – allergik rinit, astma, yuxarı tənəffüs yolu infeksiyası və sairdir. Bəzi mədə-bağırsaq sistemi xəstəliklərinin də, xüsusilə qastritin yaz aylarında kəskinləşdiyini görürük. Mütləq şəkildə bu dönəmlərdə bir çox proseslər olur ki, insanlar onlara diqqət etməlidirlər. Mədə-bağırsaq xəstəliklərində gizli gedən simptomlar aşkarlanır, ya da ki, heç bir simptomu olmayanlarda yeni əlamətin üzə çıxmasına şahid oluruq.
Z.Quliyev immuniteti gücləndirmə üsullarından bəhs edərək qeyd edib: “İmmuniteti hansı qidaların gücləndirməsindən ziyadə, hər zaman balanslı qidalanmaq daha yaxşıdır. Təkcə düzgün qidalanmaqla immun sisteminin güclü olması mümkün deyil. Burada bir çox amillər var ki, onların hamısı birlikdə dəyərləndirilməlidir. Yuxu rejiminə əməl edilməli, bol miqdarda maye qəbul edilməli (ancaq bəzi xəstəliklər zamanı, xüsusilə ürək-damar sistemi xəstəliklərində çox maye qəbul etmək zərər ola bilər), balanslı qidalanmalı, hər şeyi öz mövsümündə yeməli, xüsusən də bir qidaya daha çox üstünlük verilib, digər qidaların qəbulu azaldılmamalıdır. Meyvə-tərəvəzlərdən mövsümünə uyğun olaraq maksimum dərəcədə istifadə olunmalıdır. Həftədə bir dəfə mütləq balıq əti yeyilməlidir. Yağda qızardılmış, hisə verilmiş hazır qidalardan maksimum dərəcədə uzaq durmaq məqsədəuyğundur. Qidaların bol su ilə qaynadıb bişirdikdən sonra qəbul edilməsi tövsiyə olunur.
Bədəndəki hər hansı bir mineral və ya vitamin çatışmazlığını dərman vasitələri ilə bərpa etmək daha yaxşıdır. Lakin bunu hər hansı analiz və həkim məsləhəti olmadan özbaşına qəbul edərkən o, faydadan çox zərər verə bilər. Ona görə də pasiyent immun sistemində hər hansı bir problem olduğunu düşünürsə, həkimə müraciət etməli, gərəkli analizləri verməli və əskik olan hormon, vitamin və mikroelementin bərpası istiqamətində mütəxəssisin tövsiyə etdiyi dərmanları qəbul etməlidir. Təcrübədə də görürük ki, bəzən özbaşına alınan dərman faydadan çox zərər verə bilər. Bəzən ciddi vitamin toksikasiyası, yəni vitaminlərin bədəndə aşırı dərəcədə çox olması simptomları ilə qarşılaşırıq”.
Həkim-terapevt avitaminoz xəstəliyindən də danışaraq deyib ki, qış aylarında Günəş şüaları az olduğuna görə bu dövrdə D vitamini çatışmazlığına tez-tez rast gəlinir: “Buna görə də xüsusilə qış aylarında vətəndaşlara qan analizlərinin nəticəsinə uyğun olaraq D vitamini qəbul etməsini tövsiyə edirik. D vitamini bütün hüceyrələr üçün, o cümlədən sağlam immun sistemi üçün çox vacibdir. Bəzən xəstələrdə maqnezium, kalium çatışmazlığı ilə də qarşılaşırıq. Ət yeməklərindən uzaq duranlarda, mədə-bağırsaq sistemi problemi olanlarda B12 vitamininin çatışmazlığını görürük. Bu da özünü bir çox simptomla büruzə verə bilər. Həmin əlamətlər yaddaşın zəifləməsi, əzələlərdə ağrılar, anemiyanın yaranması və sairədir. Eyni zamanda, C vitamini çatışmazlığı zamanı diş ətində qanamalar müşahidə edilir. Qısası, hər bir vitaminin çatışmazlığına bağlı avitaminoz müşahidə oluna bilər. Bu səbəbdən mütləq simptomlara uyğun olaraq analizlər verib, nəticələrə əsasən müalicə almaq daha məqsədəuyğundur”.