Uşaqlarda virus infeksiyasında antibiotik istifadəsi lazımsızdır və ciddi fəsadlara yol aça bilər

Uşaqlarda virus infeksiyasında antibiotik istifadəsi lazımsızdır və ciddi fəsadlara yol aça bilər

Hər qış olduğu kimi, son həftələr Azərbaycanda uşaqlar arasında qrip virusu intensivləşib. Onlarda yüksək qızdırma, boğaz və baş ağrısı, iştahasızlıq, bəzi hallarda qusma və sair simptomlar müşahidə edilir. Əslində, qışda qripin, kəskin respirator virus infeksiyalarının yayılması normaldır. Ötən il COVID-19 pandemiyasına görə qapanmalar səbəbindən ünsiyyət az idi və bu, uşaqların qripə sürətlə yoluxmasının qarşısını almışdı. Bu tədris ilində isə bağçalarda və məktəblərdə ənənəvi tədrisin bərpası, tədbirlərin təşkilinə icazə verilməsi uşaqların təmaslarını artırıb, buna görə də influenza virusu böyüklər və uşaqlar arasında geniş yayılır.
Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-pediatr Erkin Rəhimov məlumat verib. O bildirib ki, test müayinələri hazırda geniş yayılan xəstəliyin məhz qrip infeksiyasının A ştamı olduğunu deməyə əsas verir. Həmin ştamla yoluxan uşaqlarda uzunmüddətli qızdırma, halsızlıq, narahatlıq xəstəliyin əsas simptomlarıdır. Yüksək hərarət əsasən 5-7 gün, öskürək isə 2-3 həftə davam edir. İnfeksiyadan qorunma üsulları şəxsi gigiyenaya diqqət etmək, tibbi maska taxmaq və sosial məsafəni qorumaqdan ibarətdir.
E.Rəhimovun dediyinə görə, qrip əleyhinə peyvənd vurduraraq da xəstəlikdən qorunmaq mümkündür: “Bu peyvənd hamilə qadınlara, 6 yaşa qədər olan uşaqlara, xroniki xəstələrə daha çox tövsiyə edilir. Lakin digər insanlar da bu yolla qripdən qoruna bilərlər. Xəstəliyin müalicəsi üçün istirahət, bol miqdarda maye qəbulu, çox isti geyinməmək və bədən temperaturu yüksəldikdə hərarətsalıcı dərmanlar istifadə etmək məsləhətdir. Xəstəlik ağır gedişli olarsa, xəstə həkim təyinatı əsasında başqa dərmanlardan da faydalana bilər. Virus infeksiyaları zamanı valideynlərin həkim təyinatı olmadan övladlarına antibiotik müalicəsi etməsi yanlışdır, çünki antibiotiklər viruslara təsir göstərmir. Əksinə, lazımsız antibiotik istifadəsi uşağa çox zərər verə, ciddi fəsadlara yol aça bilər”.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti uşaqlarda koronavirus infeksiyası barədə də danışıb, bildirib ki, onlarda COVID-19 simptomları müşahidə edilirsə, mütləq test olunmalıdırlar: “Uşaqlar COVID-19 xəstəliyini, adətən, böyüklərə nisbətən yüngül keçirsələr də, etinasız yanaşmaq olmaz. İmmuniteti zəif, artıq çəkidən əziyyət çəkən, nevroloji problemləri olan uşaqlarda koronavirus çox ağır gedişli ola bilər. Belə problemlər olmadıqda isə uşaqlar COVID-19-u, adətən, yüngül və ya orta keçirirlər. Nadir hallarda bəzi uşaqlar infeksiyanı yüngül keçirsələr də, sağaldıqdan sonra onlarda orqanizmin bütün sistemlərini əhatə edən bir sıra xəstəliklər ortaya çıxa bilər”.
Həkim-pediatr vurğulayıb ki, infeksiya əlamətləri olan uşağı məktəbə və ya bağçaya göndərmək olmaz. Bu, uşağın öz sağlamlığı və xəstəliyin yayılmaması baxımından vacibdir. Uşaqlara şəxsi gigiyenanın əhəmiyyəti düzgün izah edilməli, gigiyenik qaydalar, onların vacibliyi və tətbiqi körpəlikdən aşılanmalıdır. Əl təmizliyi, tibbi maskadan istifadə kimi gigiyenik qaydalara əməl etmək xüsusilə pandemiya dövründə çox vacibdir. Uşaqlar mümkün qədər bir-biri ilə yaxın təmasda olmamalı, xəstələrdən uzaq saxlanılmalıdırlar.
Yeni növ koronavirusun Azərbaycanda da qeydə alınan “omikron” ştamı barədə danışan Erkin Rəhimov deyib ki, bu ştamın ağırlıq dərəcəsi zəif olsa da, daha yoluxdurucudur, uşaqların ona yoluxmaq ehtimalı o biri ştamlara nisbətən çoxdur.
Mütəxəssis bildirib ki, koronavirus uşaqlar arasında 80-85 faiz hallarda yüngül və ya simptomsuz keçir: “COVID-19-a yoluxmuş uşaqların yalnız 10-15 faizində müəyyən şikayətlər olur və onlar simptomatik qaydada müalicə edilirlər. Ağırlaşmış və xroniki xəstəliyi olan uşaqlara isə virus əleyhinə preparatlar təyin edilir. Zəif immunitetə malik, risk qrupunda olan uşaqlara fərdi yanaşılır. Uşağın sağlamlığında ciddi problemi yoxdursa, əhval-ruhiyyəsi yaxşıdırsa, qızdırması 38,5 dərəcəyə qədər olduğu halda hərarətsalıcı dərmanlar verilməsinin tərəfdarı deyilik. Qızdırma viruslarla mübarizədə ən yaxşı yoldur, bədən bu yolla virusu öldürür. Uşaqda halsızlıq müşahidə edilirsə və ya başqa şikayətləri varsa, ona hərarətsalıcı dərmanlar verilə bilər. Onu da qeyd etmək lazımdır ki, virusa yoluxan zaman burun axıntısı, hətta uzun müddət davam edən öskürək normaldır, lakin qızdırma 2-3 gündən çox davam edirsə, həkim müayinəsi mütləq aparılmalıdır. Həmin dövrdə uşaqda həm influenza, həm COVID-19, həm də digər infeksiyalara yoluxma halı aşkarlana bilər. Diferensial diaqnostika ilə xəstəliyin qrip və ya başqa virus olduğu mütləq dəqiqləşdirilməlidir”.
E.Rəhimovun dediyinə görə, pediatrlar uşaqlarda öskürək əleyhinə dərmanları istifadəsi vacib olmadıqca tətbiq etmirlər: “Bir sıra hallarda uşaqların belə dərmanlar qəbul etməsi aşağı tənəffüs yollarının infeksiyasına səbəb ola bilər. Həkim müayinəsində ağciyərlərin dinlənilməsi nəticəsində eşidilən səsə uyğun olaraq uşağa rentgen və yaxud da başqa müayinə əsasında bəlğəmgətirici dərman və ya inhalyasiya təyin edilə bilər. İnhalyasiyada istifadə edilən dərmanların bəziləri bronxları genişləndirir. Uşaqlarda böyüklərdən fərqli olaraq bronxlar çox incə olduğu üçün kiçik bir selik onu tuta bilir və nəticədə uşağın nəfəsalması çətinləşir. İnhalhasiya vasitəsilə isə bronxlar açılır və bəlğəm daha rahat çıxır. Hər müalicənin yan təsirləri var. İnhalyasiya nə qədər populyar olsa da, bəzən istifadə edilən dərmanlar ürəkdə çırpınmaya, əllərdə titrəməyə və əsəbiliyə səbəb ola bilər. Ona görə də həmin dərmanlardan düzgün istifadə etmək lazımdır. Belə yanlış yanaşma var ki, guya qızdırmalı uşağa inhalyasiya etmək olmaz. Təəssüf ki, bəzən valideynlər arasında doğru olmayan məlumatlar dolaşır. Bir məsələyə də toxunmaq istəyirəm. Körpə yaşlarından uşağı “heç nəyə toxunma”, “əlini tez-tez yu” deyə tərbiyə edəndə onun orqanizmində mübarizə aparacaq mikrob tapılmır və belə olanda bədən özü-özünə qarşı mübarizə aparır. Nəticədə, allergik və digər autoimmun xəstəliklər meydana çıxır. Əlbəttə, təmizkarlıq lazımdır, amma bu, ifrat dərəcədə olmamalıdır”.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova