Böyrək xəstəliyi olanlar ildə azı 2 dəfə yoxlanmalıdır
Azərbaycanda 3 682 hemodializ xəstəsi, o cümlədən 6 nəfər hemodializ alan 15 yaşa qədər uşaq var. Xəstələrin 53 faizini kişilər, 46 faizini isə qadınlar təşkil edir. Təəssüf ki, bu gün ölkədəki hemodializ xəstələrinin orta yaş həddi 35-60 arasındadır, yəni xəstəlik vətəndaşların işlək və aktiv dövrünə təsadüf edir. Lakin son 10 ildə aparılan araşdırmalara əsasən, bu yaş həddi getdikcə artır.
Bu barədə Səhiyyə Nazirliyinin nefrologiya üzrə baş mütəxəssisi, Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ şöbəsinin müdiri Fariz Babayev məlumat verib.
Baş nefroloq bildirib ki, Azərbaycanda hər 1 milyon vətəndaşın təxminən 250-450-si böyrək xəstəliyindən əziyyət çəkir: “Həmin xəstələr vaxtında həkimə müraciət edərək narahatlıqlarının qarşısını ala bilərlər. Xroniki xəstələr mütəmadi həkim nəzarəti altında qalırlar. Buna baxmayaraq, dünyada olduğu kimi, Azərbaycanda da həmin böyrək xəstələrinin təxminən 30-50 faizində xroniki böyrək çatışmazlığı yaranır. Bundan əziyyət çəkənlərin qanında azot maddəsinin miqdarı artdığına görə hemodializ müalicəsinə ehtiyac olur”.
F.Babayev xroniki böyrək çatışmazlığının yaranma səbəblərindən danışıb: “Anadangəlmə böyrək qüsurları, böyrəklərin iltihabi xəstəlikləri, immun xəstəlikləri, müəyyən maddələrlə zəhərlənmələr, anadangəlmə uroloji patologiya, böyrək daşı xəstəliyinin müalicəsinin uzun müddət düzgün aparılmaması və s. böyrək çatışmazlığına səbəb olan amillərdir. Ona görə də hansısa böyrək xəstəliyi olan xəstə hətta böyrək çatışmazlığı olmasa belə, ildə heç olmazsa 2 dəfə yoxlanılmalıdır. Böyrək çatışmazlığının qarşısı ilk dövrlərdə alınmalıdır”.
Baş nefroloqun dediyinə görə, dünyada hemodializ xəstələri arasında illik ölüm 18-23 faizdir. Azərbaycanda isə bu göstərici 21 faizə yaxındır. İl ərzində təxminən 750-800 hemodializ xəstəsi vəfat edir. Bunlar uzun müddət dializ alan xəstələrdir.