“Həyatda azad olmaq, heç nədən asılı olmamaq ən gözəl nemətdir”

“Həyatda azad olmaq, heç nədən asılı olmamaq ən gözəl nemətdir”

Bir sıra maddələr var ki, istifadəsi təhlükəli olub, asılılıq yaradır. Məhz buna görə onlar narkotik maddə adlandırılırlar. Narkotik istifadə edənlərdə orqanizmin maddələr mübadiləsi pozulur, şəxsiyyət pozuntusu müşahidə edilir. Narkotik maddədən istifadə zamanı həm fiziki, həm psixoloji asılılıq yaranır. Aqressiya, yuxusuzluq, iştahasızlıq, dəhşətli bədən ağrıları və həzm sistemi problemləri fiziki asılılığın başlıca əlamətləridir. Həmin simptomları olan xəstələr yenidən narkotik istifadə edərək sakitləşmək istəyirlər. Həmçinin narkotik maddədən bir dəfə istifadə etdikdə xəstədə növbəti dəfə ondan istifadəyə güclü meyil yaranır. Sağalmaq istəyi güclü olan xəstələr bu cür psixoloji asılılığa qalib gələ bilirlər. Xəstələr müalicə prosesində psixoloq nəzarətində olur, həmçinin xüsusi reabilitasiyalardan keçirlər.
Bu fikirləri müsahibəsində Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin (RNM) şöbə müdiri Zamin Əliyev deyib. O bildirib ki, narkoloji xəstələri sağaltmaq mümkün olsa da, bu, çətin prosesdir: “Sağalandan sonra da bizimlə daimi kontaktda olan, lazım gəldikdə müalicəyə cəlb edilən xəstələr var. Statistik olaraq bu göstərici yüksək olmasa da, iradəsi güclü olanlar arasında sağalma halı müşahidə edilir. Sağalmaq üçün psixoloq seanslarını yubatmamaq və özünütərbiyə vacibdir”.
Onun dediyinə görə, müalicəsi başa çatan, fiziki asılılıqdan xilas olan hər kəs yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə peyvənd vurdura bilər: “Belə xəstələrdə yalnız psixoloji narahatlıq qalır, yəni onlarda heç bir fiziki simptom olmadığı halda, narkotik qəbul etmək istəkləri güclü olur. Hesab edirəm ki, belələri infeksionistlə məsləhətləşməklə koronavirusa qarşı vaksinasiya oluna bilərlər. Ümumiyyətlə, COVID-19 virusu narkoloji xəstələrin müalicəsi prosesində bəzi çətinliklər yaradır”.
Z.Əliyev vətəndaşları, xüsusilə gəncləri narkotik maddələrdən uzaq durmağa çağırıb: “Gənclərlə elə narkotik asılılıqdan əziyyət çəkənlərin dili ilə danışmaq istəyirəm. Narkoloji xəstələrin tək istəyi digərləri kimi normal həyatdan həzz ala bilməkdir. Yəni onlar böyük bir şey istəmirlər. Sadəcə, ətrafındakılarla söhbətdən, iş fəaliyyətindən və yaxud da müəyyən əyləncələrdən zövq almağı arzulayırlar. Narkotikdən asılı olanlar daim depressiyadadırlar, həyat onları sıxır. Həyatda azad olmaq, heç nədən asılı olmamaq ən gözəl nemətdir. Məsləhətim budur ki, gözəl həyatınızı depressiya, stres, narahatlıq dolu həyata çevirməyin. Əks halda, ömür boyu normal həyata qayıtmaq üçün mübarizə aparmaq məcburiyyətində qalacaqsınız. Sağlam həyata davam etmək üçün narkotiklərə "yox" deyək”.
Mütəxəssis bəzi narkotik maddələr barədə də məlumat verib. Bildirib ki, “patı” adlandırılan maddə mərkəzi sinir sistemini stimulyasiya edən sintetik narkotikdir: “Belə maddələrdən ən çox tanınanı kokaindir. Lakin laborator şəraitdə hazırlanan, tam sintetik maddə olan metamfetamin əhali arasında daha çox "patı" və "şüşə" kimi tanınır, bunun səbəbi həmin maddənin kimyəvi tərkibi və görünüsünün şüşə qırıntılarını xatırlatmasıdır.
İnternetdə metamfetamin haqqında çoxlu yalan məlumatlar paylaşılır, yanlış təbliğat aparılır. Gənclər də məlumatsız olduqları üçün belə yalan xəbərlərə aldanırlar. Xüsusilə depressiv gənclər bu maddənin depressiyadan çıxaracaq xüsusiyyətə malik olması yalanına uyur və metamfetaminin istifadəsinə başlayırlar. Bu maddəni bir dəfə istifadə etməklə bədəndəki enerji sərfiyyatı ani olaraq artır. Nəticədə, istifadəçi uzun müddət yuxusuz və ac qala bilir. Ona görə də, əvvəllər metamfetamin istifadəçilərinə uzun yol maşın sürən sürücülər arasında daha çox rast gəlirdik. Həmin sürücülər düşünürdülər ki, “patı” istifadə etməklə uzun müddət oyaq qala biləcəklər və iş qabiliyyətləri artacaq. Belə təbliğata qətiyyən uymaq olmaz. Metamfetamin çox təhlükəli maddədir”.
RNM-in şöbə müdiri deyib ki, metamfetamin istifadəsi zamanı orqanizmin enerji balansının qaydaya salınmasında çətinlik yaranır: “Belə olan halda, istifadəçidə dəhşətli yorğunluq, depressiv hal və passivlik baş verir. Sonra istifadəçi vəziyyətdən çıxmaq üçün həmin maddədən yenidən istifadə etmək istəyir. Nəticədə, metamfetamindən fiziki və psixi asılılıq yaranır. Bu maddəni mütəmadi qəbul edən xəstələrdə beyin pozuntuları aşkarlanır. Ardıcıl 5-7 sutka ümumiyyətlə yata bilməyən xəstələrdə müəyyən qarabasmalar yaranır: gözlərinə müxtəlif həşəratlar görünür, qulaqlarına səslər gəlir. Daha kəskin mərhələdə xəstədə sayıqlamalar, xüsusilə də qısqanclıq sayıqlamaları başlayır. Yəni əslində baş verməyən hadisələrlə bağlı ailələrdə dava yaranır. Bundan başqa, kəskin mərhələdə təqib sayıqlamaları ilə üzləşənlər də olur. Onları daim kiminsə təqib etdiyini və öldürmək istədiyini düşünən xəstələr müxtəlif kəsici alətlər daşıyırlar. Belə xəstələrin müalicə olunub normal həyata qayıtması, depressiyadan tamamilə azad olub özünü yaxşı hiss etməsi çox uzun prosesdir.
Bəziləri isə metamfetamin bəlasına məhz arıqlamaq məqsədilə düçar olurlar. Bu maddə çəkini azaltmır, patoloji hal yaradır və bütün orqanlara mənfi təsir göstərir. Dərinin tamlığı və elastikliyi zədələnir, dəridə müxtəlif travmatik yaralar meydana gəlir. Bunların hamısı patoloji haldır”.
Z.Əliyev həmçinin ölkədəki narkotik maddə istifadəçilərinin statistikası barədə məlumat verib: “Son dövrlər Azərbaycanda narkoloji xəstəliklərdən əziyyət çəkənlərin sayında artım müşahidə edilir. Narkotik istifadəçilərinin sayı 2019-cu ildə 32 921 nəfər idisə, son statistikaya əsasən bu rəqəm 33 788-dir. Qeydiyyatda olan narkotik istifadəçilərinin 600 nəfərdən çoxu qadındır. Həmçinin son aylar Respublika Narkoloji Mərkəzinə də müraciət edənlər çoxalıb. Son dövrlər ölkədə sırf metamfetamin istifadəçilərinin də sayı artıb. Onların əksəriyyəti elə əvvəldən narkotik maddə istifadəçisi olanlardır. Sadəcə olaraq, son dövrlər ölkədə metamfetamin də çoxaldığı üçün indi əlavə olaraq ondan da istifadə edirlər. Əvvəllər ümumiyyətlə narkotik maddə istifadə etmədiyi halda, indi sırf “patı” istifadə edənlər də var. Onu da qeyd edim ki, metamfetamindən istifadə daha çox gənclər arasında yayılıb. Ümumiyyətlə isə, qarışıq narkotik maddə qəbul edənlərin sayı təkcə metamfetamin qəbul edənlərdən daha çoxdur”.
Həkim-narkoloq gənclərə bu bəladan xilas olmaq üçün müalicələrinə diqqət yetirməyi, iradəli olmağı və hələ də müalicəyə cəlb edilməyənlərə mütləq narkoloji mərkəzlərə müraciət etmələrini tövsiyə edib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova