Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü

Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü ilk dəfə Xərçəng Xəstəsi olan Uşaqların Valideynlərinin Ümumdünya Konfederasiyasının təşəbbüsü ilə 2001-ci ildən təqvimə daxil edilib. Birinci dəfə həmin beynəlxalq gün Lüksemburqda yanvarın 15-də keçirilib, ancaq sonra onu fevral ayında qeyd etmək qərara alınıb.
Hazırda onkoloji xəstəliklərə tutulmuş uşaqlar günü Uşaq Onkoloqlarının Beynəlxalq Cəmiyyətinin himayəsi altında dünyanın 90-dan artıq ölkəsində, o cümlədən Azərbaycanda qeyd edilir.
Uşaqlarda onkoloji xəstəliklər bütün bədxassəli şişlərin 1-1,5 faizini təşkil edir, böyüklərdə təsadüf olunan belə xəstəliklərdən çox fərqlidir və əsasən embrional şişlərdir. Uşaq xərçəng xəstəlikləri arasında leykemiyalara daha tez-tez rast gəlinir. Mərkəzi sinir sisteminin şişləri və limfomalar da uşaqlarda daha çox yayılıb. Digər bədxassəli şişlərdən nefroblastoma, neyroblastoma, rabdomiosarkoma isə hər biri ayrılıqda 6-7 faiz təşkil edir. Böyüklərdə təsadüf edilən mədə-bağırsaq, ağciyər, süd vəzi xərçənginə uşaqlarda çox nadir hallarda rast gəlinir.
Tibbi statistikaya əsasən, hər il dünyada təxminən 300 min nəfər 19 yaşınadək insana xərçəng diaqnozu qoyulur, onlardan təxminən yarısı həyatla vidalaşır. Erkən və vaxtında aparılan diaqnostika onkoloji xəstəliklərin müalicəsində mühüm rol oynayır. Xəstəliyin birinci və ya ikinci mərhələdə aşkarlanması onun uğurlu müalicəsinə səbəb olur. Ancaq xərçəng xəstəliyi əksər hallarda üçüncü, 8 faiz hallarda isə hətta dördüncü mərhələdə aşkar edilir.
Çətinlik ondadır ki, onkoloji patologiyaların təxminən 200-ə yaxın forması var və xəstəliyin hər hansı bir orqanda başlaması mümkündür. Uşaqlar tamamilə müxtəlif yaşlarda - bir aylığından 18 yaşa qədər xəstəliyə düçar ola bilirlər və onların hamısının intensiv müalicəyə ehtiyacı var. Müasir müalicə metodları uşaq onkologiyasında daha yaxşı nəticə verir və bu üsullar tətbiq ediləndə uşaqların böyük əksəriyyətində tam sağalma mümkün olur.
2012-ci il martın 7-də Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin (MOM) nəzdində Azərbaycanda ilk dəfə Uşaq Onkoloji Klinikası fəaliyyətə başlayıb. Bu klinikanın yaradılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük əməyi olub. Hazırda bu səhiyyə ocağı regionumuzda onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara ixtisaslaşmış, yüksək texnologiyalarla təchiz olunmuş keyfiyyətli tibbi yardım göstərən yeganə tibb müəssisəsidir. Klinikada beynəlxalq protokollara uyğun olaraq, çoxkomponentli müalicənin bütün növləri – intensiv kimyaterapiya, müasir şüa terapiyası, cərrahi müalicə, immunoterapiya və s. icra edilir. İndiyədək Uşaq Onkoloji Klinikasında 1200-ə qədər uşaq müalicə alıb.
Bakıda maarifləndirmə aksiyası
Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü münasibətilə Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasının əməkdaşları İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri ilə birlikdə maarifləndirmə aksiyası keçiriblər. İctimaiyyətin diqqətini uşaqlarda rast gəlinən onkoloji xəstəliklərlə mübarizə məsələlərinə cəlb etmək və əhalinin bu sahədə məlumatlılığını artırmaq məqsədi daşıyan tədbir zamanı klinikanın əməkdaşları uşaq onkoloji xəstəliklərinin erkən əlamətləri, diaqnostik metodları və müalicə tədbirləri haqqında iştirakçılara ətraflı məlumat veriblər.
Bildirilib ki, onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqların problemləri təkcə onların valideynlərinin problemi olmamalıdır. Onların həlli bütün səhiyyənin, dövlət və qeyri-dövlət qurumlarının, bütün cəmiyyətin qayğısıdır. Bu gün dünyada uşaqların xərçəng xəstəliyinə qalib gəlməsi faktları, onların qəhrəmanlığını, həmçinin valideynlərinin və onlara qayğı göstərən tibb personalının fədakarlığını əks etdirir. Lakin burada iş təkcə müalicə ilə yekunlaşmır, ondan sonra reabilitasiya problemləri var. Onkoloji xəstəlikdən müalicə almış uşaqların sosial və əmək reabilitasiyası da aparılmalıdır.
"Bir ümid verək" yardım kampaniyası
Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü ərəfəsində “Araz" supermarketlər şəbəkəsi MOM Uşaq Onkoloji Klinikasında xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək məqsədilə "Bir ümid verək" adlı yardım kampaniyası həyata keçirib.
Tədbirdə çıxış edən Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycan Səhiyyə Nazirliyinin onkologiya üzrə baş mütəxəssisi Azad Kərimli və “Araz" supermarketlər şəbəkəsinin PR meneceri Billurə Əmirova qeyd ediblər ki, xeyriyyə kampaniyasına yanvarın 6-da start verilib. Bir ay boyunca davam edən yardım aksiyası nəticəsində toplanan 61 212 manata xərçəng xəstəliyi ilə mübarizə aparan uşaqların müalicəsi üçün lazım olan tibbi avadanlıq alınaraq, “Araz” müştəriləri adından Uşaq Onkoloji Klinikasına hədiyyə edilib.
Avadanlıqdan istifadə təmənnasız olaraq həyata keçiriləcək.
"Qan ver! Ürəklər döyünsün!" könüllü qanvermə aksiyası
Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü münasibətilə "Leykemiya ilə Mübarizə" İctimai Birliyinin və Mərkəzi Qan Bankının təşkilatçılığı, Park Bulvarın dəstəyi ilə “Qan ver! Ürəklər döyünsün!” devizi altında könüllü qanvermə aksiyası keçirilib.
İctimai Birliyin sədri Mehriban Bağırovanın verdiyi məlumata görə, qanyaradıcı sistemin xərçəng xəstəliyi olan leykemiyadan əziyyət çəkənlərə dayaq durmaq, qan xərçəngi xəstəsi olan hər bir körpənin, hər bir uşağın həyata qayıtmasına yardım etmək və bir donor kimi rahatlıq tapmaq məqsədi daşıyan aksiya ilk dəfə baş tutub. Cəmiyyətin diqqətini bu problemə cəlb etmək üçün təşkil olunan aksiyada 18 yaşından 65 yaşınadək olan 60-dan çox könüllü leykemiya xəstələrinin müalicəsi üçün könüllü olaraq qan verib.