Dünya dövlətləri tibbin hamı üçün əlçatan olacağına söz veriblər
Birləşmiş Millətlər Təşkilatının (BMT) mənzil-qərargahında qurumun Baş Məclisinin səhiyyə xidmətləri ilə tam əhatə olunma məsələsi üzrə yüksək səviyyəli iclası keçirilib. Dövlət başçılarının, aparıcı siyasi xadimlərin, səhiyyə sahəsində liderlərin, səhiyyə xidmətləri ilə hərtərəfli əhatə siyasətini formalaşdıran şəxslərin toplaşdığı, “Səhiyyə xidmətləri ilə hərtərəfli əhatə: daha sağlam dünya yaradılması üzrə birgə səylər” mövzusuna həsr edilmiş tədbirdə qaldırılan problem və hədəfə nail olma yolları fəal müzakirə edilib.
Səhiyyə xidmətləri ilə hərtərəfli əhatə o deməkdir ki, dünyada bütün insanlar zəruri tibbi yardıma ehtiyac yaranan vaxt və həmin yerdə bu cür yardımdan istifadə etmək imkanına malik olsunlar və bununla əlaqədar maliyyə çətinlikləri ilə üzləşməsinlər. İlkin tibbi-sanitar yardımın möhkəm təməlinə əsaslanan səhiyyə xidmətləri ilə hərtərəfli əhatə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mühüm prioritetlərindən və üçüncü minilliyin hədəflərindən biridir. ÜST bu quruma üzv dövlətlərlə, tərəfdaşlar və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq edərək, bütün dünyada səhiyyə xidmətləri ilə hərtərəfli əhatənin sürətləndirilməsində ölkələrə yardım göstərir.
İclasda ÜST-yə üzv-dövlətlər səhiyyə sahəsinə davamlı investisiyaları təmin etməklə bağlı maliyyə və siyasi öhdəliklər götürüblər. Əsas səhiyyə xidmətlərindən istifadə imkanı, ixtisaslı səhiyyə kadrlarının yetişdirilməsi, maliyyə risklərindən müdafiə, təhlükəsiz, keyfiyyətli, səmərəli və qiymət baxımından münasib dərman vasitələri və vaksinlər müzakirə edilib.
İclasda səhiyyə xidmətləri ilə hərtərəfli əhatə haqqında siyasi Bəyannamə şəklində yekun sənəd qəbul olunub. Üzv-dövlətlər tibbin hamı üçün əlçatan olmasını hədəf götürərək, ilkin tibbi-sanitariya yardımına xərclərin ümumi daxili məhsulun bir-iki faizi həcmində artıracaqlarına söz veriblər.
Toplantıda BMT-nin Baş katibi Antonio Quterreş və ÜST-nin rəhbəri Tedros Adhanom Gebreyesus bu Bəyannaməni səhiyyə sahəsində ən mühüm nailiyyətlərdən biri adlandırıblar.
BMT Baş katibinin sözlərinə görə, yeni Bəyannamə yoluxucu xəstəliklərə, o cümlədən İİV/QİÇS, vərəm və malyariyaya qarşı mübarizədə nailiyyətlərin əldə olunmasına şərait yaradacaq. Sənəd, eyni zamanda, xroniki xəstəliklərin yükünün azaldılması üçün təməl rolunu oynayacaq. Bəyannamədə reproduktiv sağlamlıq sahəsində xidmətlərə planet sakinlərinin ümumi əlçatanlığının bərabər təmin olunmasının zəruriliyi barədə danışılır, qadınların sağlamlığının müdafiəsi üzrə bir sıra tədbirlər nəzərdə tutulur. Ən əsası – yeni sənəddə söhbət tibbə, ilk növbədə, ilkin tibbi-sanitariya yardımına olan xərclərin vacibliyindən gedir.
“Əgər biz ümumi tibbi xidmətə nail olmağa və insanların həyatını yaxşılaşdırmağa köklənmişiksə, o zaman ilkin tibbi-sanitariya yardımına ən ciddi nəzər yetirməliyik”, - deyə ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesus bəyan edib.
Onun sözlərinə görə, həm ölkə daxilində, həm də ölkələr arasında ədalətsizliyə və yolverilməz qeyri-bərabərliyə son qoymağın vaxtı çatıb. Hazırda dünya əhalisinin 50 faizi keyfiyyətli və münasib qiymətə tibbi yardım almaq imkanından məhrumdur. Hər il tibbi xidmətlərə ciblərindən pul xərcləmək zərurəti ucbatından 100 milyonlarla insan dilənçi vəziyyətinə düşür. 925 milyon insan tibbə ailə büdcəsindən 10 faizdən çox xərcləyir, 200 milyon nəfər isə öz gəlirinin 25 faizini bu xərclərə sərf edir. Bununla yanaşı, tibbi yardıma ödəmələr nəticəsində dilənçi vəziyyətinə düşənlərə əhalinin bütün qrupları arasında rast gəlinir.
Dövlətlər həmçinin ixtisaslı tibb işçilərinin ciddi çatışmazlığının öhdəsindən gələcəklərinə söz veriblər.
ÜST səhiyyə xidmətlərinin hər kəs üçün əlçatan olması ilə bağlı BMT Bəyannaməsini alqışlayır. Bununla əlaqədar təşkilatın Baş direktoru Tedros Gebreyesus deyib ki, sənədin qəbul edilməsi qlobal səhiyyə sistemi və onun inkişafı üçün böyük əhəmiyyət kəsb edir: “Dayanıqlı inkişaf üzrə hədəflərə nail olmaq sahəsində dünya ölkələrinin 11 il vaxtı var. Bu prosesdə əsas vasitələrdən biri də səhiyyə xidmətlərinin hər kəsi əhatə etməsidir. Bu addım siyasi bir seçimdir və dünya liderləri bu seçimi etmək qərarına gəldilər. Mən onları bu münasibətlə təbrik edirəm”.
Bəyannamə ÜST-nin və onun tərəfdarlarının 2030-cu ilədək səhiyyə xidmətlərinin səviyyəsinin ikiqat artırılması ilə bağlı bəyanatından sonra qəbul edilib. Qeyd olunub ki, əks halda həmin müddətədək 5 milyarda yaxın insan bu xidmətlərdən məhrum ola bilər.
Bəyannaməni qəbul edən BMT üzv-dövlətləri ilkin səhiyyə xidmətlərinin göstərilməsi üzrə 4 sahədə irəliləyiş əldə olunmasına dair öhdəlik götürüblər. Bu istiqamətlər arasında ən mühüm olanı səhiyyə xidmətləri üçün ödəniş edə bilməyən insanların bu xidmətlərdən məhrum edilməməsidir. Digər istiqamətlər tibbi-sanitar tədbirlərin yüksək səmərəliliyi vasitəsilə xəstəliklərə qarşı mübarizə aparılması və uşaq və qadın sağlamlığının qorunmasıdır.
Bundan başqa, ölkələr kadr resurslarını və səhiyyə infrastrukturunu möhkəmləndirməli, idarəçilik üzrə potensialı artırmalıdırlar. Onlar əldə olunmuş nailiyyətlər barədə BMT-nin 2023-cü ildə keçiriləcək Baş Assambleyasında hesabat verəcəklər.
Bəyannamənin qəbul edilməsi ilə əlaqədar olaraq Bill və Melinda Qeyts Fondunun həmsədri Melinda Qeyts deyib: “Dünya ölkələrinin hər kəs üçün sağlamlığın təmin edilməsi üzrə öhdəliklər götürdüyü bir məqamda bu məsələlərin praktik nəticələr verməsi ilə bağlı real addımlar atmağın vaxtıdır. Bizim üzərimizə böyük məsuliyyət düşür. Donorlar və hökumətlər ilkin səhiyyə sisteminin möhkəmləndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görməli, insanların həyatı boyu onların əsas tələbatlarının ödənilməsi sahəsində öz vəzifələrini yerinə yetirməlidirlər”.