Milli Məclis komitələrinin birgə iclasında 2026-cı ilin dövlət büdcəsi layihəsi müzakirə olunub

Milli Məclis komitələrinin birgə iclasında 2026-cı ilin dövlət büdcəsi layihəsi müzakirə olunub

Milli Məclisdə parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov iclasda “Azərbaycan Respublikasının 2026-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəyə çıxarıldığını deyib. O, Konstitusiyamıza əsasən ölkənin və vətəndaşların təhlükəsizliyinin təmin edilməsinin, insanların rifahının yaxşılaşdırılmasının dövlətin ali məqsədlərindən olduğunu bildirib, 2026-cı il dövlət büdcəsinin layihəsində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün lazımi iqtisadi və maliyyə əsaslarının təmin edildiyini söyləyib.
Ölkəmizin 2026-ci il üçün dövlət büdcəsinin həm gəlirlərində, həm xərclərində artımın müşahidə edildiyini, bu büdcənin də ənənəvi olaraq sosialyönümlü olduğunu qeyd edən Əli Əhmədov növbəti ilin dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisinin 43 faiz olduğunu deyib. Büdcənin həyatın bütün sahələrində qarşıda qoyulan vəzifələrin icrası üçün lazımi təminat yaratdığını bildirib.
Sonra iclasda maliyyə naziri Sahil Babayev “Azərbaycan Respublikasının 2026-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini təqdim edib. O, bildirib ki, növbəti ilin büdcəsi hazırlanarkən makroiqtisadi və fiskal dayanıqlıq, monetar sabitlik prinsipləri, habelə ölkəmizin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi məsələləri əsas götürülüb. Bununla yanaşı, əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində tədbirlərin təmin edilməsi həm dövlət büdcəsi, həm də icmal büdcə çərçivəsində nəzərdə tutulub. Eyni zamanda, Qarabağ və Şərgi Zəngəzur iqtisadi rayonlarının inkişafı, keçmiş məcburi köçkünlərin bu ərazilərə geri qayıtması üçün maliyyə təminatı yaradılıb.
Nazir əsas maktoiqtisadi göstəricilər, büdcə gəlirləri və xərcləri ilə bağlı məlumat verib. Büdcənin müxtəlif istiqamətlər üzrə xərcləri barədə qeyd edilib ki, sosialyönümlü xərclər 17,1 milyard manat, təhsil sahəsində xərclər 5 milyard manat, sosial müdafiə və sosial təminat xərcləri 4,9 milyard manat, səhiyyə xərcləri dövlət büdcəsində 2 milyard manat, icmal səhiyyə xərcləri isə 3,7 milyard manat məbləğində müəyyən edilib.
O, dövlət büdcəsinin və icmal büdcənin 2026-ci il və 2026-2029-cu illər üzrə təqdim edilmiş layihəsinin ölkənin növbəti ildə və ortamüddətli dövrdə dayanıqlı inkişafı üçün lazımi təminatlar yaratdığını bildirib.
AZƏRTAC xəbər verir ki, Sahil Babayev növbəti ilin büdcə xərclərində onkologiya ilə bağlı müxtəlif tədbirlər üzrə 118 milyon manat vəsait nəzərdə tutulduğunu deyib, bunun 2025-ci illə müqayisədə 10 faizlik artım demək olduğunu söyləyib: “Yəni dinamikamız müsbətdir. Ehtiyacımız daha böyükdür, müzakirə edirik. Hazırda icbari tibbi sığorta zərfinin daha da genişləndirilməsi istiqamətində böyük addım atırıq. Buraya səkkiz müxtəlif istiqamət daxil edilib. Gələcəkdə digər istiqamətlərin də zərfə daxil edilməsini birmənalı olaraq istəyirik. Əlbəttə, təqdim olunan prioritetlərdən, əhatə etdiyi insan sayından, müxtəlif effektivlik göstəricilərindən asılı olaraq hər bir istiqamət müzakirə ediləcək və növbəti dövrlərdə bu məsələlər təmin olunacaq”.
İclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Anar Axundov vurğulayıb ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar sayəsində Azərbaycan sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, mühüm geosiyasi və geoiqtisadi mövqe tutan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətə çevrilib. O nəzərə çatdırıb ki, ölkə başçısının müvafiq Sərəncamına əsasən “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması istiqamətdə intensiv işlər görülür.
Tədbirdə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azərbaycan Respublikasının 2026-ci il üçün dövlət büdcəsi layihəsinə dair Palatanın rəyini açıqlayıb.
İclasda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev çıxış edərək vurğulayıb ki, Azərbaycan Prezidenti tərəfindən müəyyən edilən siyasətə uyğun olaraq, əhalinin sosial rifahının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi, hər bir vətəndaşımıza layiqli həyat səviyyəsinin təmin edilməsi məqsədilə geniş islahatlar proqramı həyata keçirilir.
Daha sonra səhiyyə naziri Teymur Musayev çıxış edib. O, qeyd edib ki, həyata keçirilən dövlət siyasətinin əsas məqsədi vətəndaşların sosial rifahının yüksəldilməsidir. Nazir vurğulayıb ki, sağlam vətəndaşlar ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Bu məqsədlə səhiyyə sektoruna ayrılan büdcə vəsaitləri ildən-ilə artır, səhiyyə infrastrukturu yenilənir və müasir çağırışlara uyğunlaşdırılır.
Bildirilib ki, 2026-cı il dövlət büdcəsində səhiyyə bölməsi üzrə xərclər ümumi büdcə xərclərinin 4,9 faizini təşkil edir. O cümlədən, 2026-cı il üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 274,5 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Nazir bildirib ki, 2026-cı ildə beş dövlət proqramı çərçivəsində Səhiyyə Nazirliyinə 91,1 milyon manat vəsait ayrılması planlaşdırılır. Qeyd olunub ki, “2023–2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı” üzrə maliyyələşmə əvvəlki illə müqayisədə 6 milyon manat və ya 21,1 faiz artmışdır.
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, uşaqların ən azı 90 faizinin peyvəndlə əhatə olunması hər bir ölkənin əsas səhiyyə göstəricilərindən biri sayılır. 2026-cı ilin sonunda ölkəmizdə bu göstəricinin 95 faizə çatdırılması nəzərdə tutulur.
Sonra iclasda çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov səhiyyə, sosial, xarici siyasət və ekologiya sahələrinə ayrılan vəsaitlərin həcminin artırılmasını ölkəmizdə aparılan uğurlu iqtisadi siyasətin nəticəsi kimi dəyərləndiriblər. Komitə sədrləri icbari tibbi sığortanın əhatə etdiyi müalicə, tibbi əməliyyat və dərman vasitələrinin sayının artırılması, Azərbaycanın sosial siyasət və xarici siyasət sahəsindəki uğurları və digər məsələlərlə bağlı fikirlərini bildiriblər, qeyd və təkliflərini səsləndiriblər.
Qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputatlar 2026-cı ilin dövlət büdcəsindəki artımları yüksək qiymətləndiriblər, bir sıra məsələlər barədə təkliflərini diqqətə çatdırıblar.
Sonra maliyyə naziri Sahil Babayev deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, onların suallarını cavablandırıb.
İclasda iştirak edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deputatların səsləndirdikləri fikirlərə münasibət bildirib, onların suallarını cavablandırıb. Zaur Əliyev ölkəmizdə ilkin səhiyyə xidmətinin inkişafı sahəsində görülən işlər, həyata keçirilən pilot layihələr, kəndlərdə tibb məntəqələrinin yenidən qurulması sahəsindəki tədbirlər, kadr təminatının tənzimlənməsi və digər məsələlər barədə iclas iştirakçılarına məlumat verib.
Sonra səhiyyə naziri Teymur Musayev səhiyyə sahəsi ilə bağlı qaldırılan məsələlərə münasibətini açıqlayıb.
Tədbirə yekun vuran Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov bu iclasda 2026-cı ilin dövlət büdcəsinin geniş müzakirə olunduğunu və büdcə layihəsi barədə dəyərli fikirlər səsləndirildiyini diqqətə çatdırıb.
İclasın sonunda “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasında birinci oxunuşda müzakirəyə tövsiyə olunub.



Xəbəri paylaş




Oktyabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova